Home / Manşet / Mariya Suvorovskaya: ”Mənim Azərbaycana olan sonsuz məhəbbətim doğmalarıma da keçib”

Mariya Suvorovskaya: ”Mənim Azərbaycana olan sonsuz məhəbbətim doğmalarıma da keçib”

Mariya Suvorovskaya iş adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin sonlarında onun Rusiyada “Xəzər üzərində yelləncək” kitabı nəşr olundu. Bu kitabın əks-sədası yalnız jurnalistin doğma ölkəsində deyil, həm də Azərbaycanda ürəklərdə yayıldı. Buyaxınlarda povest Azərbaycan dilində də nəşr ediləcək və elə Mariya Suvorovskayanın iştirakı ilə kitabın Bakıda təqdimatı olacaq. Mariya Suvorovskaya kitabı haqqında, eləcə də Azərbaycan sevgisi, ilham mənbələri və planları ilə bağlı “Palitra”ya müsahibə verib.

-Mariya xanım, bu ilin mart ayında Azərbaycanda səfərdə olubsunuz. Öncə, bu səfərinizlə bağlı təəssüratlarınızı bilmək istərdik…

– Şübhəsiz ki, Azərbaycana hər bir səfərim xoş təəssüratlar, işgüzar görüşlər və yeni tanışlıqlarla yadda qalır. Belə ki, Azərbaycana son səfərim də çox məhsuldar oldu. Birincisi, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüş keçirildi. Əli Həsənov bizim Azərbaycanla bağlı təşəbbüslərimizi dəstəklədi və yüksək qiymətləndirdi. Fürsətdən istifadə edib, səmimi qəbula görə Əli Həsənova təşəkkür edirəm.

Qərara gəldik ki, jurnalımızın “Dünya Biznes Bələdçisi. Azərbaycan” adlı xüsusi buraxılışını nəşr edək. Bu jurnal Azərbaycanın Rusiya və digər ölkələrlə olan işgüzar əməkdaşlığına həsr ediləcək. Görüşdə, həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluğa yönəldilmiş “Biznes Dialoq Media” təşkilatının humanitar layihələrinin davam etdirilməsi və inkişafı barədə razılığa gəlindi.

İkincisi, “Rossotrudniçestvo” ilə birlikdə Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirlən “Moskva-Bakı. Qadın baxışı” sərgisini açdıq. Bakıda Rusiyanın  İnformasiya və Mədəniyyət Mərkəzi bazasında təşkil olunan sərgidə gözəl, fəal, işğüzar və yaradıcı qadınları təqdim etdik. Bu qadınlar Azərbaycanda doğulsalar da Rusiyada müxtəlif sahələrdə çalışırlar. Bu sərgi “Moskva-Bakı” 2018 sərgisinin davamı idi.

Biz Bakıda Azərbaycan Yazıçılar Birliynin sədri Anar Rzayevlə də görüşdük. Çox səmimi görüş oldu. Onunla, mənim “Xəzər üzərində yelləncək” kitabımın Azərbaycan dilinə tərcüməsi barədə danışdıq. Yeri gəlmişkən, çox şadam ki, may ayında “Xəzər üzərində yelləncək” kitabımın Bakıda təqdimatını edəcəm.

Bakıda tanınmış müğənni Rüstəm Zeynallı ilə “Mən Bakı ilə nəfəs alıram” mahnısı üçün klip də çəkdirdik. Tezliklə, Azərbaycanın televiziya kanallarında bu klip yayımlanacaq. Bu mahnı Bakı, sevgi, saf və ülvi duyğular haqqındadır. Mart səfəri yeni layihələr, yeni üfüqlər və yeni planlar üçün böyük yol açdı. Ümid edirəm ki, bütün bunlar Rusiya ilə Azərbaycan arasında isti münasibətlərin inkişafına kömək edəcək.

– Dediniz ki, yaxın zamanlarda bizim ölkəyə növbəti səfərinizi planlayıbsız. Növbəti səfərinizin məqsədi nədir?

– Qeyd etdiyim kimi, may ayında Bakıda “Xəzər üzərində yelləncək” kitabının Azərbaycan dilində nəşrinin təqdimatını edəcəyik. Həmçinin ikinci bir klip çəkməyi planlaşdırırıq. Ümumiyyətlə, önümüzdəki səfərdə bir çox iş görüşmələri və təşəbbüslər var.

– “Xəzər üzərində yelləncək” kitabınız Azərbaycanda böyük maraqla qarşılanıb. Azərbaycan haqda növbəti kitab yazmağı düşünürsüzmü?

-Bəli. Bu ideyanı mənə Azərbaycanın Rusiyadakı səfirliyindəki ticarət nümayəndəsi Ruslan Əliyev verdi. O, indi Azərbaycan şərablarının bizim ölkəyə aktiv şəkildə eksportuna dəstək göstərir. Biz bilirk ki, Azərbaycanda yaxşı üzüm bağları, şərabçılıq var. Yeni əsərim həyat, insan, sevgi və şərabçılıq haqqında olacaq. Burada şərabın hazırlanması, şərabçılıq ənənələrindən də söhbət açılacaq. Hələlik, bütün sirləri açmayacağam, amma ümid edirəm ki, 2019-cu ilin sonuna qədər kitabı yazıb bitirəcəm.

-Ümumiyyətlə, Sizdə Azərbaycana qarşı xüsusi sevgi hiss olunur. Sanki Azərbaycanı bir azərbaycanlı kimi sevirsiz. Bu, nədən irəli gəlir?

– Moskvanın yaxınlığındakı Kolomna şəhərində mənim nənəm və babamın bir azərbaycanlı qonşusu var idi – Zinaida Samsonovna.  O, Vətənini – Bakını çox sevirdi. Zinaida Samsonovna, həmişə doğma şəhəri ilə bağlı tez-tez böyük sevgi ilə danışırdı.

Uzun müddət idi ki, mən də Bakını görmək istəyirdim. Və yeddi il əvvəl Bakıya ilk dəfə gəldim və mən də bu şəhəri sevdim… Sonradan həyata keçirmək istədiyim layihələr və təşəbbüslər məni təkrar Bakıya gətirdi. Bura ilə əlaqələrim hər il daha da güclənir. İndi isə mənim üçün Bakı, praktik olaraq, doğma şəhərdir. Mən Bakı haqqında yazmaq və oxumaq istəyirəm.

-Azərbaycana son səfərinizdə “Şeron” qrupunun bədii rəhbəri və solisti Rüstəm Zeynallı ilə birgə tanıtım klipi çəkmişdiz. Bu kliplə bağlı işlər tamamlanıbmı?

-Bəli, klip bugünlərdə hazır olacaq. Rüstəm ilə birlikdə çalışmaqdan çox məmnun oldum. O, sonsuz istedadlı və maraqlı musiqiçi, bəstəkar və müğənnidir. Həqiqətən, gözəl mahnı alındı. Bizim klip kiçik bir filmdir.

Rüstəm Zeynallıyavəklipin çəkilişlərində iştirak edənməşhur aktyor Bəhram Bağırova çox minnətdaram.

-Rusiyada Azərbaycanın təbliği ilə bağlı nə kimi planlarınız var?

– “Dünya Biznes Bələdçisi. Azərbaycan” jurnalı Azərbaycan oxucuları üçün nəşr olunacaq. Bundan əlavə, jurnal Rusiyada da paylanacaq. Ölkəmizin işgüzar dairələri  Azərbaycanla geniş əməkdaşlıq edirlər. Biz isə humanitar layihələri davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycanla bağlıkitab, klip və sərgilər bizim həyata keçirdiyimiz son ideyalar olmayacaq.

– Sizin ilham mənbəyiniz haradandır?

– Mənim ailəm, yaxın insanlarım – bunlar mənim ilham mənbəyimdir. Mən, həyat yoldaşım Konstantinə təşəkkür edirəm. O və mənim övladlarım işgüzar səfərlərimdə mənimlə olurlar, eləcə də bütün ideya və  arzularımı dəstəkləyirlər. Yeri gəlmişkən, mənim Azərbaycana olan sonsuz məhəbbətim  doğmalarıma  da keçib.

Fuad Hüseynzadə


Check Also

Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

“Dünya Azərbaycanlıları İttifaqının” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun” Prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Moskvada Azərbaycan …

160*600