Home / Diaspor / Putin İlham Əliyevə təşəkkür edib: “Bu, böyük töhfədir”

Putin İlham Əliyevə təşəkkür edib: “Bu, böyük töhfədir”

Bakıda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin müsbət inkişaf impulsunun və əvvəllər əldə olunmuş razılaşmaların qorunub saxlanmasının vacibliyini vurğulayıb.
Putin İlham Əliyevlə hələ Soçidəki görüşü zamanı Azərbaycanla Rusiya arasında iqtisadi, humanitar, hərbi və digər sahələrdə əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini vurğuladığını xatırladıb: “İndi sizin Rusiyaya səfəriniz zamanı qarşılıqlı münasibətlərimizə verilən müsbət impulsun və imzaladığımız sənədlərin qorunub saxlanması olduqca vacibdir”.

Bu gün Bakıda cüdo üzrə dünya çempionatını izləyən Putin mötəbər beynəlxalq yarışın yüksək və beynəlxalq standartlara uyğun səviyyədə təşkili üçün Azərbaycan prezidentinə təşəkkürünü bildirib. “Bu, dünyada idmanın inkişafı üçün verilən böyük töhfədir”, – deyə Putin vurğulayıb.

Prezident İlham Əliyev isə öz növbəsində IX Azərbaycan-Rusiya Regionlararası Forumuna rekord sayda iştirakçının qatılmasını diqqətə çatdıraraq, Rusiyanın Azərbaycan üçün vacib və dəyərli tərəfdaş olduğunu bildirib: “Düşünürəm ki, qarşıdakı illərdə biz əməkdaşlığımızı daha da genişləndirəcəyik”.

Daha sonra IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edən Vladimir Putin Azərbaycanda dövlət və cəmiyyət səviyyəsində rus dilinə verilən dəyər və dəstəyi yüksək qiymətləndirdiklərini bildirib: “Azərbaycan Respublikasında rus dilində təhsil verən 300-dən çox məktəb var. Bununla yanaşı, rus dilinə verilən dəstəkdə ən başlıca baza insanların ürəklərində və beyinlərindədir”.

Putin, həmçinin ölkələrimiz arasında humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verildiyini, elmi işçilər və tələbə mübadiləsi sayının artdığını, yüksək səviyyəli peşəkar kadrların hazırlığı üzrə birgə proqramların işlənib hazırlandığı və həyata keçirildiyini deyib. Bildirib ki, Azərbaycanla Rusiya arasında elm, mədəniyyət və təhsil sahəsində əlaqələri genişləndirmək və istənilən formada təşviq etməkdə niyyətlidirlər.

Rusiya prezidenti turizm sahəsində də ikitərəfli münasibətlərimizin inkişafının böyük perspektivə malik olduğunu bildirib. Putinin sözlərinə görə, Xəzər dənizi üzrə kruiz səyahətinin birgə inkişaf etdirilməsi planlaşdırılır.(Azvision.az)
DiasporNews 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600