05 oktyabr 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərinin Křížovnické náměstí (“Xaçlı Meydanı”) meydanında «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» layihəsi çərçivəsində sərgi keçirilmişdir.
Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev sərginin məqsədinin deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaq, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etmək olduğunu qeyd edib. Ağayev bildirib ki, layihənin əsas hədəfi qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməkdən ibarətdir.
Sərgidə deportasiya ilə bağlı ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendləri, kitab və kitabçalar nümayiş olunmuşdur. Xüsusilə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadənin illərlə qoruyub saxladığı Qərbi Azərbaycanla bağlı sərgi materialları böyük maraqla qarşılanmışdır. Həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanovun kitabları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqətlə izlənilmişdir.
Sərgini ziyarət edən qonaqlar arasında “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – ‘Dünyanın Xalqları Alyansı’”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, onun dostu – Çexiyanın 2022–2023-cü illərdə Təhsil naziri olmuş Vladimír Balaš, həmçinin Çexiya parlamentinin keçmiş senatı üzvü Marcel Chládek də iştirak etmişlər.
Tədbirin keçirilməsində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni yaxından iştirak etmişdir. Həmçinin Çexiyada fəaliyyət göstərən “Land of Fire” diaspora təşkilatının təsisçisi və Azərbaycan Diasporasının Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev və diaspora fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər layihənin daha faydalı və səmərəli həyata keçirilməsi üçün fəal dəstək göstərmişlər.
Sərgi zamanı maraqlı bir məqam da yaşanmışdır. Özlərini turist kimi təqdim edən iki erməni sərgiyə xüsusi maraq göstərmiş, fürsətdən istifadə edərək sərgini izləməyə gələn qonaqlara Azərbaycan və xüsusilə Qərbi Azərbaycan haqqında yalan məlumatlar verməyə çalışmışlar. Onlar Qərbi Azərbaycanın guya ermənilərə məxsus olduğunu və guya Dağlıq Qarabağdan “öz torpaqlarından” qovulduqlarını bildirmişlər. Lakin onların bu cəhdlərinin qarşısı Beynəlxalq Diaspora Mərkəzinin fəalları və soydaşlarımız tərəfindən qətiyyətlə alınmışdır.
Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən sərgi uğurla yekunlaşmış, iştirakçılarla xatirə şəkilləri çəkilmişdir.
Layihə çərçivəsində görüşlər və tədbirlər növbəti günlərdə də davam etdiriləcəkdir.