Home / Diaspor / Səfir Azərbaycan-İtaliya münasibətlərindən danışdı

Səfir Azərbaycan-İtaliya münasibətlərindən danışdı

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə videomüsahibə verib. Müsahibəsində 2018-ci ilin yekunlarından bəhs edən səfir cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələr barədə məlumat verib. Diplomat, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və TAP layihəsinə dair jurnalistin suallarını cavablandırıb.

Bu il ərzində iki ölkə arasında münasibətlərdə əldə olunmuş nəticələrdən məmnunluğunu bildirən diplomat yekunlaşmaqda olan ilin qarşılıqlı yüksək səviyyəli səfərlərlə yadda qaldığını, bu xüsusda İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, İtaliya Senatının sədri Maria Elisabetta Kasellatinin ölkəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərini qeyd edib. Bu səfərlərin iki ölkə arasında yüksək səviyyəli siyasi və institusional dialoqun davam etdirilməsi üçün əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadi əlaqələrdə də yüksək nəticələrin əldə edildiyini vurğulayan səfir cari il ərzində İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı olduğunu söyləyib. İqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün önəmli addımların atıldığı, bu xüsusda Prezident Sercio Mattarellanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İtaliya biznes forumunun keçirildiyini bildirib.

İl ərzində mədəniyyət sahəsində də sıx mübadilələrin aparıldığı, ölkəmizin mədəniyyətinin İtaliyada daha yaxından tanıdılması üçün çoxsaylı tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə bir sıra önəmli tədbirlərin, o cümlədən Romanın Müasir və Çağdaş İncəsənət Qalereyasında və İtaliya Prezidentinin Kuirinale Sarayında müvafiq tədbirlərin təşkil olunduğunu vurğulayıb.

Diplomat ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı və xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində səylərin davam etdiriləcəyini deyib.

Azərbaycanın çoxistiqamətli və tarazlı xarici siyasət yürütdüyünü bildirən M.Əhmədzadə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri olduğunu, Avropa İttifaqının bir sıra ölkələri, o cümlədən İtaliya ilə strateji tərəfdaşlıq haqda sənədlərin imzalandığı və qəbul olunduğu, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşı və sərmayədarlarından olduğunu bildirib.

Hazırda ölkəmizi Avropa ilə birləşdirəcək bir sıra strateji layihələr üzərində işlərin aparıldığını, Azərbaycanın önəmli coğrafi yerləşməsini nəzərə alaraq, bu layihələrin eləcə də Asiyanı Avropa ilə birləşdirəcəyini deyib.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan diplomat status-kvonun dəyişməsinin vacibliyini, bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalı olduğunu bildirib.

M.Əhmədzadə Cənub Qaz Dəhlizinin enerji mənbələrinin və təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP-in tikintisi üzrə işlərin davam etdiyini deyən diplomat işlərin nəzərdə tutulmuş cədvəl üzrə yekunlaşdırılmasının və qazın İtaliyaya 2020-ci ildə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Müsahibə, eləcə də İtaliyanın nüfuzlu “İl Sole 24 Ore”, “İl Foglio”, “İl Tempo”, “Quotidiano”, “Libero Quotidiano”, “Affari İtaliani”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Prealpina”, “Corriere di Siena”, “Corriere di Arrezzo”, “Corriere di Viterbo”, “Corriere dell’Umbria”, “Corriere di Rieti”, “Lettera43” kütləvi informasiya vasitələri tərəfindən də dərc olunub.

Videomüsahibəyə aşağıdakı link vasitəsilə baxmaq mümkündür:

http://www.askanews.it/video/2018/12/20/amb-azerbaigian-non-solo-gas-italia-per-noi-importante-partner-20181220_video_16312348/?fbclid=IwAR1kNdOk6uNOa-RZp7q7C8BoDM8qQ_2fy4u2BO-Ep7kT2W61ThAoNLzaHNU

DiasporNews

Check Also

İçimizdə bir birimizə qarşı hədsiz qısqanclıq var

Niyə isə ermənilərdən çox biz özümüz bir birimizə zərbə vurmağı sevirik. İçimizdə bir birimizə qarşı …

160*600