image-2000x150
image-4cd793b2-2d32-404f-a378-854f163ee3c0backend

20 Yanvar faciəsindən 34 il ötür

image-768x150

Əziz həmvətənlərim!

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Otuz dörd il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirlər.

Bu hadisələri görmüş və bu haqda geniş təfərrüatı ilə şeir yazmış Masallı rayonunun Qasımlı kənd sakini Fərəcova Ümüdvar Rəhman qızının 20 yanvar şəhidlərinə həsr etdiyi şeiri sizlərə təqdim edirik.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Qoy təzədən nəsillər,
görməsin qara yellər,
qoy bir də oxşamanı,
deməsin qəmli dillər.

Qoy bir də nahaq ölüm,
görməsin bizim ellər,
qoy bir daha boynunu,
bükməsin qızıl güllər.

Ürəyimizdə qalar,
and içirik bu dərdlər,
vətənə qurban olub,
o günahsız igidlər.

Yellər kimi əsərik,
bu dərdlərə dözərik,
bir daha xain əli,
vətənə çıxsa şərik,
inan o murdar əli,
biz kökündən kəsərik!

Dünya belə dünyadı,
şirin, acısı vardı,
Hamı da xəbərdardı.
Bu keşməkeşli dərddən,
hamının var payında,
çəkəcək bu əzabı,
həm qışında, yayında.

Bir gün bu qəmli günü,
yenə xatırlayanda,
beləcə düşünərsiz,
siz günləri sayanda.
həlak oldu igidlər,
axı YANVAR ayında.

Ürəyim doludur ki,
bu dərdləri yazıram.
vətənimin yolunda,
mən ölməyə hazıram!

Böyümüşük vətənin,
qucağında, dizində,
heç bir vaxt laqeydlik,
görməmişik üzündə.

Görsək ki vətən yanır,
yanacağıq közündə,
çünki bir məlahət var,
bu xalqımın özündə.

Böyümüşük hər zaman,
biz vətənin gözündə,
gör nə qədər böyüklük,
var bu VƏTƏN sözündə.

Bir gün bizə qara yel,
bir dəhşətlə əsəndə,
yandı bizim igidlər,
vətənin tüstüsündə.

Sanki bu dəhşətli gün,
yazılıbdır göylərə,
sanki bu dəhşətli gün,
var lampanın hisində.
Həlak oldu igidlər,
yanvarın iyirmisində.

Divarlaramı yazım?
daşlaramı de yazım?
deyin siz ey insanlar,
hanı o qəmli sazım?
Verin onu əlimə,
bir söz gəlsin dilimə,
deyim ürəyimdəki,
axan qara qanları,
çatdırım qoy elimə,
o şahmar ilanları.

Sazım da həzin-həzin,
öz havasını çalsın,
qoy sazım da özüm tək,
həmişə qəmli olsun.

Elə belə yazmıram,
bu sözləri inanın,
dillə deyə bilmirəm,
halıma siz də yanın.

Ey əhli müsəlmanlar!
qınamayın siz məni,
axı deyə bilmirəm,
mən də sizin deyəni.

Sizdən vuranda eşqdən,
mən fikirə dalıram.
Dəm vuranda qardaşdan,
ürəyimə salıram.
Atadan danışanda,
alışıram, yanıram,
tüstüm çıxmır başımdan,
oddan alovlanıram.
Özümü kiçiltmirəm,
nə də üstün bilmirəm,
lakin mən bu dərdləri,
ürəyimdən silmirəm.

image-aad18a1f-c11c-4f0f-b8ae-48d367a47362

Şeirin müəllifi: FƏRƏCOVA ÜMÜDVAR RƏHMAN QIZI
Hörmətlə: Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini – Fəyyazlı Mehdi Afiq oğlu

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki