Home / Müsahibə / Misir telekanalı Azərbaycan səfirinin müsahibəsini yayıb

Misir telekanalı Azərbaycan səfirinin müsahibəsini yayıb

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 28 May – Respublika Günü münasibətilə ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib. Bu tədbirlər çərçivəsində səfir Tural Rzayev Misirin geniş auditoriyaya malik nüfuzlu “CBC Extra” kanalına müsahibə verib.

DiasporNews AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə səfir Tural Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi haqqında geniş məlumat verib. Diplomat 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, cəmi iki ilə yaxın yaşamış respublikanın zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkənin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını vurğulayıb.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın böyük çətinliklərlə qarşılaşdığını deyən diplomat ölkənin daxildən və xaricdən təzyiqlərlə üzləşdiyini, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib. Qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra ölkədə müsbət dəyişikliklər başlanıb. Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində qısa zamanda dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan ilə atəşkəsin əldə olunduğunu bildirib, Ümummilli Lider tərəfindən milli enerji strategiyasının işlənib hazırlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə dünyanın nəhəng neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalanıb.

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləyən T.Rzayev respublikanın regionda turizm məkanına çevrildiyini, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə viza rejiminin sadələşdirildiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib.

Səfir T.Rzayev, həmçinin Misir ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrə toxunub.

DiasporNews

Check Also

Billura Bernard: Afrika fürsətlər qitəsidir və ölkəmiz öz xarici siyasətində Afrikanın fürsətlərindən istifadə etmə şansını qaçırmamalıdır

DiasporNews olaraq başlatdığımız layihəmiz uğurla davam edir. Layihəmiz boyunca aldığımız silsilə müsahibələri ilk dəfə oxuyanlar üçün …