image-2000x150
image-11111111111backend

“MƏQSƏDİMİZ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİ YALNIZ TƏQDİM ETMƏK DEYİL, ONU İRLANDA CƏMİYYƏTİNİN BİR HİSSƏSİNƏ ÇEVİRMƏKDİR”  

image-768x150

Əşrəf Tağıyev: “Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın İrlandiyaya gəlişi bizdə çox böyük sevinc və məmnunluq hissi yaradıb”

 Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, “Ashraf & Anna Music School”un təsisçisi və direktoru, “Golden Saxophone” Beynəlxalq Müsabiqəsinin prezidenti, Azərbaycanın İrlandiyada mədəniyyət elçisi Əşrəf Tağlyevlə müsahibəni təqdim edirik

-Əşrəf müəllim, İrlandiyada yaşayan azərbaycanlıların ölkəmizin mədəniyyətinin tanıdılmasında rolunu necə qiymətləndirirsiniz?

-İrlandiyada yaşayan azərbaycanlıların sayının böyük olmadığını nəzərə alsaq, hər bir azərbaycanlının ölkəmizi, onun tarixini, mədəniyyətini və milli dəyərlərini layiqincə təmsil etməsi xüsusi əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, diaspor fəaliyyətinin əsas məqsədi yalnız azərbaycanlıların bir araya gəlməsi deyil, həm də Azərbaycanı yaşadığımız ölkənin cəmiyyətinə tanıtmaqdır.

Biz çalışırıq ki, Azərbaycan mədəniyyətini yalnız diaspor tədbirləri çərçivəsində deyil, İrlandiyanın müxtəlif mədəniyyət və təhsil platformalarında təqdim edək. Musiqi bu baxımdan ən güclü vasitələrdən biridir. Çünki musiqinin dili universaldır və insanları bir-birinə yaxınlaşdırır.

Məhz buna görə də bizim fəaliyyətimizdə konsertlər, musiqi təhsili, ustad dərsləri, beynəlxalq layihələr və müxtəlif mədəni tədbirlər xüsusi yer tutur. İstəyirik ki, Azərbaycan haqqında İrlandiyada formalaşan təsəvvür yalnız bir tədbirlə məhdudlaşmasın, davamlı mədəni əlaqələrə çevrilsin.

-Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının yaradılması hansı zərurətdən meydana gəldi və bu gün assosiasiyanın əsas fəaliyyət istiqamətləri hansılardır?

-Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının yaradılması, ilk növbədə, iki ölkənin xalqlarının bir-birinin mədəniyyətini daha yaxından tanıması və bu tanışlığın davamlı əməkdaşlığa çevrilməsi zərurətindən irəli gəldi.

Biz istəyirik ki, Azərbaycan və İrlandiya arasında mədəni əlaqələr yalnız ayrı-ayrı tədbirlərlə məhdudlaşmasın. Bunun üçün musiqi, incəsənət, təhsil, yaradıcılıq və beynəlxalq əməkdaşlıq istiqamətlərində davamlı layihələr həyata keçirmək lazımdır.

Assosiasiyanın əsas fəaliyyət istiqamətlərinə konsertlərin, mədəni tədbirlərin, ustad dərslərinin, yaradıcılıq görüşlərinin təşkili, Azərbaycan musiqisinin və mədəni irsinin İrlandiyada təbliği, həmçinin İrlandiya mədəniyyətinin Azərbaycanda tanıdılması daxildir.

Eyni zamanda, Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor və mədəniyyət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsini də vacib hesab edirik.

-Yay aylarında Bakıya səfəriniz çərçivəsində bir sıra görüşlər keçirdiniz. Bu görüşlərdə əsasən hansı məsələlər müzakirə olundu?

-Bakı səfərimiz kifayət qədər məhsuldar oldu. Müxtəlif istiqamətlər üzrə həm dövlət və mədəniyyət qurumları, həm də xaricdə fəaliyyət göstərən azərbaycanlı yaradıcı şəxslərlə görüşlər keçirdik.

Xüsusilə Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşümüzü qeyd etmək istərdim. Görüş zamanı musiqi təhsili, beynəlxalq əməkdaşlıq, Azərbaycan bəstəkarlarının əsərlərinin xarici təhsil proqramlarında və konsert layihələrində təqdim olunması məsələləri müzakirə edildi.

