Home / Manşet / “Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”

“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”

Laləndar Novruzova:“Bizi digər qürurlandıran hadisə isə festivalın jurnalında “Me Marelli” haqqında olan bölməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın milli geyimdə şəklinin olması oldu”
Xəbər verildiyi kimi, bugünlərdə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində- Çabaharda təşkil edilən 8-ci Fajr Beynəlxalq Moda və Geyim festivalı keçirilib. Festivalda ölkəmizi yeganə olaraq “Me Marelli” moda evinin həmsədri (digər sədr Məryəm Əliyevadır), “Mədəniyyətlərin təbliği və xalq yaradıcılığına dəstək” İctimai Birliyinin isə sədri Laləndar Novruzova təmsil edib. Laləndar Novruzova festivalla ilə bağlı öz təəssüratlarını özəl olaraq “Palitra”ya bildirib. Qeyd edək ki, Laləndar Novruzova Mədəniyyət Nazirliyinin təşkil etdiyi Respublika sərgilərində “Milli Qadın Geyim Dəsti” əsərləri ilə iştirak edib və Fəxri Fərmanlarla təltif olunub. “Me Marelli” isə 10 dekabr 2018-ci ildə Pulman Oteldə keçirilmiş “Wedding Fashion” yarışmasında ilin moda evi seçilib. Laləndar Novruzova və Məryəm Əliyeva Türkiyə, Rusiya və ABŞ-da moda sərgilərinin aktiv iştirakçıları olublar. Laləndar və Məryəm xanımlar peşəkar səviyyəni hər zaman artırmaq üçün mütəmadi olaraq beynəlxalq seminarlarda iştirak edirlər.
Hazırda Laləndar Novruzova Respublika İncəsənət Gimnaziyasının Təsviri sənət bölməsində müəllimə olaraq sənət və pedaqoji fəaliyyətini davam etdirir. Azərbaycan Rəssamlar İttifaqının və “Qadınlar Cəmiyyəti”nin aktiv və daimi üzvü və “Mədəniyyətin təbliği və xalq yaradıcılığına dəstək” ictimai birliyin sədridir. Məryəm Əliyeva isə Türkiyənin Beykent Universitetinin Tekstil, moda və dizayn fakültəsində təhsilini davam etdirir.
-Öncə festivalla bağlı təəssüratlarınızı bilmək istərdik.
– 13-17 fevralda İranın cənub-şərqindəki Sistan və Bəlucistan Əyalətində-Çabaharda təşkil edilən 8-ci Fajr Beynəlxalq Moda və Geyim festivalına Azərbaycanı təmsilən xüsusi dəvət aldıq. Fürsətdən istifadə edib İranın Azərbaycandakı səfirliyinə, o cümlədən İran Mədəniyyət Mərkəzinə bu dəvətə görə təşəkkür edirəm. 
Festivaldan çox razı qaldıq. Bizi çox böyük hörmətlə qarşıladılar. Festivalın təşkilatçılığı da çox gözəl idi. Bizə festivaldan əlavə gəzinti də təşkil edildi. Bölgənin gəzməli-görməli yerlərinə bizi apardılar. İranlıların əl işləri ilə də tanış olduq. Onların özlərinəməxsus maraqlı əl iləri var idi.
-Festivalda hansı ölkələr iştirak edirdi?
-8-ci Fajr Beynəlxalq Moda və Geyim festivalına 20 ölkə qatılmışdı. Beynəlxalq festivalda Azərbaycan, Kanada, İtaliya, Fransa, İspaniya, Çin, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Suriya, Oman, Tunis, İraq, Pakistan, Hindistan və digər ölkələrin təmsilçiləri iştirak edirdilər.
-Siz festivalda hansı formalı geyimlərimizi nümayiş etdirdiz?
– Festivalda həm müasir, həm də milli geyimlərimiz nümayiş olundu. Bu möhtəşəm festivalda “Me Marelli” komandası olaraq öz milli geyimlərimizlə Azərbaycanı layiqincə təmsil etdik. Azərbaycanımızı bu böyük beynəlxalq festivalda təmsil etdiyimiz üçün qürur hissi keçiririk. 
Bizi digər qürurlandıran hadisə isə festivalın jurnalında “Me Marelli” haqqında olan bölməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, hamımızın sevimlisi Leyla Əliyevanın milli geyimdə şəklinin olması oldu. Müasir və gənc Azərbaycan xanımları öz milli adət-ənənələrinə, dəyərlərinə, həmçinin milli geyim ənənəsinə hörmətlə yanaşır və bu ənənəni yaşadırlar. Bizi ilhamlandıran və ruhlandıran da məhz bu xüsusiyyətdir. Milli geyimlərimiz bizim sərvətimiz və tarixi yaddaşımızdır.
-Bizim geyimlərə orada maraq necə oldu?
– Milli geyimlərimizə maraq daha çox idi. Milli geyimlərimiz festivalda hər kəs tərəfindən çox bəyənildi. Əl işlərimizi çox sevdilər. Xüsusən milli geyimlər üzərində olan folklor tipli toxumalara böyük maraq oldu.

Check Also

Mariya Suvorovskayanın Azərbaycanla bağlı kitab və klipinin təqdimatı olub

Bakı Kitab Mərkəzində (Baku Book Center) tanınmış rus jurnalisti, Moskva Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü, …

160*600