Nümayəndəliyin rəhbəri Sadiq Nasir:
“Son dövr ərzində dövlət qurumları, media nümayəndələri, ictimai birliklər və diaspor təşkilatları ilə bir sıra işgüzar görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir”
“İstanbul Azərbaycan Jurnalistləri Həmrəylik və Yardımlaşma Dərnəyinin Azərbaycan nümayəndəliyi olaraq fəaliyyətimizi məsuliyyət və ardıcıllıqla davam etdiririk. Əsas məqsədimiz Azərbaycan ilə Türkiyə arasında media əməkdaşlığını daha da gücləndirmək, jurnalistlər arasında peşəkar həmrəyliyi inkişaf etdirmək və Türk dünyasının ortaq dəyərlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməkdir”.
Bu sözləri jurnalistlərə açıqlamasında İstanbul Azərbaycan Jurnalistləri Həmrəylik və Yardımlaşma Dərnəyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Sadiq Nasir deyib.
O, bildirib ki, son dövr ərzində dövlət qurumları, media nümayəndələri, ictimai birliklər və diaspor təşkilatları ilə bir sıra işgüzar görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir:
“Görüşlər zamanı ortaq media layihələrinin hazırlanması, gənc jurnalistlərin peşəkar inkişafına dəstək, təcrübə mübadiləsi və informasiya əməkdaşlığının genişləndirilməsi, eyni zamanda teatrımızın inkişafı istiqamətində də mühüm işlər görülmüşdür.
Dərnəyimizin media platforması olan Öztürk TV vasitəsilə Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, diaspor fəaliyyəti, Türk dünyasının birliyi və ölkəmizin beynəlxalq əhəmiyyətli mövqeyi ilə bağlı müxtəlif reportajlar, müsahibələr və maarifləndirici verilişlər hazırlanaraq ictimaiyyətə təqdim edilir. Məqsədimiz doğru və operativ informasiya təqdim etməklə yanaşı, Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırmaqdır.
Nümayəndəlik tərəfindən gələcək dövr üçün beynəlxalq media forumlarının, konfransların, mədəni tədbirlərin və ortaq televiziya layihələrinin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır. Eyni zamanda, Türk dünyasının media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi və birgə informasiya platformalarının yaradılması prioritet istiqamətlərimizdəndir.
Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin media vasitəsilə daha da güclənməsi üçün bütün imkanlarımızdan istifadə edəcəyik. İnanırıq ki, birgə həyata keçiriləcək layihələr Türk dünyasının informasiya məkanında daha sıx inteqrasiyasına və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Bu fəaliyyətlərdə bizə göstərilən etimada və dəstəyə görə İstanbul Azərbaycan Jurnalistləri Həmrəylik və Yardımlaşma Dərnəyinin rəhbərliyinə, media nümayəndələrinə, tərəfdaş təşkilatlara və bütün dostlarımıza təşəkkür edirik. Bizə dəstək olan qurumlar və insanlarla əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə inanıram”.





























