image-2000x150
image-img-20220410-wa0034backend

“Almaniyada “azərbaycanlı həkimlər” deyəndə  işinə professional yanaşan həkim obrazı formalaşacaq”

image-768x150

Elvin Hüseynov: “Biz millətimizi təmsil edirik və düzgün fəaliyyətimizlə gələcək nəsillərə yol açırıq”

Xaricdəki soydaşlarımızın müxtəlif peşə sahibləri olaraq bir araya gəlmələri diasporumuzun güclənməsi və həmrəyliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin aktivliyi diqqət çəkir. Bu tendensiya Almaniyadakı həkimlərimiz arasında da özünü daha çox büruzə verir. Elə müsahibimiz də Almaniyada tibb sahəsi üzrə bir çox ilklərə imza atan həkim mütəxəssis Elvin Hüseynovdur.
Elvin Hüseynov 1987-ci ildə Xırdalan şəhərində anadan olub. Uşaqlığı Ceyranbatan qəsəbəsində keçib və məktəb təhsilimi də Ceyranbatan 1 saylı orta məktəbində alıb. 2004-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. 2009-cu ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına müraciət etdikdən və bütün müsabiqələrdən uğurla keçdikdən sonra, Azərbaycan Tibb Universitetindəki təhsilini 5 ildən sonra yarımçıq qoyub, Almaniyanın Köln Universiteti Tibb fakültəsində yenidən tibb təhsilinə başlayıb.
– 2014-cü ildə tibb təhsilimi mümkün olan maksimal müddətdə uğurla bitirib, Almaniyada həkimlik lisenziyasını aldım. Həmin ildə Siegburg şəhərində Helios Klinikum Siegburg klinikasının daxili xəstəliklər şöbəsində rezidentura təhsilimə başladım və 2019-cu ildə Təcili yardım mütəxəssisi və 2020-ci ildə daxili xəstəliklər üzrə mütəxəssis adını aldım. 2020-ci ilin sentyabrından Köln şəhərinin Augustireninnen xəstəxanasında ixtisas həkimi olaraq işimi davam etdirdim və bu klinikada aparıcı mütəxəssis vəzifəsinə (Oberarzt) layiq görüldüm. 2022-ci ilin aprel ayından yenidən Helios Klinikum Siegburg xəstəxanasının Ağciyər xəstəlikləri, süni tənəffüs təbabəti və yuxu təbabəti şöbəsində aparıcı mütəxəssis (Oberarzt) olaraq fəaliyyətimi davam etdirirəm.
2012-ci ildən ailəliyəm, Eliane və Burla adlı iki qız övladım var. Həyat yoldaşım Köln Universitet klinikasının tibbi mikrobiologiya institutunda həkim olaraq fəaliyyət göstərir.

image-img-20220410-wa0040
-Ötən ay, Kölndə keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu bu ölkədəki həkimlərin və tibb sahəsində təhsil alan tələblərin bir araya gətirilməsi, eləcə də mübadilənin aparılması baxımından nə kimi önəmi var?
– Almaniyada olduğum müddətdə, hər il bura gələn azərbaycanlı həkimlərin sayının artdığını müşahidə edirdim və bu məni sevindirirdi. Buradakı bütün həmkarların bir araya gəlməsini və bir-biri ilə tanışlığını, fikir mübadiləsini uzun müddətdir dəyərli həmkarım Nuran Abdullayevlə planlaşdırırdıq. Və bu, dövlətimizin, xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa dəstəyi ilə mümkün oldu.
İlk tədbirin önəmi tanışlıq məqsədi və Almaniyada tibb sahəsində uğurlara imza atmış həmvətənlərimizin tanıdılması idi və zənnimcə biz qarşıya qoyulan məqsədə çatdıq.

image-img-20220410-wa0036
-Ümumiyyətlə, Forumun keçirilməsindən nə kimi nəticələr əldə olundu?
– Nəticə olaraq, bizim bir-birimizlə əlaqəmiz və koordinasiyamız təşkil olundu, gücləndi. Tibbi yeniliklərlə və bizlər tərəfindən əldə olunmuş uğurlarla tanış olduq. Növbəti forumlar üçün ideyalar və təkliflər yarandı. Bir çoxumuz yeni dostluqlar qazandıq. Bundan başqa Azərbaycan səhiyyəsində görülən innovativ işlərlə tanış olduq.

image-img-20220410-wa0041
-Azərbaycanlı həkimlərin Almaniyada təhsil alması və təcrübə keçməsi iki ölkənin səhiyyə sistemi arasındakı əməkdaşlığa nə kimi töhfə verir?
– Azərbaycanlı həkimlərin Almaniyaya miqrasiyası, bu ölkədə mövcud olan həkim çatışmazlığının aradan qaldırılması istiqamətində müəyyən dəstək rolunu oynayır. Digər tərəfdən azərbaycanlı gənclər istər intellektual səviyyələri, istərsə də yeni cəmiyyətə mədəni inteqrasiya baxımından, demək olar ki, ən öndə gedən gənclərdəndir.
Azərbaycanlı həkimlərin burada istər təhsil, istər təcrübə toplamaları istər birbaşa, istərsə də dolayı yolla Azərbaycan səhiyyəsinə müsbət töhfəsini verəcək. Bu indiki zamanda elə də hiss olunmasa belə, çox güman ki, növbəti 10-15 il ərzində özünü göstərəcək. İstər həkimlərinizin vətənə dönməsi şəklində, istərsə onlayn, yaxud canlı seminarlar şəklində, istərsə də Azərbaycandakı həmkarlarımızın bura təcrübə proqramları ilə cəlb olunmaları şəklində.
Elə məhz bu səbəblərə görə, Almaniyada fəaliyyət göstərən həkimlərin koordinasiyası çox önəm kəsb edən məsələlərdən biri olmalıdır. Bizlər istər təcrübə, istərsə də səhiyyənin daha keyfiyyətli xidmət göstərməsi baxımından öz bilik və təcrüblərimizi paylaşmağa hazırıq.

image-img-20220410-wa0043
-Azərbaycanlı həkimlərin Almaniyada fəaliyyəti və tibb sahəsinə gətirdikləri yeniliklər yerli cəmiyyət tərəfindən nə dərəcədə qəbul olunur?
– Almaniya cəmiyyəti getdikcə daha çox qloballaşır və səhiyyə sistemi də qlobballaşmadan kənar qala bilməz. Almaniyada, demək olar ki, dünyanın hər yerindən olan həkimlər fəaliyyət göstərir. Elə bir klinika göstərmək olmaz ki, orada qeyri-alman əsilli həkimlər olmasın və Almaniyanın bu günkü səhiyyə sistemini xaricilərsiz təsəvvür etmək mümkün deyil.

Amma azərbaycanlı həkimlərin uğurları bu çoxmillətli sistemdə hələ nəzərə çarpacaq dərəcədə deyil ki, cəmiyyət azərbaycanlı həkimlərin etdiklərinə xüsusi yanaşsın. Bu yəqin ki, azərbaycanlıların ikinci, üçüncü nəsillərində özünü göstərəcək. Amma bugünkü tendensiya çox müsbət istiqamətdə inkişaf etməkdədir və mən əminəm ki, gələcək onilliklərdə “azərbaycanlı həkimlər” deyəndə, çox çalışqan, peşəsini sevən və işinə professional yanaşan bir həkim obrazı formalaşacaq.
İndiki dövrdə mənim təcrübəm göstərir ki, azərbaycanlı həkimlərin çalışdığı klinikalarda, azərbaycanlılara qarşı əksər hallarda çox müsbət fikir formalaşır və növbəti həmyerlilərimizin bu klinikalarda iş tapmaq imkanları xeyli asanlaşmış olur. Bu hal qürurverici və sevindiricidir. Biz işlədiyimiz yerdə yalnız özümüzü yox, millətimizi də təmsil edirik və öz düzgün fəaliyyətimizlə gələcək nəsillərə yol açmış oluruq.

image-img-20220410-wa0037

image-img_20220414_052638

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki