Home / Diaspor / Ermənistanın işğalçılıq siyasəti ABŞ mətbuatında

Ermənistanın işğalçılıq siyasəti ABŞ mətbuatında

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfəri fonunda Dağlıq Qarabağa münaqişəsi barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin yazdığı məqalə ABŞ-da geniş şəkildə oxunan, xüsusilə siyasi dairələrdə daim izlənən “The Daily Caller” qəzetinin oktyabrın 18-də işıq üzü görən sayında dərc olunub.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan DiasporNews-a verilən məlumata görə, “Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə olunacaq əsas məsələlərdən biri olduğunu qeyd edən baş konsul sözügedən münaqişənin regionda sülh və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayıb.

N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırıb və bu münaqişənin post-sovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirib. Müqayisə üçün N.Ağayev qeyd edib ki, işğal olunmuş ərazilərimizin sahəsi Los-Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir.

Baş konsul bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz hərbi işğalı hələ də davam edir. O, münaqişənin həllində ən əsas maneənin Ermənistanın işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxartmaqdan imtina etməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına imkan verməməsi olduğunu vurğulayıb.

N.Ağayev qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils də bu yaxınlarda Ermənistan mətbuatına verdiyi müsahibəsində münaqişənin həlli üçün, ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bildirib.

Baş konsul daha sonra Ermənistanın demoqrafik böhran yaşadığını, on minlərlə erməni gəncinin ölkəni tərk edərək xarici ölkələrə mühacirət etdiyini, bu xüsusda 1991-ci ildən bəri, təxminən, 1,5 milyon insanın Ermənistanı tərk etdiyini vurğulayıb. Ermənistanda yoxsulluq həddinin 30 faizə yaxınlaşdığını və bu göstəricinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğunu qeyd edən N.Ağayev BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı daha 1 milyon insanın tərk edəcəyini bildirib.

Baş konsul Ermənistandan fərqli olaraq, Azərbaycanın regionda ən güclü iqtisadiyyata sahib olduğunu, çoxlu sayda nəhəng enerji və qitələri birləşdirən nəqliyyat layihələrini gerçəkləşdirdiyini və qlobal enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyini yazıb. Bundan başqa o, ABŞ-ın regionda əsas strateji tərəfdaşı olan Azərbaycanın ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə və enerji mənbələrinin şaxələndirilməsi səylərinə güclü dəstək verdiyini qeyd edib. N.Ağayev həmçinin ölkəmizdə müsəlmanlar, xristiyanlar və yəhudilərin birgə sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Diplomat davamlı sülhün əldə olunması üçün Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə danışıqlarda iştirak etməli olduğunu bildirib.

Sonda N.Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh və anlaşmanın əldə olunması istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar: https://dailycaller.com/2018/10/18/nagorno-karabakh-lasting-peace/p

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600