Home / Diaspor / “Surqut” hava limanına Fərman Salmanovun adı verilə bilər

“Surqut” hava limanına Fərman Salmanovun adı verilə bilər

Görkəmli Azərbaycan neftçisi, Qərbi Sibirdə neft yataqlarını kəşf etmiş Fərman Salmanov Rusiyanın iki şəhərində hava limanlarının adının seçilməsi üzrə sorğuda liderlik edir. Onun adının Xantı-Mansiysk muxtar dairəsinin Surqut və Nijnevartovsk şəhər aeroportlarına verilməsi təklif edilib. Nijnevartovskda F.Salmanov 17 mindən çox (52 faiz), Surqutda 34 mindən çox (62) səslə liderlik edir. Səsvermə noyabrın 30-dək davam edəcək. Əgər F.Salmanovun adı hər iki şəhərdə qalib gəlsə, ən çox səs yığmış aeroporta onun adı veriləcək. Digər şəhərdə qalibin müəyyən olunması üçün ikinci tur keçiriləcək.Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirib.

Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olub. 1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən Fərman Salmanov 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb. Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olub, 1992-ci ildən “Rospan İnternəşnl” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə “İtera” şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də “Yuqneftqaz” cəmiyyəti Direktorlar şurasının sədri işləyib.

Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxıb.

Fərman Salmanovun şəxsiyyətində tədqiqatçı alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil edib. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən alim 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynayıb.

Fərman Salmanovun ictimai xadim kimi fəaliyyəti zəngin və təqdirəlayiq idi. Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali məclislərinin deputatı olmuş Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə kömək göstərib, Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsində böyük əmək sərf edib. Fərman Salmanov neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir çox fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilib, müstəqil Azərbaycanın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülüb.

Görkəmli neftçi, mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanov 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat edib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …