Home / Diaspor / UNESCO-da erməni təxribatının qarşısı alındı

UNESCO-da erməni təxribatının qarşısı alındı

Mavrikinin paytaxtı Port Luisda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən DiasporNews-a verilən məlumata görə, noyabrın 26-dan dekabrın 1-dək davam edəcək toplantıda 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycanın “Çövkən- ənənəvi Qarabağ atüstü oyun ənənələrinə” dair 5 illik hesabat qəbul edilib.

Hesabatda Çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməsi nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapıb. Sənəddə vurğulanıb ki, müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlardan zorla qovulan azərbaycanlılar çövkən oyununu yaşatmağa çalışırlar və bu istiqamətdə dövlət icmaları dəstəkləyir.

İclasda Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi həmişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib.

Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT nizamnaməsinin və UNESCO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkədə çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapıb. Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etəməməyə çağırıb.

İclas zamanı həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.

Sessiyada Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə ölkənin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov və Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərovdan ibarət nümayəndə heyəti iştirak edir.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …