“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Ümummilli Lider Heydər Əliyevin bu müdrik fikirləri Azərbaycan Dövlət Bayrağının xalqımızın həyatında daşıdığı mənəvi dəyəri, milli kimliyimizdəki əvəzsiz yerini və dövlətçilik şüurumuzun formalaşmasındakı rolunu aydın ifadə edir. Üçrəngli bayrağımız bizim üçün yalnız dövlət atributu deyil. O, tariximizin, milli yaddaşımızın, azadlıq mübarizəmizin, Vətən sevgimizin və gələcəyə olan inamımızın təcəssümüdür. Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü xalqımızın milli qürurunun, dövlətçiliyimizə sədaqətinin və müstəqilliyimizin əbədiliyinə inamının rəmzinə çevrilib. Bu əlamətdar gün hər bir Azərbaycan vətəndaşına bir daha xatırladır ki, bayraq dövlətin varlığını, xalqın birliyini və milli idealların bütövlüyünü ifadə edən müqəddəs simvoldur.
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli həmrəyliyinin, vahid məfkurə ətrafında birləşməsinin əsas amillərindən biridir. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətində təcəssüm olunan milli ideologiyamız xalqımızın tarixi köklərini, mənəvi dəyərlərini və müasir dünyaya inteqrasiya iradəsini ifadə edir. Üçrəngli bayrağımızın hər bir rəngi özündə dərin məna daşıyır. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasirliyi, inkişafı və demokratik cəmiyyət quruculuğunu, yaşıl rəng isə islam sivilizasiyasına mənsubiyyətimizi əks etdirir. Bu üç prinsip xalqımızın tarixi keçmişi ilə müasir inkişaf hədəfləri arasında mənəvi körpü yaradır.
Bayraq milli identikliyimizin ən mühüm təzahürlərindən biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq dəyərlərdən biri məhz üçrəngli bayrağımıza olan sevgi və ehtiramdır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün Dövlət Bayrağı Vətən anlayışının, doğma torpağa bağlılığın və milli mənsubiyyətin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin” fikri də bu baxımdan xüsusi məna daşıyır. Bayrağımız yalnız dövlət idarələrinin, meydanların, məktəblərin və rəsmi binaların üzərində deyil, hər bir ailənin mənəvi dünyasında, hər bir vətəndaşın qəlbində özünə yer tapmalıdır.
Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi bərpası xalqımızın müstəqillik mübarizəsinin mühüm mərhələlərindən biridir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayrağımız 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra dövlət atributu kimi istifadədən çıxarılsa da, milli istiqlal ideyası ilə yaşayan xalqımızın yaddaşında daim qorunub saxlanılmışdır. Bu müqəddəs rəmzin yenidən dövlət səviyyəsində ucaldılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın qaldırılması sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə milli iradənin nümayişi idi. Bu tarixi qərar Azərbaycanın müstəqilliyə doğru dönüşünün mühüm siyasi və mənəvi başlanğıclarından birinə çevrildi.
1991-ci il fevralın 5-də üçrəngli bayrağımızın yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edilməsi, həmin ilin oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunması xalqımızın milli dövlətçilik ənənələrinin davamlılığını təmin etdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli dövlətçilik ideyaları qorunub saxlanıldı, müstəqil Azərbaycanın möhkəm siyasi və ideoloji təməlləri formalaşdırıldı. Bu gün üçrəngli bayrağımızın müstəqil dövlətimizin bütün ərazilərində və beynəlxalq aləmdə dalğalanması həmin tarixi mübarizənin məntiqi nəticəsidir.
Azərbaycan Dövlət Bayrağının müasir tariximizdə qazandığı ən möhtəşəm mənəvi yüksəlişlərdən biri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə ilə bağlıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər xalqımızın çoxəsrlik arzularının gerçəkləşməsini təmin etdi, ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi mərhələ oldu. İşğaldan azad edilmiş torpaqlarımıza dövlət başçısının ilk səfərlərinin həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması ilə tarixə düşməsi xüsusi rəmzi məna daşıyırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər azad edilmiş yaşayış məntəqələrimizdə üçrəngli bayrağımızın dalğalanması illərlə Vətən həsrəti ilə yaşayan xalqımıza qürur və sevinc bəxş etdi. Bu bayraq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı və əsgər və zabitlərimizin şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bayrağımızın hər qarış torpağımızda ucalması müstəqilliyimizin, milli iradəmizin və dövlət suverenliyimizin təntənəsidir. Prezident İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” fikirləri bu gün yeni tarixi məzmun qazanıb. Çünki artıq üçrəngli bayrağımız yalnız azadlıq arzusunun deyil, həm də gerçəkləşmiş Zəfərin, bərpa edilmiş suverenliyin və milli qürurun rəmzidir. 2024-cü il noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanının yenidən açılması və Prezident İlham Əliyevin burada Azərbaycan Bayrağını ucaltması bu tarixi qüruru daha da gücləndirdi. Meydanda dalğalanan əzəmətli bayrağımız müasir Azərbaycanın gücünü, inkişafını və müstəqillik əzmini nümayiş etdirir. Dövlət Bayrağı Muzeyində yaradılmış “Zəfər qalereyası” isə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdıran mühüm mənəvi məkan kimi xüsusi əhəmiyyət daşıyır.
Dövlət Bayrağına hörmət hər bir Azərbaycan vətəndaşının mənəvi və konstitusion borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi dövlət rəmzlərinə hörmət edilməsini hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirir. Bu tələb bayrağımızın müqəddəsliyinin hüquqi müstəvidə də təsbit olunduğunu göstərir. Bayrağa ehtiram onun yalnız rəsmi tədbirlərdə ucaldılması ilə məhdudlaşmır. Bu ehtiram Vətənə sədaqətdə, dövlət maraqlarının qorunmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında, ölkəmizin inkişafına töhfə verməkdə və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində özünü göstərir. Xüsusilə gənc nəslin Dövlət Bayrağının tarixini, rənglərinin mənasını, dövlətçilik tariximizdəki rolunu dərindən bilməsi vacibdir. Çünki müstəqilliyimizin qorunması yalnız siyasi və iqtisadi güclə deyil, həm də milli şüurun, dövlətçilik düşüncəsinin və vətənpərvərlik hissinin möhkəmliyi ilə mümkündür.
Ümummilli Lider Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu çağırış milli həmrəyliyimizin, azərbaycançılıq məfkurəsinin və dövlətçilik dəyərlərinə sədaqətimizin əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Həqiqətən də, üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq aləmdə tanınan siması, müstəqilliyimizin sarsılmazlığının və xalqımızın milli qürurunun ifadəsidir.
Bu gün Dövlət Bayrağımız ölkəmizin hər bir guşəsində, azad edilmiş torpaqlarımızda, beynəlxalq təşkilatların iqamətgahları qarşısında qürurla dalğalanır. Onun hər dalğalanışında xalqımızın qəhrəmanlıq tarixi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, müstəqillik uğrunda mübarizə aparmış nəsillərin arzuları yaşayır. Dövlət Bayrağı Günü hər birimizə bir həqiqəti xatırladır: müstəqillik ən böyük milli sərvətimiz, bayrağımız isə bu sərvətin müqəddəs rəmzidir. Onu uca tutmaq, qorumaq, sevmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq məsuliyyətidir. Üçrəngli bayrağımızın dalğalanması xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin əbədiliyinin təcəssümüdür. Qoy Azərbaycan Bayrağı daim zirvələrdə dalğalansın, dövlətçiliyimizin, milli qürurumuzun və şanlı Zəfərimizin rəmzi olaraq gələcək nəsillərə əmanət qalsın!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın üçrəngli Dövlət Bayrağımız!
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent





























