image-2000x150
image-b22030cb-7926-44f9-8a20-8ff5bfbb255bbackend

Yunanıstanın Saloniki şəhərində “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib

image-768x150

Fevralın 24-də “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Yunanıstan Respublikasındakı səfirliyinin, digər diplomatik korpusların əməkdaşları, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov giriş sözü ilə çıxış edərək, Xocalı faciəsində yüzlərlə günahsız insanın ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini xatırladaraq vurğulayıb ki, başımıza gətirilən belə faciələri unutmamalı, gənclərimizə daim soyqırımı həqiqətlərini aşılamalıyıq.
Daha sonra Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov isə çıxışında bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilib, mülki əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulub, şəhər yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Xocalıda baş verənlər haqqında həmin dövrdə xarici mediada- “Vaşinqton Post”, “Tayms”, “Sandi-Tayms”, “Fayneyşnl tayms” və “Le Mond” və s. qəzetləri məqalələr nəşr ediblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Ulu Öndər Heydər Əliyev tərəfindən Fərman verilib.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də – Şuşanın işğalı günü irəli sürülüb. Faciənin tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Xocalıda törədilmiş mənfur əməlləri insanlığa qarşı kütləvi cinayət kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Hazırda 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edib.
Vurğulanıb ki, Xocalı şəhəri ötən il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində azad olunub və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bu il soydaşlarımızın qayıdacağı ünvanları da diqqətə çatdırıb. Sakinlərinə qovuşan Füzuli və Laçın şəhərlərinin sırasına bu il Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı və Xankəndi şəhərlərinin də daxil olacağını bildirib.
Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki baş konsulu Sarkhan Gedik öz çıxışında qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
“QALA” Cəmiyyətinin baş katibi Salatın Məmmədli tədbirdə iştirak edən gəncləri və ictimai təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha da səylə qorumağa çağırıb.
Rəsmi çıxışların ardından Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş sənədli film və foto sərgi nümayiş etdirilib.

image-0827671e-af15-4466-8999-6c51551f56c0 image-b22030cb-7926-44f9-8a20-8ff5bfbb255b

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki