Bu gün Hollandiyada yaşayan vətənpərvər soydaşımız, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun 50 illik yubileyidir. Vüqar Abbasov davranış və yazıları, eləcə də çıxışları ilə artıq xaricdə də özünü jurnalist kimi təsdiq edib. Çünki yaşadığı ölkədə bir jurnalist olaraq əcnəbi həmkarları ondan mövqe öyrənir, redaksiyalarına qonaq kimi dəvət edib görüşlər keçirirlər. Bunu həmkarımız uzun illər Hollandiyada həm də jurnalist fəaliyyəti ilə qazanıb. Elə bu əməyinin nəticəsidir ki, onun adı Avropa Xəbər Agentliyinin 30 ən yaxşı jurnalisti (Top 30 ENA-journalisten) siyahısına salınıb.
Vüqar Abbasov hər zaman ölçülü, biçili: keçmişi və gələcəyi düşünərək yazır. Bu baxımdan klassiklərimiz kimi, onun yazıları və fikirləri də hər zaman aktualdır. Məhz bunları nəzərə alaraq Vüqar Abbasovun 2014-cü ilin martın 3-də dərc edilən müsahibəsini yenidən yayımlayırıq.
“İmkan olduqca ölkəmiz barədə Niderlandda məlumat verməyə çalışmışam”
Müasir dövrdə diasporun əsas işi, mübarizəsi informasiya müharibəsi müstəvisinə keçib. Artıq, diasporların apardığı müharibə hegemon dövlətlərin apardığı “soyuq müharibə”ni geridə qoyub. Hollandiyada yaşayan həmkarımız Vüqar Abbasov da bu müharibənin ən fəal iştirakçılarındandır. Onu diasporumuzun öz qələmi ilə düşmənlə müharibə edən uzaqvuran artilleriyasına bənzətmək olar. Qeyd edək ki, V. Abbasov 1974-cü ildə anadan olub. Orta məktəbi bitirəndən sonra Qərb Universitetində Politologiya ixtisası üzrə təhsil alıb. 1993-2008 -ci illərdə iş yeri Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti olub. 2008- ci ildən Niderland Krallığında yaşayır. Azərbaycan və Niderland Jurnalistlər birliklərinin üzvüdür. Niderlandda ikinci təhsil alır və Niderland Qaçqınlarla İş İdarəsində hüquq məsləhətçisi işləyir. Ailəlidir. Məryəm və Elman adlı iki övladı var.
-Sizcə, bu gün Azərbaycan-Niderland münasibətləri hansı səviyyədədir?
– Bilirsiniz ki, bugünlərdə Niderlandın xarici işlər naziri cənab Timmermans Azərbaycanda işgüzar səfərdə olub. Bundan öncə də bu səpkili qarşılıqlı səfərlərin şahidi olmuşuq. Eləcə də Azərbaycan parlamentində Azərbaycan-Niderland Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir və bu qrupun rəhbəri millət vəkili Adil Əliyev də bir neçə dəfə Niderlanda səfər edib. Onu da bilirsiniz ki, Niderlandda Azərbaycan səfirliyi də fəaliyyət göstərməkdədir.
– Bir jurnalist olaraq Azərbaycan həqiqətlərini Hollandiya KİV-ində yaya bilirsinizmi?
– Bütün bunlar o qədər də asan deyil. Mənim Niderland siyasətçiləri-istər Niderland parlamentinin (ikinci kamer), istərsə də Niderlanddan seçilmiş Avropa Parlamentinin üzvləri ilə görüşlərim olub. Onlardan həm Azərbaycan, həm də Niderland mətbuatı üçün müsahibələr almışam. Bundan başqa yerli mətbuatda da imkan olduqca yazılarla çıxış etmişəm. Həmçinin Niderland mətbuatında bir neçə müsahibəm gedib. İmkan olduqca ölkəmiz barədə məlumat verməyə çalışmışam. Bir vaxtlar mən Niderland parlamentində jurnalist kimi qeydiyyatdan keçmək üçün müraciət etmişdim və mənə cavab da verilmişdi. Sonradan bəzi məqamları nəzərə alaraq bundan imtina etdim. Ancaq Niderland mətbuatını gündəlik izləməyə çalışıram və ölkəmizin əleyhinə, qərəzli yazılar görəndə mütləq buna reaksiya verir, onlara elektron məktub göndərirəm. Son dövrlərdə yerli siyasət adamları ilə görüşlər keçirməsəm də onların elektron ünvanlarına imkan olduqca məktublar göndərməkdə davam edirəm. Yerli mətbuat nümayəndələrinin bəziləri ilə şəxsi əlaqələrim də var. Hətta onların özlərinə belə razılaşmadığım məqamları, imkan olarsa Azərbaycana səfər etmələrini və bir də bizim qaçqınlarla, Qarabağdan, öz Vətənimizdən qovulmuş azərbaycanlılarla yerindəcə söhbət etmələrini deyirəm. Hər halda, edə biləcəklərim hələlik bunlardır və edirəm.
-Etiraf edək ki, xaricdə yaşayan, ölkəmizin haqq səsini yayan azərbaycanlı jurnalistlərin sayı və fəaliyyəti heç də yetərincə deyil.
– Bilirsiniz, onsuz da həyatda bəzi şeylər heç də həmişə yetərli olmur. Məsələn, pul, var-dövlət və s. (gülümsünür). Müqayisə düzgün olmasa da, bura xaricdə yaşayan azərbaycanlı jurnalistləri də daxil etmək olar, onlar da çox deyillər. Ancaq bildiyim qədər müxtəlif ölkələrdə yaşayan jurnalist həmvətənlərimizə rast gəlmək mümkündür, o cümlədən Niderlandda da var. Ancaq kimin nə iş görüb-görməməyi ayrı mövzunun söhbətidir.
– Qərbdən necə görünür, sizcə, Azərbaycan jurnalistikası öz funksiyalarını yetərincə yerinə yetirə bilirmi?
– Azərbaycanda yetərincə savadlı jurnalistlərimiz var ki, onların yazılarını oxumaqdan zövq alırsan. Fürsətdən istifadə edib bəzi məqamlara toxunmaq istəyirəm. Xaricdə yaşayanların Azərbaycan televiziyalarına baxmağa çox ehtiyacları var, xüsusən uşaqların. Mən şəxsən çalışıram ki, övladlarım dilimizi, adət-ənənələrimizi unutmasınlar və televiziyalar bunun üçün ən yaxşı vasitə ola bilərlər. Ancaq təəssüf ki, nəinki uşaqlar, mənim özümün belə baxa biləcəyim çox az verilişlər var. Demək olar ki, televiziyalarımızda maarifləndirici verilişlərdən əsər-əlamət belə, yoxdur. Bütün günü şou proqramlar verilir, bütün verilişlərdə toy müğənniləri iştirak edirlər.
Yeri gəlmişkən, bir şeyi də qeyd etmək istəyirəm. Bugünlərdə mətbuatdan oxudum ki, Azərbaycanda bir neçə jurnalist yığışaraq yeni birlik- Diaspor Jurnalistləri Birliyi (DJB) yaradıblar. Onların içərisində mənim hörmət etdiyim jurnalist dostlarımın da adına rast gəldim. Şəxsən mənim sizlərin dəstəyinə ehtiyacım var. Belə ki, arada elə məlumatlar lazım olur ki, onu öyrənməkdə çətinlik çəkirsən. Bu və digər məsələlərdə əməkdaşlıq etməmizin ümumi işlərin xeyrinə olacağı qənaətindəyəm.
– Azərbaycan diasporunun ictimai-siyasi aktivliyini artırmaq üçün hansı addımların atılmasına ehtiyac var?
– Bizləri tənqid etmənizə ehtiyacımız var. Təriflədikcə arxayınlaşırıq. Tənqid edin bizləri, obyektiv tənqid. Təəssüf ki, bəzən jurnalist dostlarımız tənqidlə təhqiri səhv salırlar. Ancaq məndən, ayrı-ayrı adamlardan daha çox təşkilatların tənqidə ehtiyacları var. Bu o anlama gəlməməlidir ki, görülən, görüləcək işləri qeyd etməmək lazımdır. Qətiyyən, bütün görülmüş işləri qiymətləndirməliyik. Əks halda adam gerçəkdən həvəsdən düşər. Onsuz da bir çoxlarımızın, təşkilatların gördükləri işlərin müqabilində qazancları yalnızca təşəkkür olur. Şəxsən mən bu günə qədər, əgər az da olsa bir şey edə bilmişəmsə hamısını öz hesabıma etmişəm.
– Niderlanddakı milli dərnəklərimizin birliyi hansı səviyyədədir?
– Mən hansısa koordinasiyanın olmasından məlumatsızam. Təşkilatlarımız arasında um-küsü çoxdur. Mən belə düşünürəm ki, xaricdə yaşayan bizlər bir-birimizə dost olmasaq da, düşmənçilik də etməli deyilik. Bir-birinlə əməkdaşlıq etməyə bilərsən. Ancaq bu o anlama gəlmir ki, ümumi məqsədi bir kənara qoyub gücümüzü bir-birimizlə mübarizəyə həsr edək. Bəzən təşkilatlar arasındakı gərgin münasibətlər insanlarımıza da təsirsiz ötüşmür. Hərdən eyni regionda, eyni məsələ ilə bağlı bir neçə təşkilat ard-arda müxtəlif günlərdə tədbirlər keçirirlər. İnsanlarımız bunların hansına qatılıb-qatılmayacaqlarına qərar verməkdə çətinlik çəkirlər.
“Diaspornews.az” olaraq Vüqar Abbasovu 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!