Kremldə Ermənistanın baş naziri Nikol Paşinyan əsassız iddiaları və Prezident İlham Əliyevdən aldığı sərt cavablarla gülünc duruma düşüb
Azərbaycan tərəfi hər zaman bütün diplomatik gedişlərdə Ermənistanla sülüh prosesinin irəliməsinə doğru addımlar atır. Vasitəçilər də bu baxımdan hər zaman aparıcı rola olaraq Azərbaycanın mövqeyini əsas tuturlar. Ermənistanın isə sülhə maneəçilik yaratması istiqamətindəki addımları vasitəçiləri hər dəfə çap-baş salır. Ermənistan baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında əsassız iddiaları ilə yenə də iştirakçılarda heç də təəccüb doğurmayan çıxış edib. Görünür, Paşinyanın dəhliz qorxusu var. Prezident İlham Əliyevin iclasdakı çıxışında “Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir” fikirləri ondan ciddi narahatçılıq yaradıb. Buna görə də heç bir siyasi və diplomatik etikaya sığmayacaq şəkildə sanki Rusiya Federasiyasının Prezident Vladimir Putinə gileylənirmiş kimi çıxış edib. Əslində, erməni baş nazir belə bir replikaları ilə bir daha diplomatik savadsızlığını və beynəlxalq terminologiyadan xəbəsiz olduğunu göstərib. Prezident İlham Əliyev Paşinyana verdiyi cərt cavablarla bir daha ona diplomatik dərs keçib: “Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır”. Cənab Prezident çıxışında Paşinyana sanki bir müəllim olaraq terminologiyadan da danışıb: ““Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Bir vaxtlar Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanı Qarabağı Azərbaycan ərazisi kimi tanımaqda ittiham edirdi. O, bunun Ermənistanın maraqlarına zidd olduğunu vurğulayırdı. Erməni baş nazir, həmçinin Rusiyanın sülh prosesini pozmağa çalışmasını da qeyd edirdi. Amma indi görünür ki, Paşinyan bütün dediklərində yanılıb. Əvvəla, son Brüssel görüşündə Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiqlədi. Ayrıca Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə ikitərəfli və üçtərəfli görüşlər bir daha göstərdi ki, Rusiya sülhün əldə olunmasında maraqlıdır. Putinin təbiri ilə desək, texniki məsələlər qalıb: “Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır”. Brüssel görüşündən sonra Moskvada keçirilən görüşlər nizamlanma porsesinin sürətlənməsi üçün geniş imkan yaradıb. Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə bu haqda danışaraq Ermənistan rəhbərliyinin sülhü yaxınlaşdıran önəmli etiraflar etdiyini bildirib: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq”. Demək, verilən bəyanatlar prosesi sülhün yaranmasına doğru aparır. Lakin Brüssel görüşündən sonra Paşınyan artıq sıxışmış durumdadır. Oradakı bəyanatlarda haqlı etirafları Ermənistan xalqı və erməni lobbisi tərəfindən etirazla qarşılanıb. O, Moskvada sanki erməni xalqı qarşısında öz “səhfini” düzəldirmiş kimi cəsarətli addım atmaq istəyib. Amma əksinə, əsassız iddiaları və Prezident İlham Əliyevdən aldığı cavablarla daha da gülünc vəziyyətə düşüb. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasının iştirakçlarının, xüsusən Prezident İlham Əliyevin ironik gülüşündən aydın görünürdü ki, Paşinyan yersiz və haqsız danışır.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor