Əziz həmvətənlərim!
Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi” və şəxsən öz adımdan Müstəqil Azərbaycan Respublikasının görkəmli şairi Xəlil Rza Ulutürkün anadan olmasının 91-ci ildönümü münasibəti ilə Sizi, bütün xalqımızı, o cümlədən Rusiyada yaşayan həmvətənlərimizi təbrik edirəm!
Xalq şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışıb.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir. Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.
1991-ci il mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.
Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin doğumuna həsr etdiyi “Oğlum Təbrizə” şeirini sizlərə təqdim edirik:
Qoy sənə doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.
Özüm də bilmirəm nə işdir bu iş,
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.
Sən – bu gün sevincim, qanadım-qolum,
Dünən ürəyimə dağ olmusan sən.
Heç ana bətninə düşməmiş, oğlum.
Bu ata könlümdə doğulmusan sən.
Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.
Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə – atam Təbrizim.
Mən səni görəndə çırpınır qəlbim,
Deyirlər naşıyam, görməmişəm mən.
Alıram boynuma niyə gizlədim,
Sənin tək səadət görməmişəm mən.
Anan süd veribdir fəqət mən sənə.
Köksümdə közərən odu vermişəm.
Seçib milyon-milyon adlar içindən,
Dünyada ən gözəl adı vermişəm.
Sən – oğul, sən – igid, sən – ər oğlu ər!
İftixarla daşı sən öz adını.
Məğribə, məşriqə, aləmə göstər
Alnında gizlənmiş istedadını.
Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən, kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə
Sən ucsuz-bucaqsız məmləkətimsən.
Ey bala Təbrizim, gün o gün olsun
Ana Təbrizimə mən azad deyim,
Ustad Şəhriyarla görüşün olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.
Arzular könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış könül.
Atanın ömrünə oğul yaraşıq,
Qoy bir nəfəs alım daha dərindən.
Mən öz Təbrizimlə bu gün yanaşı
Keçirəm Bakımın küçələrindən.
Bu gün yağış yağır… qorxma yağışdan!
Tufanda, şimşəkdə bərkisin canın.
Sən mənim balamsan, mən sənin atan
Biz bir cüt oğluyuq Azərbaycanın…
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.
Hörmətlə: Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini – FƏYYAZLI MEHDİ AFİQ OĞLU