Home / Diaspor / Belarusdan 500 milyon dollara aldığımız silah və hərbi texnikalar – ARAŞDIRMA

Belarusdan 500 milyon dollara aldığımız silah və hərbi texnikalar – ARAŞDIRMA

Belarus və Azərbaycan arasında uzun illərdir silah alveri davam edir. Silah sövdələşməsinin məbləği və müqavilələrin həcmi hərbi sirr olduğundan bir çox hallarda ictimaiyyətə açıqlanmır. Qeyri-rəsmi məlumatlara görə, Minsk Bakıya on il ərzində təqribən 500 milyon dollar dəyərində silah, hərbi təyinatlı texnika və avadanlıq satıb.

Tanklar briqadası

2005-ci ildə Bakı Minskdən 19 tank, 2006-cı ildə 41, 2012-cı ildə isə 62 ədəd Т-72 tankı alıb. Son illər texnikanın tədarükü barədə rəsmi məlumat yoxdur. Mətbuatda yayılan xəbərlərə əsasən, Belarus Azərbaycana 153 ədəd “Т-72” tank tədarük edib. T-72 tankları ekipaj üçün yaxşı müdafiəni təmin edir və uğurlu vəziyyətdə PTUR zərbəsinə tab gətirə bilir. Kalibri 125 millimetr, döyüş kütləsi 41 ton, ekipajı 3 nəfərdən ibarətdir. Bu, bütöv bir tank briqadası deməkdir.

Ağır artilleriya divizionu 

2008-2009 illərdə Belarus Azərbaycana 12 özüyeriyən artilleriya qurğusu (ÖAQ) “Pion” satıb. Bu, bütöv bir diviziondur. T-80 tankının şassisi üzərində yaradılıb, əsas silahı üzərində qurulmuş 203 mm-lik 2A44 topudur. Heyəti 7 nəfərdən ibarətdir. Nüvə sursatı daşıya bilir. Adi mərmilər ilə maksimal atəş məsafəsi 37.5 km təşkil edir. Silahın maksimal atəş məsafəsi 47.5 km, minimal atəş məsafəsi isə 8.4 km təşkil edir. Silahın maksimal atəş məsafəsini 55.5 km-ə qədər artırmaq olar. Qülləsinin qalxma bucağı 0-60° olan özüyeriyən artilleriyanın yanacaq tutumu 1280 litrdir.

6 diviziondan çox haubitsa 

2009 və 2012-ci illərdə Belarus Azərbaycana 122 mm kalibirlik 120 D-30 artilleriya qurğusu satıb. Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulub. Lafetin quruluşu dairəvidir. Haubitsa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürəti 80 km–dir. Onu 1,5−2,5 dəqiqəyə döyüş vəziyyətinə gətirmək olur. Qurğunun komplektinə müxtəlif döyüş sursatları daxildir. 2S1 Qvozdika özüyeriyən artilleriya qurğusunun topu D-30 haubitsası əsasında hazırlanıb.

Hücum eskadrilyası 

2009-ci ildən 2012-ci ilədək Belarus Azərbaycana 11 ədəd Su-25 hücum təyyarəsi tədarük edib. Su-25 döyüş təyyarəsinin müxtəlif variantları 40 ildən çox müddətdir ki, bir çox döyüş əməliyyatlarında aktiv istifadə olunur. Bu “uçan tank”ın pilotu 12,7 mm, ən təhlükəli istiqamətlər üzrə isə 30 millimetrə qədər kalibrli olan silahların istənilən növünün atəşindən tamamilə qorunur.

Zenit kompleksləri 

2007-ci ildə Azərbaycan “Osa-AKM” ZRK-sının “Osa-1T” səviyyəsinə qədər müasirləşdirilməsi üçün Belarusun “Tetraedr” müəssisəsi ilə müqavilə bağlayıb. Müasirləşdirmə üç il ərzində həyata keçirilib və bundan sonra “Osa-1T”nin xidmət müddəti daha 15 il uzadılıb. Azərbaycan, həmçinin “Buk-M1”in tam müasirləşdirilmiş “Buk-MB” ZRK-larını əldə edib. Bu silahlar 26 iyun 2013-cü ildə Bakıda keçirilən paradda nümayiş etdirilib. 2014-cü ilin sentyabrında isə Azərbaycanın Silahlı Qüvvələri “Buk-MB” ZRK-sının ikinci batalyonunu alıb.

Bundan başqa Belarus mütəxəssisləri “S-125 ZRK”-sının “Peçora-2T” səviyyəsinə qədər müasirləşdirməsində də iştirak ediblər. Dünya Silah Ticarətinin Analizi Mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycan Belarusdan “S-125-TM” “Peçora-2T”nin doqquz divizionunu (27 işəsalma qurğusu) alıb. Digər tərəfdən rəsmi Bakı Minskdən “ZRK T38” “Stilet”in iki batareyasını alıb. Bu ZRK beş dəqiqə ərzində atış üçün hazır vəziyyətə gətirilir və 48-ə qədər hədəfi aşkar edir. Maksimal məhvetmə məsafəsinin uzaqlığı 20, hündürlüyü isə 0,025-dən 10 kilometrə qədər təşkil edir.

Raket kompleksləri 

Hazırda Azərbaycana 10 “Polonez” raket kompleksinin çatdırıldığı məlumdur. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir.

RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Həmçinin Belarus və xarici mənbələr “Polonez”i Rusiyanın “İsgəndər” raketinə əsas rəqib göstərirlər. Belarus Azərbaycana 60 zirehli maşın BTR-70 və sayı açıqlanmayan miqdarda tank əleyhinə “Skif” kompleksləri də çatdırıb. Belarus Azərbaycan üçün həmçinin hərbi təyinatlı Belarus avtomobilləri MAZ 6317 və MAZ 5317-lərin quraşdırılmasını qaydaya salıb.(Azvision.az)

DiasporNews

Check Also

Kolumbiyalı jurnalistlərə Azərbaycan haqqında məlumat verilib

Azərbaycan Respublikasının Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu …