Tərlan Qasımov: “1 sentyabr seçkiləri növbəti illərdə bizim milli hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edəcək”
“Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı müsahibəsini təqdim edirik.
-Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin həm Azərbaycan, həm də regional siyasət üçün əhəmiyyəti nədən ibarətdir?
-Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi ilk dəfə parlament seçkilərinə gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz buna görə də sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər beynəlxal təşkilatların, seçki insitutlarının eləcə də bütün dünya azərbaycanlılarının diqqət mərkəzindədir.
Milli Məclisə növbədənkənar seçkilərin həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyəti var və bunu bir neçə aspektdə qiymətləndirmək lazımdır. Daxili siyasət baxımından seçkilər dövlət idarəetmə sistemində islahatlar və modernləşmə prosesinin davam etdirilməsini simvolizə edir. Yeni qanunverici orqanın formalaşması cəmiyyətin dəyişən tələblərinə uyğunlaşmaq, siyasi və iqtisadi islahatları həyata keçirmək üçün platforma yaradır.
Seçkilər demokratik proseslərin güclənməsinin göstəricisidir və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu, həm də siyasi qüvvələr arasında dialoqun və əməkdaşlığın gücləndirilməsinə şərait yaradır. Yeni liderlər nəslinin yaranmasına, gənc və enerjili siyasətçilərə yeni ideyaların ortaya çıxmasına imkan yaradır. Bu, ölkədə siyasi rəqabəti artırır və idarəetmə prosesini daha səmərəli edir.Ümumiyyətlə beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində müasir dövrə uyğun daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir.
– Azərbaycan ilk dəfədir ki, parlament seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Bu məqamı Siz necə şərh edərdiniz? Bununla bağlı sizin mövqeyinizi bilmək istərdik?
-Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi yeni tarixi dövrdə cəmiyyətin yeniləşdirilməsinə və daha genişmiqyaslı islahatların həyata keçirilməsinə xidmət edir. Şübhəsiz ki, Azərbaycan Respublikasının Milli Məclisinə VII çağırış üzrə seçkilər hər zaman olduğu kimi, demokratik mübarizə şəraitində keçəcək, ölkəmizdə müasir inkişafın yeni mərhələsinə çatmaq üçün siyasi-ideoloji zəmin hazırlayacaq, ali qanunverici orqanın irəliyə doğru inkişafına daha yüksək səviyyədə xidmət edəcəkdir. Bütövlükdə VII çağırış üzrə Milli Məclisə keçiriləcək seçkilər müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi yollarında dönmədən və qətiyyətlə mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və məqsədyönlü siyasətin gerçəkləşməsinə özünün layiqli töhfəsini verəcəkdir.
Eyni zamanda, bu seçkilər növbəti illərdə bizim milli hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Məlumdur ki, ölkəmizi qarşıda bir sıra qlobal səviyyəli tədbirlər gözləyir. Artıq Azərbaycan dünya birliyində mühüm əhəmiyyətli tədbirlərin insidentsiz, uğurla həyata keçirməsi ilə tanınır. Son illər hətta işğaldan azad edilmiş ərazilərimizdə də beynəlxalq əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin bu sahədə böyük təcrübəyə malik olmasından xəbər verir.
Ümid edirik ki, Azərbaycanın bütün ərazisini əhatə edəcək növbədənkənar parlament seçkiləri də prezident seçkilərində olduğu kimi, azad və şəffaflığına, demokratikliyinə və mütəşəkkiliyinə görə beynəlxalq aləmin diqqət mərkəzində olacaq.
-Xüsusilə Azərbaycanın gələcəyi, siyasi mənzərəsi və iqtisadi inkişafı üçün bu seçkilərin vacibliyi barədə nə deyə bilərsiniz?
-Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər həm ölkəmizin daxili siyasəti, həm də bütün region üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan daxilində bu seçkilər siyasi institutların müasirləşdirilməsi və yenilənməsi, demokratiyanın möhkəmləndirilməsi və hər bir vətəndaşın söz sahibi olması istiqamətində mühüm addımdır. Sözsüz ki, Azərbaycan bu seçkini keçirməklə regional səviyyədə demokratik dəyərlərə sadiqliyini bir daha təsdiq edib, digər ölkələrə nümunə olduğunu nümayiş etdirmək fürsəti qazanıb. Bununla da Azərbaycan tərəqqinin və inkişafın yalnız fikir plüiarizmi və dialoq şəraitində mümkün olduğunu bütün dünyaya göstərmiş olacaq. Bu seçkilər həm də regionda mədəni mübadilə və əməkdaşlıq üçün əsas olan sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayır.
– Azərbaycanın seçki təcrübəsini, demokratik seçki ənənələrini necə qiymətləndirirsiniz?
-Birmənalı olaraq deyə bilərəm ki, bu sualı ən mükəmməl cavabı dövlətimizin başçısı İlham Əliyev “Kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”məşhur kəlamı ilə verib.
Şübhəsiz ki, son onilliklərdə Azərbaycanda seçki sistemi daha da təkmilləşdirilib və dövlət başçısının da söylədiyi kimi, qazandığımız seçki təcrübəsi bir çox ölkələr üçün nümunə ola bilər. Son 31 ildə Azərbaycan azad, ədalətli, şəffaf seçkilər keçirməklə dünyaya ölkəmizin demokratik dəyərlərə sadiqliyini nümayiş etdirib.
Azərbaycan hakimiyyəti demokratik seçkilərin keçirilməsi üçün nüfuzlu beynəlxalq təşkilatlarla daim əməkdaşlıq edib və proses bu gün də davam edir. Belə ki, ölkəmizdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı üçün dəvət məktubları göndərilir. Seçkilərdə iştirak edən beynəlxalq müşahidəçilər isə həm seçkiöncəsi mühit, həm də seçki günü şahidlik etdikləri prosesləri hesabatlarında əks etdirirlər.
Sentyabrın 1-də ölkəmizin müstəqillik dövründə sayca 7-ci parlament seçkiləri keçiriləcək. Əgər səhv etmirəmsə Milli Məclisə seçkilərlə əlaqədar hələlik 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçi qeydə alınıb. MSK-nın son iclasında sədr Məzahir Pənahov bildirib ki, seçkilərlə əlaqədar yerli müşahidəçilərin sayı 50 min 699 nəfərdir (bu say hər gün artır). Müşahidəçilərdən 5831 nəfəri Mərkəzi Seçki Komissiyasında, 44 min 868-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçiblər. Göründüy kimi bu çox böyük rəqəmdir.
Onu da deyək ki, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli tədqiqat növü hesab olunan “exit-poll” da keçiriləcək. Hər kəsə bəllidir ki, anonim keçirilən bu sorğu prosesi kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə son illərdə bu sistem uğurla tətbiq olunur.
Növbədənkənar parlament seçkilərində də “exit-poll” keçirəcək təşkilatlar artıq müəyyənləşdirilib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası ABŞ-dən olan tərəfdaşı (ORACLE ADVISORY GROUP) ilə birlikdə, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə “exit-poll” həyata keçirəcəklər.
Seçkilərlə əlaqədar 46 ölkədən ümumilikdə 267 beynəlxalq müşahidəçinin parlament seçkilərini izləyəcəyi onu deməyə əsas verir ki, bu dəfə də seçkilərə böyük maraq var. Gerçəkləşdirilən çoxsaylı irimiqyaslı layihələr onu göstərir ki, seçkilər tam demokratik, ədalətli və şəffaf keçiriləcək. Seçicilər onlar üçün yaradılmış geniş imkanlardan səmərəli istifadə edərək azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdıracaqlar. İnanıram ki, sentyabrın 1 -də keçiriləcək Parlament seçkiləri Azərbaycanın demokratik seçki prosesinin növbəti təntənəsi olacaq.