Həmçinin Düsseldorfdan Sabina Məmmədova, Berlindən “Xarı Bülbül” təşkilatının nümayəndəsi Sevda Qaribova (Badaliuri) və ABŞ-dan tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberq ilə görüşlərimiz oldu. Bu görüşlərdə də Azərbaycan mədəniyyətinin xaricdə təbliği, yaradıcı insanların əməkdaşlığı və yeni beynəlxalq layihələrin həyata keçirilməsi məsələlərinə toxunduq.

Bu görüşlərin əsas məqsədi mövcud əlaqələri gücləndirmək və gələcək üçün konkret layihələrin əsasını yaratmaq idi.

-Azərbaycandakı həmkarlarınız və mədəniyyət qurumları ilə əməkdaşlığın yeni mərhələsinə dair konkret razılaşmalar əldə olundumu?

-Bəli. Əsas istiqamətlərdən biri Azərbaycan və İrlandiyanın musiqi təhsili müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Bakı Musiqi Akademiyası, Dublində yerləşən Royal Irish Academy of Music, Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyası və “Ashraf & Anna Music School” arasında əməkdaşlıq imkanlarını müzakirə etdik.

Xüsusilə Azərbaycan bəstəkarlarının, o cümlədən gənc bəstəkarların əsərlərinin İrlandiyada musiqi təhsili və imtahan proqramlarında təqdim olunması bizim üçün çox maraqlı istiqamətdir. Bu, Azərbaycan musiqisinin yalnız konsert səhnələrində deyil, təhsil sistemində də tanıdılması deməkdir.

Gələcəkdə daha geniş təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsini planlaşdırırıq. Mənim şəxsi arzularımdan biri də İrlandiyada Heydər Əliyevin adını daşıyan incəsənət akademiyasının yaradılmasıdır. Belə bir qurum musiqi, incəsənət, təhsil və Azərbaycan–İrlandiya mədəni əməkdaşlığı üçün mühüm platformaya çevrilə bilər.

-Azərbaycan və İrlandiyanın musiqiçiləri arasında birgə konsertlər, ustad dərsləri və ya digər layihələrin keçirilməsi planlaşdırılırmı?

-Əlbəttə. Bu istiqamətdə planlarımız kifayət qədər genişdir.

Biz istəyirik ki, Azərbaycan musiqiçiləri İrlandiyada, İrlandiya musiqiçiləri isə Azərbaycanda çıxış etsinlər. Birgə konsertlər, ustad dərsləri, tələbə layihələri, yaradıcılıq görüşləri və beynəlxalq musiqi proqramları təşkil etmək mümkündür.

Əsas məqsədimiz Azərbaycan musiqisini beynəlxalq səviyyədə təqdim etmək və xarici musiqiçilərlə birbaşa yaradıcı əlaqələr yaratmaqdır. Eyni zamanda, İrlandiyanın zəngin musiqi mədəniyyətinin də Azərbaycanda daha geniş tanıdılmasına töhfə vermək istəyirik.

-İrlandiya ictimaiyyətinin Azərbaycan mədəniyyətinə marağı necədir? Daha çox hansı mədəniyyət sahələri diqqət çəkir?

-İrlandiya cəmiyyətində Azərbaycan mədəniyyətinə maraq var və mən düşünürəm ki, bu marağı daha da artırmaq üçün geniş imkanlarımız mövcuddur.

Xüsusilə musiqi çox yaxşı vasitədir. Azərbaycan klassik musiqisi, muğam, milli musiqi alətləri, bəstəkar yaradıcılığı və müasir musiqi nümunələri İrlandiya auditoriyasına maraqlı gəlir.

Bizim üçün vacib olan odur ki, Azərbaycan mədəniyyəti yalnız azərbaycanlı auditoriyasına təqdim edilməsin. Məhz buna görə də tədbirlərimizi müxtəlif millətlərdən olan insanların iştirak etdiyi platformalarda keçirməyə çalışırıq.

-Qarşıdakı illərdə Azərbaycan və İrlandiya arasında hansı yeni mədəni layihələrin həyata keçirilməsini arzulayırsınız?

-Arzum odur ki, Azərbaycan–İrlandiya mədəni əlaqələri daha sistemli və uzunmüddətli xarakter alsın.

Birgə konsertlər, beynəlxalq festivallar, ustad dərsləri, musiqi təhsili layihələri, tələbə mübadilələri, bəstəkarların əsərlərinin təqdimatı və müxtəlif incəsənət layihələri həyata keçirilə bilər.

