Home / Analitika / Eldəniz Səlimov: “Azərbaycan sabah “TANAP” adlı daha bir uğuruna imza atacaq” – MİLLƏT VƏKİLİ

Eldəniz Səlimov: “Azərbaycan sabah “TANAP” adlı daha bir uğuruna imza atacaq” – MİLLƏT VƏKİLİ

Azərbaycan daha bir uğuruna, daha bir iqtisadi inkişaf göstəricisinə imza atmağa hazırlaşır. Cəmi bir neçə gün öncə Cənub Qaz Dəhlizinin (CDQ) təntənəli açılış mərasimini keçirən dövlətimiz sabah TANAP layihəsinin möhtəşəm açılış törənini gerçəkləşdirəcək, daha doğrusu, dövlət başçımız qardaş Türkiyədə keçiriləcək açılışda işirak edəcək, ölkəmizin uğurları, nailiyyətləri sırasına daha biri əlavə olunacaq.

DiasporNews Etikxeber.az-a istinadən xəbər verir ki, bu sözləri öz açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili deyib ki,  TANAP Azərbaycan üçün, həmçinin, Avropa dövlətləri üçün də çox önəmli layihədir.

“Ona görə də bu layihəyə diqqət həddən artıq böyükdür. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” 20-ci əsrin müqaviləsi olduğu kimi, bu da 21-ci əsrin müqaviləsi, 21-ci əsrin müqavilələrindən biri sayıla bilər. Bu layihəyə qoyulan sərmayənin ümumi məbləği 40 milyard dollardır. 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kubmetrə yaxın qaz ixrac olunacaq. Bu kəmərə  hətta Türkmənistanın qoşulma ehtimalı var. Bununla bağlı danışıqlar da gedir ki, Xəzər dənizinin dibi vasitəsilə kəmər çəkilsin. Özü də Avropa dövlətləri üçün böyük əhəmiyyət kəsb edən bu layihəni ABŞ dövləti də müdafiə edir. Neft-qaz sərgisinə gələn qonaqlar da bu layihənin əhəmiyyətindən danışdılar. Əvvəllər bəzi dövlətlər, xüsusilə də Rusiya bu layihəni maneə sayırdı. İndi də müəyyən qədər bu mövqelər var. Çünki bu, Avropaya alternativ qaz layihəsi hesab olunmalıdır. Çünki hazırda Avropaya qazı əsasən Rusiya ixrac edir. Onlar istəyirlər ki, biz qazımızı Rusiya vasitəsilə bazara çıxaraq. Amma ölkə başçısı bütün təzyiqlərə, təkidlərə baxmayaraq, Gürcüstan-Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya çıxarılması ilə bağlı çox ciddi siyasi qərar verdi. Artıq kəmərin müəyyən hissəsi çəkilib, ciddi maliyyə problemləri yoxdur, yardımlar var, layihəni müdafiə edənlər həddən artıq çoxdur.

Bu, həm siyasi, həm iqtisadi cəhətdən Azərbaycan üçün önəmlidir. Birincisi, iqtisadi cəhətdən ölkəmizə əlavə dividentlər gətirəcək, Azərbaycanın iqtisadi mövqeyi daha da möhkəmlənəcək.  İkincisi də iri dövlətlər bu layihənin çəkilməsində maraqlıdır. Belə layihələr stabillik olan ölkələrdə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması daimi olması üçün belə layihələr böyük əhəmiyyət kəsb edir. “Əsrin müqaviləsi”ndən sonra 30-a yaxın layihələr reallaşıb və bu, davam edəcək. İndi qaz layihəsi, TANAP-TAP layihəsi reallaşdırılır. Sonra ola bilər digər layihələr də reallaşsın. Azərbaycan nəinki bölgə, hətta Avropa üçün nəqliyyat mərkəzinə çevrilir. Burada logistika mərkəzi yaradılır. Çox böyük işlər görülür. Ona görə də qısqanclıq çox böyükdür. Azərbaycanda olan inkişafı bir çox dövlətlərin, bəzi qonşuların gözü götürmür”-deyə, millət vəkili sözlərinə əlavə edib.

DiasporNews
Rəsul Məmmədov

Check Also

Konqres sədri: “Ukraynada seçkili orqanlarda azərbaycanlıların qələbəsini təmin etməyi hədəfləmişik”

“Ukraynada azərbaycanlılarla başqa millət nümayəndələri arasında bir qədər gərginlik yaranmışdı. Şükür elə oldu ki, qan tökülmədi, …