Bu gün ABŞ-da azərbaycanlı icmasının tanınmış üzvü, diaspor fəalı, pedaqoq və jurnalist Minəvvər Vahabovanın doğum günüdür. Xatırladaq ki, Minəvvər Vahabova 18 noyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 1982-ci ildə Şəki şəhər 5 №-li orta məktəbinin səkkizinci sinfini bitirib. 1982 – 1986-cı illərdə Şəki Pedaqoji Texnikumunda, 1987 – 1992-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti), 2007-ci ildən sonra əvvəl Kinqsboro ictimai kollecində (Nyu-York, ABŞ) bakalavr pilləsi üzrə, sonra isə Turo kollecində (Nyu-York, ABŞ) magistr pilləsi üzrə təhsil alıb.
O, 2007-ci ildən Nyu-York ştatında, 2018-ci ildən isə Nyu-Cersi ştatında yaşayır.
2008 – 2015-cı illərdə ABŞ Azərbaycan İcmasında həftəsonu məktəbində uşaqlara könüllü olaraq azərbaycan dili dərsi deyib. 2013-cü ildə Azərbaycan–Amerika Qadın Cəmiyyətini yaradıb. 2013 – 2019-cu illərdə Nyu-Yorkda fəaliyyət göstərmiş “Nyu-York Azərbaycan Evi”nin təsisçisi və sahibi olub.
2011 – 2013-cı illərdə “Radio Türküm” internet radiosunda həftədə iki dəfə “Azərbaycan saatı”nın aparıcısı olub. Həmçinin, müxtəlif vaxtlarda “Palitranews.az” saytında “Uzaqdakı yaxınlar” rubrikası altında yazıları dərc olunub.
2019-cu ildə “Şəms” Milli Mükafatı, 2022-ci ildə isə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib. Ailəlidir, Anar adlı oğlu və Nərmin adlı qızı var.
2018-ci ildə ABŞ-ın “UnionDocs” kinostudiyası Minəvvər Vahabovanın ailəsi haqqında sənədli film çəkib. “Nərminin doğum günü” adlı filmin hazırlığı 6 ay çəkib və ərsəyə gələn film 25 dəqiqəlik olub. Filmdə bir ailədə olan üç nəslin həyat hekayəsindən bəhs edilir.
“Dünya azərbaycanlılarının palitrası” və “Azərbaycançılıq ideyası – dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitablarda Minəvvər Vahabovanın da müsahibələri yer alıb.
Qeyd edək ki, Minəvvər Vahabovanın qardaşı Nəsib Kaşıyev Birinci Qarabağ müharibəsində – Şuşada şəhid olub.
“Diaspornews.az” olaraq Minəvvər Vahabovanı doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!