Eyni zamanda, Azərbaycan mədəniyyətinin İrlandiyanın aparıcı konsert və mədəniyyət məkanlarında təqdim olunmasını istəyirik. Məqsədimiz Azərbaycanı yalnız diaspor tədbirlərində deyil, beynəlxalq mədəniyyət mühitində də layiqincə təmsil etməkdir.

-“Ashraf & Anna Music School”un yaradılması ideyası necə yarandı?

-“Ashraf & Anna Music School”u 2022-ci ildə İsveçrədə təsis etmişik. 2024-cü ildən məktəb İrlandiyanın Thurles şəhərində fəaliyyətə başlayıb və burada fəaliyyətimizi inkişaf etdirərək davam etdiririk.

Məktəbin yaradılmasında əsas məqsədimiz yüksək səviyyəli musiqi təhsilini uşaqlar və böyüklər üçün əlçatan etmək, eyni zamanda musiqi vasitəsilə mədəniyyətləri bir-birinə yaxınlaşdırmaqdır.

Məktəbdə saksofon, piano, vokal və zərb alətləri üzrə dərslər keçirilir, həmçinin Royal Irish Academy of Music proqramlarına hazırlıq istiqamətində fəaliyyət göstəririk.

Məktəbin fəaliyyətində Azərbaycan mədəniyyətinin təbliği də xüsusi yer tutur. Biz istəyirik ki, şagirdlər yalnız musiqi alətində ifa etməyi öyrənməsinlər, eyni zamanda Azərbaycan musiqisini, bəstəkarlarını, milli musiqi irsimizi və ənənələrimizi də tanısınlar.

-Şagirdləriniz arasında Azərbaycan musiqisi ilə maraqlanan irlandiyalı uşaqlar varmı?

-Bəli, əlbəttə. Hətta bunu məktəbimizin ən mühüm xüsusiyyətlərindən biri hesab edirəm.

İrlandiyada Azərbaycan icması say baxımından böyük olmadığı üçün bizim şagirdlərimizin əksəriyyəti irlandiyalı və digər millətlərdən olan uşaqlardır. Bu isə bizim üçün böyük bir imkan yaradır.

Biz həmin uşaqlara yalnız saksofon, piano, vokal və digər musiqi istiqamətlərini öyrətmirik. Eyni zamanda Azərbaycan musiqisi, Azərbaycan bəstəkarları, milli adət-ənənələrimiz və mədəni irsimiz haqqında məlumat veririk.

Beləliklə, məktəbimiz bir növ Azərbaycan mədəniyyətinin İrlandiyada təbliği üçün də platformaya çevrilir. Mən bunu çox vacib hesab edirəm. Çünki Azərbaycan mədəniyyətini tanıyan hər bir xarici uşaq gələcəkdə ölkəmiz haqqında müsbət təsəvvürlərin formalaşmasına öz töhfəsini verə bilər.

-Məktəbin yetirmələrinin əldə etdiyi hansı uğurlar sizin üçün xüsusilə qürurvericidir?

-Şagirdlərimizin Royal Irish Academy of Music-in imtahanlarında yüksək və ən yüksək nəticələr göstərməsi bizim üçün böyük qürur mənbəyidir.

Xüsusilə İlya Novomlincev və Patrik Skocilasın uğurlarını qeyd etmək istərdim. Onların yüksək nəticələri göstərir ki, düzgün metodika və davamlı əmək sayəsində İrlandiyada fəaliyyət göstərən məktəbimiz beynəlxalq səviyyəli musiqi təhsili verə bilər.

Patrikin televiziya proqramının çəkilişində iştirakı da bizim üçün xüsusi hadisə oldu.

Bundan əlavə, 9 oktyabr 2026-cı ildə RTÉ One kanalında məktəbimiz, yaradıcılıq fəaliyyətimiz və Azərbaycan mədəniyyətinin təqdimatı ilə bağlı xüsusi proqram yayımlanacaq. Bu da bizim fəaliyyətimizin daha geniş auditoriyaya çatması baxımından əhəmiyyətlidir.

– “Golden Saxophone” Beynəlxalq Müsabiqəsinin əsas məqsədi və onu digər beynəlxalq musiqi müsabiqələrindən fərqləndirən xüsusiyyətlər hansılardır?

-“Golden Saxophone” bizim üçün sadəcə bir musiqi müsabiqəsi deyil. Bu layihəni həyat yoldaşım Anna ilə birlikdə 2013-cü ildə yaratmışıq. Müsabiqə əvvəlki illərdə iki dəfə Odessada, bir dəfə isə Kiyevdə keçirilib.

Bu gün “Golden Saxophone”u dünyanın aparıcı beynəlxalq klassik və akademik saksofon müsabiqələrindən biri kimi inkişaf etdirmək məqsədimiz var. Müsabiqənin əsas xüsusiyyətlərindən biri yüksək peşəkarlıq səviyyəsidir. Münsiflər heyətində müxtəlif ölkələri təmsil edən tanınmış saksofon ifaçıları və pedaqoqlar iştirak ediblər. Onların arasında Alain Crepin, Arno Bornkamp və Nikita Zimin kimi dünya səviyyəli musiqiçilərin adlarını xüsusi qeyd etmək olar.

Müsabiqəyə müxtəlif ölkələrdən yüksək səviyyəli iştirakçılar, onların müəllimləri və ailələri cəlb olunur. Bizim üçün əsas məsələ yalnız qalibləri müəyyən etmək deyil, gənc musiqiçilərin beynəlxalq peşəkar mühitə daxil olmasına imkan yaratmaqdır.

Xüsusi mükafatlar sistemini də inkişaf etdirmək istəyirik. Bu çərçivədə Selmer Paris tərəfindən saksofonun xüsusi mükafat kimi təqdim olunması bizim üçün çox önəmlidir. Həyat yoldaşım Anna Stepanova Selmer Paris-in artistidir və bu peşəkar əlaqələr belə bir əməkdaşlığın mümkünlüyü üçün mühüm əsas yaradır.

Ən böyük arzularımızdan biri isə “Golden Saxophone”un beynəlxalq finalını Şuşada, Cıdır düzündə möhtəşəm qala-konsertlə keçirməkdir.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycan musiqisinin böyük şəxsiyyətləri, xüsusilə Üzeyir Hacıbəyli ilə bağlı olan bu şəhərdə dünyanın müxtəlif ölkələrindən gələn gənc saksofonçuların, tanınmış münsiflərin, müəllimlərin və musiqi mütəxəssislərinin iştirakı ilə beynəlxalq finalın keçirilməsi çox böyük mədəni hadisə ola bilər.

Bu layihə yalnız müsabiqə olmayacaq. Bu, eyni zamanda musiqi, mədəniyyət, turizm və beynəlxalq əməkdaşlığı birləşdirən böyük Azərbaycan layihəsi olacaq. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar və onların ailələri Azərbaycanı, Şuşanı görəcək, burada vaxt keçirəcək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olacaqlar.

Onlar öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan haqqında müsbət təəssüratlarını bölüşəcək və beləliklə, bir növ Azərbaycanın qeyri-rəsmi mədəniyyət elçilərinə çevriləcəklər.

Eyni zamanda, belə bir tədbirin Şuşanın beynəlxalq mədəniyyət xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə, turizm və xidmət sektorunun inkişafına da töhfə verəcəyinə inanıram.

-Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın noyabrın 12-də İrlandiyaya səfəri İrlandiyada yaşayan azərbaycanlılar üçün hansı mənəvi əhəmiyyət daşıyır?

– Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın İrlandiyaya gəlişi bizdə çox böyük sevinc və məmnunluq hissi yaradıb. Yüksək səviyyəli qonaqları İrlandiyada Azərbaycanın Fəxri konsulu cənab Terri Leyden səmimiyyətlə qarşılayıb.
Prezident İlham Əliyev 12 noyabr 2026-cı il tarixində Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyaya səfər edib.
İrlandiya öz tarixində ən böyük diplomatik tədbirlərdən birinə ev sahibliyi edir. Bu mühüm beynəlxalq toplantıda 50-dən çox Avropa dövlət və hökumət başçısı, eləcə də aparıcı Avropa və beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Bu mühüm sammit Avropanın gələcəyi, beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji məsələləri və qitəmizin qarşısında duran əsas çağırışlarla bağlı dialoq və fikir mübadiləsi üçün mühüm platformadır.
Azerbaijan–Ireland Cultural Association olaraq Azərbaycanın bu mühüm Avropa dialoqunda fəal iştirak etməsini xüsusi məmnuniyyətlə qarşılayırıq.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf etməsi, siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, mədəni mübadilənin və qarşılıqlı əməkdaşlığın genişlənməsi bizi sevindirir.
İnanırıq ki, Azərbaycan, İrlandiya və bütövlükdə Avropa ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsi xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.
Azərbaycan və İrlandiya — dostluq münasibətlərinin möhkəmləndirilməsi, mədəni əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlığın inkişafı naminə!

-Sizcə, Azərbaycanın dünyada daha geniş tanıdılması üçün musiqidən necə istifadə etmək olar?

-Mən musiqini Azərbaycanın dünyada tanıdılması üçün ən güclü vasitələrdən biri hesab edirəm.

Musiqi sərhəd tanımır. Bir insan Azərbaycan dilini bilməsə belə, Azərbaycan musiqisini dinləyərək onun emosiyasını və ruhunu hiss edə bilər.

Buna görə Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda, konsert salonlarında, musiqi akademiyalarında və təhsil proqramlarında daha geniş təqdim etmək lazımdır.

Xüsusilə gənc nəsillə işləmək çox vacibdir. Əgər başqa ölkənin uşağı Azərbaycan bəstəkarını, Azərbaycan musiqisini və mədəniyyətini məktəb yaşlarından tanıyırsa, bu, uzunmüddətli mədəni əlaqənin əsasını yaradır.

-Xaricdə yaşayan yaradıcı insanların Azərbaycanın mədəni diplomatiyasındakı rolunu necə qiymətləndirirsiniz?

-Xaricdə yaşayan yaradıcı insanların rolu çox böyükdür. Çünki onlar iki mədəniyyət arasında canlı körpü rolunu oynayırlar.

Biz həm Azərbaycanı yaşadığımız ölkənin cəmiyyətinə təqdim edir, həm də həmin ölkənin mədəniyyətini Azərbaycana tanıdırıq.

Yaradıcı insanın üstünlüyü ondadır ki, o, mədəniyyəti yalnız sözlə deyil, öz sənəti ilə təqdim edir. Konsert, musiqi dərsi, sərgi, film və ya beynəlxalq layihə vasitəsilə insanlar Azərbaycan haqqında daha çox məlumat əldə edə bilirlər.

Bu baxımdan xaricdə yaşayan yaradıcı şəxslərin fəaliyyətinin dəstəklənməsi Azərbaycanın mədəni diplomatiyasının daha da güclənməsinə xidmət edə bilər.

-Azərbaycan mədəniyyətinin təbliğində dövlət qurumları, diaspor təşkilatları və yaradıcı şəxslər arasında əməkdaşlıq hansı istiqamətlərdə gücləndirilə bilər?

-Mən hesab edirəm ki, burada əsas məsələ əməkdaşlığın sistemli şəkildə qurulmasıdır. Dövlət qurumları, diaspor təşkilatları və yaradıcı şəxslər bir-birini tamamlamalıdır.

Bizim hər birimizin müəyyən imkanları və əlaqələri var. Bu imkanları birləşdirdikdə daha böyük və davamlı layihələr həyata keçirmək mümkündür.

Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, diaspor fəaliyyətinin inkişafına və xaricdə yaşayan azərbaycanlıların təşəbbüslərinə göstərdiyi davamlı diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradova fəaliyyətimizə göstərdiyi diqqət və dəstəyə, təşəbbüslərimizin həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edirəm.

İnanıram ki, dövlət dəstəyi, diaspor təşkilatlarının fəaliyyəti və yaradıcı insanların təşəbbüsləri bir araya gəldikdə Azərbaycan mədəniyyətinin dünyada daha geniş tanıdılması üçün çox böyük imkanlar yaranır.

image-705481671_26914983134822377_741271295785336028_n image-img_4493-jpg image-img_7352-jpg image-whatsapccp-image-2026-10-08-at-15-09-04 image-whatsapp-imaeege-2026-11-13-at-11-45-43 image-whatsapp-image-2026-10-08-athh-15-09-04 image-whatsapp-image-2026-11-13-at-11-45-43 image-whatsapp-image-2026-11-13sss-at-11-45-43 image-whatsapp-image-ww2026-11-13-at-11-45-43

Fuad Hüseynzadə
Diaspornews.az

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki