image-2000x150
image-1636469375_a7102c95-1475-35fe-8570-b3998a8ad9ac_850backend

Avstraliyadakı diasporumuz Prezident İlham Əliyevə müraciət ünvanlayıb

image-768x150

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayil Oyta Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir:

“Möhtərəm cənab Prezident!

Zati-alilərinizin komandanlığı altında 44 günlük muharibədə Azərbaycanın Müzəffər Ordusunun qələbəsi ilə nəticələnən uğurlu diplomatiyanızın sayəsində, bu gün 50 milyonluq Azərbaycan xalqı, dünyanın hər yerində alnıaçıq və başıuca bir xalq kimi yaşamaqdadır.

30 il ərzində, torpaqları ilə birlikdə, şəxsiyyəti, qüruru, mənliyi və etibarı tapdalanmış məğlub bir xalqın, küllər altından yenidən şölələnməsini, yenidən dirçəlməsini, yenidən başıuca və müzəffər yaşamağını Sizə borcluyuq. Bu həqiqəti, Quzeyli-Güneyli Azərbaycan xalqı tarix boyu unutmayacaqdır.

Cənab Prezident, Siz hər kəsdən yaxşı bilirsiniz ki, nəyi, necə və nə vaxt edəcəksiniz, və yürütdüyünüz uğurlu diplomatiya bunu hər zaman sübut etmişdir. Sizin 11 noyabr 2022-ci ildə, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə, eləcə də ondan 14 gün sonra ADA Universitetində keçirilən beynəlxalq konfransındakı çıxışlarınızda, Türk dünyasının “qanayan yarası” olan “Güney Azərbaycan” xalqının dərdləri və kədərlərinə toxunmanız, bu xalqın ümid qaynağına çevrilmişdi.

Sizin vurğuladığınız 200 milyondan çox nüfusa malik olan Türk Dünyasının, 40 milyonu Güney Azərbaycanda çox acınacaqlı durumda, dilini, kimliyini, mədəniyyətini və bir sözdə mənəvi varlığını itirməkdədir.

Biz bu gün çox xoşbəxtik ki, Sizin kimi böyük Sərkərdə, dünya çapında diplomatiyada, eləcə də muharibədə öz imzasını vuran bir ləyaqətli Lider və Ali Baş komandan, öz sərhədlərindən kənarda qalmış xalqının haqq səsini böyük tribunalardan ucaltmaqdadır.

Cənab Prezident, biz Güney Azərbaycan təşkilatlarının biri olaraq, əlimizdən gəldiyi qədər, azərbaycançılıq ideyalarına sadiq qalaraq, dilimizi, ənənələrimizi  mədəniyyətimizi və kimliyimizi qoruyub saxlamağa can atırıq. Bütün zülmlərə, təzyiqlərə, ayrı-seçkiliklərə, zindanlara, sürgünlərə, didərginliklərə rəğmən “Can Azərbaycan” deyə mücadilə verməkdəyik.

Möhtərəm cənab Prezident!

Sizin müdrik siyasətiniz nəticəsində öz kimliyini dərk edib və ürəyi Azərbaycan dövləti sevdası ilə döyünən Güney Azərbaycanda yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ərazisində olarkən adi əcnəbilərdən fərqlənməsi və dövlətlərinin həqiqətən onlara sahib çıxdığını hiss etmələri gələcəkdə Azərbaycanın öz tarixi torpaqlarına qayıtması, Bütöv Azərbaycan ehtişamına nail olmaq kimi böyük uğurlara yola aça bilər. Taleyin hökmü ilə bu gün Azərbaycan Respublikasından kənarda yaşayan hər bir azərbaycanlının ürəyinin arzusu müstəqil dövlətlərində adi əcnəbi kimi yox, daha yüksək statusa malik olmalarıdır. Bu status dünya azərbaycanlıları arasında heç vəchlə sarsıla bilməyən həmrəylik və birliyin meydana gəlməsinə səbəb olacaq.

Eyni zamanda bu gün Azərbaycan Respublikasından kənarda olsa da, tarixi torpaqlarımızda yaşayan 40 milyon hüdudunda azərbaycanlının öz müstəqil dövlətlərinə bağlılıqlarının əməli addımlarla artırılması istiqamətində Azərbaycan Respublikası ilə Güney Azərbaycan şəhərləri arasında gəliş-gedişin asanlaşdırılması, parçalanmış Azərbaycan milləti arasında inteqrasiyanın güclənməsinə təkan verəcək. Bu isə son nəticədə müstəqil və güclü Azərbaycan dövlətinin gücü və nüfuzunun daha da artmasına gətirib çıxaracaq. İnanırıq ki, bu mühüm məsələlər də böyük uğurlara imza atmış möhtərəm Prezidentimizin diqqəti sayəsində həll oluna bilər.

Hörmətli cənab Prezident!

Biz səmimi qəlbdən inanırıq ki, Siz təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının Prezidentisiniz və biz bir Azərbaycan təşkilatı olaraq, hər zaman Sizin siyasətlərinizi cani-dildən dəstəkləyirik. Biz inanırıq ki, Sizin müdrik siyasətiniz sayəsində Güney Azərbaycanlılar da öz statusunu tapacaqdır və bizdə öhdəmizə düşən hər bir vəzifəni layınqıncə yerinə yetirməyə hazırıq.

Cənab Prezident, öz növbəmizdə Zati-alilərinizə sonsuz təşəkkür və minnətdarlığımızı bildirməkdə şərəf duyuruq”.

image-16684006665028436319

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki