Home / Lobbi fəaliyyəti / İtaliya mətbuatı Qarabağdan yazdı

İtaliya mətbuatı Qarabağdan yazdı

İtaliyanın aparıcı KİV-lərindən olan “L’Opinione” qəzetinin 7 yanvar 2019-cu il tarixli buraxılışında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasından bəhs edən müəllif Domeniko Letiziyanın “Dağlıq Qarabağ, ümid işığı” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, qərb mətbuatının laqeyidliyi fonunda, uzun illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli yeniliklər eşidilir:

Bakı şəhərində dekabr ayının ortalarında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilib. Qurultayda gənc azərbaycanlı diplomat Tural Gəncəliyev Birliyin sədri təyin edilib. O, icmanın bundan öncəki sədri 67 yaşlı Bayram Səfərovu əvəz edib. Sözügedən xəbər bölgənin yerli icmaları üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, münaqişənin həll olunması üçün yeni diplomatik mexanizmlər işə salına bilər.

Əslən qarabağlı olan Tural Gəncəliyev Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində dünyaya gəlib, uşaqlıq illərini məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyinin yaxınlığında keçirib. Bütün bunlar ona Şuşada, həmçinin də musiqi təhsili alması üçün ilham verib. 1992-ci ildə Şuşanın işğalından sonra o, Bakıya köçərək musiqi və orta məktəb təhsilini davam etdirib. Lakin peşəkar musiqiçi olmaq istəməyib, Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib. 2004-cü ildə diplomatik xidmətdə fəaliyyətə başlayan Tural Gəncəliyev ilk öncə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində, sonra isə Azərbaycanın Kanada və Çex Respublikasındakı səfirliklərində, habelə Xarici İşlər Nazirliyinin Amerika İdarəsində davam etdirib. Qeyri-hökumət təşkilatları və insan haqları sahələrində də təcrübəsi olan Tural Gəncəliyev 2017-ci ildə Avstriyada “İnsan Hüquqları və məcburi köçkünlər” adlı konfransda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasını təmsil edib.

“Mən 1992-ci ildən məcburi köçkünəm. Artıq yetər. Mən doğma Şuşama və uşaqlığımın keçdiyi evimizə qayıtmaq kimi ayrılmaz hüququmdan istifadə etmək istərdim”. Bu, Tural Gəncəliyevin Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri kimi ilk bəyanatıdır. O, öz Facebook səhifəsində Şuşada Ermənistan ordusu tərəfindən dağıdılmış musiqi məktəbinin dağıntılar altında olan fotolarını bölüşərək “Burada mən musiqi təhsilimi alarkən uşaqlıq illərimi keçirmişəm. Biz qayıdacayıq və Azərbaycanın dağıdılmış bütün irsini bərpa edəcəyik”, deyə bildirib.

“Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb. Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər. Ermənistan əhalisi bu ilin aprelində meydana çıxan kütləvi etiraz aksiyaları vasitəsilə Sarkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezmişdir”, deyə o ilk açıqlamalarından birində bildirib.

Gənc diplomatın əsas məqsədi Azərbaycan icmasının rolunu və tələblərini gücləndirmək, bölgənin erməni və azərbaycanlı icmalarının bərabər hüquqlarının təmin edilməsidir. “Danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunublar. Dağlıq Qarabağın Azərbaycan icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan münaqişənin ədalətli və davamlı həlli mümkün deyildir. Serj Sarkisyan rejimi hər bir vəchlə iki icma arasında dialoqun yaradılmasına maneə olurdu və buna imkan vermirdi. Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgə yaşayış təşviq olunmalıdır”, deyə o bildirib.

1988-ci ildə Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağa ərazi iddiaları qaldırmasından sonra bu iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə başlayıb. Müharibə nəticəsində Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20%-ni işğal edib. Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını tələb edən beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilmir. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına gənc təcrübəli diplomatın rəhbərlik etməsi o deməkdir ki, Azərbaycan bölgənin azərbaycanlı icmasının rolunu gücləndirməklə bölgənin erməni və azərbaycanlı icmalarının bərabər hüququnun təmin edilməsini istəyir. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində əsas kimi yalnız erməni icmasının mövqeyi götürülə bilməz.

Etnik təmizləmə nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalmış Azərbaycan icması Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etmək kimi qanuni hüquqa malikdir. Bu hüququ tanımadan münaqişənin ədalətli və hərtərəfli həllini təmin etmək mükün deyildir. Danışıqlarda Ermənistan həmişə Dağlıq Qarabağ ermənilərinin hüquqlarını vurğulayır. Bölgənin erməni icmasının hüquqları azərbaycanlı icmanın hüquqları hesabına təmin edilə bilməz. Bir insanın, bir etnik qrupun hüquqları digər insanın, digər bir etnik qrupun hüquqlarına xələl gətirərək təmin edilə bilməz. Bu, beynəxalq hüququn və insan haqlarının təməlidir.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …