Home / Diaspor / Tengiz Txilava: Erməni terroristə abidə qoyulması Azərbaycanla dostluğumuza zərbədir

Tengiz Txilava: Erməni terroristə abidə qoyulması Azərbaycanla dostluğumuza zərbədir

Axalkalaki rayonunun Buğaşen kəndində Gürcüstan dövləti və xalqı üçün heç bir xidmətləri olmayan, bizə dost və qardaş olan Azərbaycan xalqına qarşı döyüşən bir insana abidə qoymaq çox xoşagəlməz, iyrənc hadisədir.

Bu sözləri gürcü politoloq Tengiz Txilava söyləyib. Onun sözlərinə görə, xoşagəlməzlik heç də onun erməni olmasına və ya kiminsə antierməni baxışlarına görə deyil: “Gəlin əvvəlcə özümüzə sual verək. Bu adamın Gürcüstan dövləti qarşısında hansı xidmətləri olub ki, ona abidə ucaldılır? Onun Buğaşen kəndində anadan olması hər hansı xidmət demək deyil. Bir şəxsə hər hansı bir ölkədə abidə qoyulması üçün onun vətən uğrunda misilsiz xidmətləri olmalıdır”.

Politoloq deyib: “Tbilisidə hamı tərəfindən qəbul olunan aktyor Frunzik Mkrtçyana heykəl ucaldılıb və kimsə buna etiraz etmədi. Əminəm ki “Mimino” filmində onun rolunu hər kəs görüb, izləyib. Mikayel Avakyan isə separatçıdır. Onun Dağlıq Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı hərbi əməliyyatlarda iştirak etməsi ona Gürcüstanda heykəlin qoyulmasını imkansız edir”.

Mikayel Avakyanın Abxaziyada daxili xidmət orqanları sistemində çalışdığını və münaqişə zamanı kimin tərəfində olduğunu xatırladan politoloq deyib ki, bu cür terrorçulara abidə qoymaq həm daxildə sabitliyi pozmağa, həm də Gürcüstanın Azərbaycan ilə münasibətlərini pozmağa yönəlmiş addımdır.

T.Txilava bildirib ki, bizim ikitərəfli əlaqələrimizi pozmaq istəyən çoxsaylı qüvvələr var. Onlar təkcə Ermənistan tərəfindən deyil, digər dövlətlər tərəfindən də idarə olunurlar. Bizim Azərbaycan ilə dostluğumuzun inkişafı onları ciddi narahat edir. Ona görə də bütün mümkün vasitələrdən istifadə edərək dövlətlərimiz arasında münasibətləri pozmağa çalışırlar. Təəssüf ki, ermənilər də bu təxribatların aləti olurlar.

Politoloq hesab edir ki, bu cür hallara sərt cavab verilməli və kəskin etiraz olunmalıdır. “Biz əlimizdən gələni etməliyik ki, bu cür hallar Gürcüstanda bir daha baş verməsin”, – deyə T.Txilava vurğulayıb.(AzərTac)

DiasporNews

Check Also

Növbəti “Diaspor dərsi” 72 saylı orta məktəbdə keçiriləcək

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan …

160*600