Home / Diaspor / Rumıniyadakı səfirimiz etimadnaməsini prezidentə təqdim edib

Rumıniyadakı səfirimiz etimadnaməsini prezidentə təqdim edib

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov etimadnaməsini bu ölkənin Prezidenti Klaus-Verner Yohannisə təqdim edib. Mərasim Prezident iqamətgahında – Kotroçeni sarayında keçirilib.

Rəsmi hissədən sonra görüşdə Prezident Klaus-Verner Yohannis səfir H.Nəcəfovu təyinatı münasibətilə təbrik edib və onu Kotroçeni sarayında qəbul etməkdən məmnunluğunu bildirib.

Hüseyn Nəcəfov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırıb. Rumıniya Prezidenti Klaus-Verner Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə səfir Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayıb. Diplomat ölkəmizin Cənubi Qafqazda Rumıniyanın strateji tərəfdaşı olduğunu qeyd edib. İki ölkə arasında münasibətlərin dərin köklərə və əməkdaşlıq ənənələrinə əsaslandığını deyən səfir əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini bildirib.

Söhbət zamanı Azərbaycanın regionda Rumıniyanın etibarlı tərəfdaşı, bu ölkənin isə Avropa İttifaqında Azərbaycanın yaxın müttəfiqi olduğu vurğulanıb.

Diplomat 2019-cu ilin ilk yarısında Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı dövlət başçısını təbrik edib, sözügedən qurum çərçivəsində fəaliyyətində uğurlar arzulayıb. O, sədrlik müddətində Avropa İttifaqı ilə Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanması işinə Rumıniyanın töhfə və dəstək verəcəyinə əminliyini bildirib.

H.Nəcəfov Azərbaycan-Rumıniya münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. O, 2019-cu ildə iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının onuncu ildönümünün tamam olacağını qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub, ölkəmiz üçün həssas məsələ ilə bağlı Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının həmişə Rumıniya tərəfindən dəstəkləndiyi minnətdarlıqla bildirilib.

Ölkələrimiz arasındakı siyasi əlaqələri yüksək qiymətləndirən səfir iki ölkə arasında strateji tərəfdaşlıq zəminində iqtisadi əlaqələrin səviyyəsinin də siyasi münasibətlərinin kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında münasibətlərin dərinləşməsi istiqamətində gələcək fəaliyyətinin Rumıniya ilə qarşılıqlı dəstək, anlaşma və əməkdaşlıq meyarları əsasında həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Prezident Klaus-Verner Yohannis ümumilikdə iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi əlaqələrin inkişafı istiqamətində qarşılıqlı olaraq səylərin artırılmasının vacibliyi ilə bağlı səfirin fikirləri ilə razı olduğunu bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniyanın xarici siyasətinin dəyişməz olaraq qaldığını vurğulayıb.

Yekunda Rumıniya Prezidenti səfir Hüseyn Nəcəfova diplomatik fəaliyyətində uğurlar arzulayıb və bu istiqamətdə ona Rumıniya Prezident Administrasiyasının və hökumətinin yaxından dəstək olacağını bildirib.

DiasporNews

Check Also

Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi …

160*600