image-2000x150
image-whatsapp-image-2023-08-28-at-114947jpeg-1693209282backend

Türk iş adamı Ali Şayir: “Azərbaycan üçün çəkdiyim həsrət sona çatdı…” – MÜSAHİBƏ

image-768x150

O, vaxtilə Qarabağdan Türkiyənin Qars vilayətinə köç edən İlyas kişinin nəslindəndir. Azərbaycan əsilli Əli Şayir bəy hazırda qardaş Türkiyədə iş adamıdır. Müsahibimiz babalarının onlara miras qoyduğu Azərbaycan Türkiyə qardaşlığına da cani könüldən bağlıdır. Azərbaycana ilk səfərində də öz doğma vətənində olduğunu iliklərinə qədər hiss etdiyini deyir.

Kanal 20 TV Azərbaycanda işgüzar səfərdə olan Türkiyəli iş adamı Əli Şayirlə müsahibəni təqdim edir:

 – Əli Şayir bəy baba yurduna xoş gəlmisiniz. Özünüz haqda qısa da olsa məlumat verin oxucularımız sizi tanısın

– Ulu babam İlyas Azərbaycandan – Qarabağdan Türkiyənin Qars vilayətinə köç edib. İndiyə kimi Azərbaycanla can bağımızı saxlamışıq. İlk dəfədir Azərbaycana səfərə gəlirəm. Burada nənələrimiz, babalarımızın danışdığı gözəlliklərin şahidi oluram. Hazırda İstanbulda bizneslə məşğulam. 30 ildir “Turkcell” rəsmi dilerin rəhbəriyəm. Bundan başqa inşaat firmam var.  Qarsda bir otel inşa etdirmişəm, Boluda sağlamlıq turizmi ilə bağlı məkanın tikintisi davam edir. Bakı bizim üçün ana vətəndir. Bakı bizim üçün Azərbaycandır. Azərbaycan isə bizim üçün candır.

– Dediyiniz kimi bu, sizin dədə-baba yurdu Azərbaycana ilk səfərinizdir. İlk gəlişiniz sizdə necə təəssürat yaratdı? Odlar yurduna ayaq basdığınızda hansı hissləri, hansı duyğuları yaşadınız?

– Bəli, Azərbaycana ilk səfərimdir. Bakı biletini aldığımda sanki atamın evinə gedirmiş kimi təyyarəyə minənədək həyəcan yaşadım. Bura çatanda da gördüyüm insanlardan öz evimdə kimi hiss etdirən münasibəti gördüm. Azərbaycan candır, bura üçün çəkdiyim həsrət sona çatdı.

-Bildiyim qədərilə Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) vasitəçiliyi və təşəbbüsü ilə Bakıya gəlmisiz. Burada bir çox rəsmi və qeyri-rəsmi görüşlər keçirmisiniz. Görüşlərin nəticəsində bir iş adamı olaraq Azərbaycanda hər hansı sahəyə investisiya yatırmağı düşünürsünüzmü?

– Biz Aygün Attar və baş katibimiz Kamil bəylə bərabər Bakıya gəlməyi planlaşdırdıq. Buranın coğrafiyası ilə tanış olduq. Azərbaycanla bağlı təbii ki, hər hansı layihələr həyata keçirmək istəyirik. İlk olaraq öz ideyalarım və gördüyüm işlə bağlı. Qeyd etdiyim kimi biz “Turkcell”in rəsmi distribüteriyik. Azərbaycanda  “Turkcell”in qrup şirkəti var. Burada mobil telefonların həm özünü, həm aksessuarlarını satmaq, eyni zamanda, kamera sistemləri və  yeni çıxacaq elektrik avtomobillərin enerji yığma stansiyalarını qurmaq üçün planlarım var. Azərbaycan dövlət qurumlarının nümayəndələri ilə görüşümdə də çox imkanların olduğunu gördüm. Türkiyəyə qayıtdıqdan sonra bunları dəyərləndirib özümüzə görə burada investisiya yatırmağı düşünürük.

-Hazırda Türk dünyasının iki güclü dövləti var – Türkiyə və Azərbaycan. Bu iki dövlətin rəhbərləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin son vaxtlarda istər regional, istərsə də qlobal müstəvidə atdıqları mühüm addımlar dünyanın siyasi arenasında diqqətlə izlənilir və dəyərləndirilir. Bu birliyin, qardaşlığın  əhəmiyyətini siz necə dəyərləndirirsiniz?

– Azərbaycan-Türkiyə münasibətlərini bir evdən ayrılan iki qardaş kimi görürəm. İki qardaşın bir-biri ilə qucaqlaşmasını görürük. Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bizim üçün böyük dəyərlərdir. Onların bir-biri ilə münasibətləri iki ölkənin yaxınlığıdır. Biz hər zaman iki dövlət, bir millətik. Müharibə dönəmində də burada olmasaq da, əlimizdən gələn dəstəyi nümayiş etdirdik. Vətən müharibəsində hərbçilər bizim üçün döyüşdə canını verdi, savaşdı. Şəhid olanlara Allahdan rəhmət, qazilərə isə can sağlığı arzu edirəm. Azərbaycan savaşdı, Türkiyə də yatmadan o savaşı ürəyində, canında hiss etdi.

–İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasında münasibətlər daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə çatdı. Bu, iki dövlət başçısınn mədəniyyət paytaxtımızda imzaladığı Şuşa Bəyannaməsi ilə təsdiqini tapdı. İki qardaş ölkə arasında istər siyasi, istər iqtisadi, istərsə də mədəni baxımdan birgə layihələr həyata keçirir. Mübaliğəsiz desək, bütün dünyanın gözü, nəzəri bu qardaşlıq münasibətlərinin üzərindədir. Bəs sizcə, əməkdaşlıqda nəzərdən qaçan hansısa sahələrdə boşluqlar varmı? 

– Dünya Azərbaycan-Türkiyə birliyinə heyranlıqla baxır. Bu birliyin ömür boyu davam edəcəyinə inanıram. Azərbaycan Türkiyə əl-ələ verdikdə təbiətin verdiyi hər şeyi dünyaya satacaq bir gücə malikdir. Türkiyə və Azərbaycan strateji bölgədə yer aldıqları üçün texnologiyaya yatırım etməklə, yetişən gəncliyə fürsət verərək yeni texnologiyaları bu regionlarda istehsal edib dünyaya satmaqla daha böyük uğurlar əldə edə bilərlər deyə düşünürəm.

-Siz Türkiyədə yaşayan qarapapaq boyundan, tərəkəmə kökündən olan kifayət qədər tanınmış iş adamlarından birisiniz. Vətən müharibəsində Azərbaycan Ordusuna maddi dəstək məqsədilə “Dədələrimizin borcunu ödəyirik” şüarı ilə keçirilmiş  aksiyanın təşəbbüskarlarından da biri olmusunuz. Bu ideya hardan qaynaqlanmışdı?

–Ulu babam İlyas 1893-cü ildə Qarabağdan köç edib. Böyüklərimizin də danışdıqlarından bu bölgədə necə çətinliklər yaşandığını bilirdim. Türkiyənin çətin vəziyyətdə olduğu vaxtlarda Azərbaycanın bizə neft, qızıl göndərdiyini də daim xatırladırdılar. Babalarımız Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürkün savaşında Azərbaycanın hər zaman onun yanında olduğunu və bunun bir borc olduğunu, bir gün lazım olarsa, Azərbaycana borcunuzu ödəməyimizi dönə-dönə bizə deyirdilər. Biz də Azərbaycanın haqq savaşında bunları xatırlayaraq maddi yardıma ehtiyacı olmasa da, canımızı gətirə bilmədiyimiz üçün malımızdan Azərbaycan əsgərlərinə göndərmək istədik. Və bu məqsədlə belə bir kampaniya keçirtdik.

– Sizi tanıyanlar hər zaman haqqınızda xoş sözlər işlədirlər. Təqaüd ayırdığınız gənclərdən tutmuş şirkətlərinizdə çalışan hər kəs sizin təvazökarlığınızdan,insanlığınızdan danışır. Düşünürəm ki, sizin kimi milli düşüncəli, əsil, kökə bağlı olan iş adamlarının ata yurdlarında da tanınması vacibdir. Sizi Azərbaycanda nə qədər tanıyırlar? Düşünürəm ki, yaxşı insanların tanınması lazımdır. Siz necə düşünürsünüz?

-Yaxşılıq deməyəcəyəm. İmkansızın yanında olmaq qonşusu ackən özü tox yatmaq bizə görə deyil. Böyüklərimiz səhər tezdən qalxıb qurban kəsdiyində o ət evdə bişmədən yaxınlıqdakı yoxsullara paylanılırdı.
Eyni zamanda təhsil də önəmlidir və gənclərin təhsili üçün hər zaman əlimizdən gələn köməkliyi edirik. Dünyadakı ehtiyacı olan insanlara da həmişə yardım etməyə çalışırıq.

– Əli bəy, son olaraq gənclirimizə hansı tövsiyələrinizi vermək istərdiniz, onlara hansı mesajlarınız var?

– Azərbaycana necə öz evim kimi gəldimsə,b azərbaycanlıgənclərin dəTürkiyəyə öz evləri kimi gəlməsini, oradakı yenilikləri görməsini, gördüklərini Azərbaycanda tətbiq etmələrini, burada da gözəl olan şeyləri Türkiyəyə gətirmələrini istəyirəm. Gənclik bizim üçün hər zaman böyük önəm daşıyır. Onlar bizim gələcəyimizdir.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki