image-2000x150
image-75e7daa8-5304-4c6e-b57d-555d6844bc3abackend

Avstriyada “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihə təqdim olunub

image-768x150

Avstriyanın Lints şəhərində “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (“Palais Kaufmännischer Verein”), ”Bechstein” piano mərkəzinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriyanın Anton Brukner adına Konservatoriyanın tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” (Vətənimin rəngləri) adlı layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı “Bechstein” piano markasının nümayəndəsi Qeorq Vizenqer tədbiri giriş sözü ilə açaraq, Ayan Məmmədli ilə bir neçə müddətdir əməkdaşlıq etdiklərini və onun istedadını yüksək dəyərləndirdiyini vurğulayıb. Qeyd edilib ki, Ayanın ifasında Azərbaycanın milli musiqilərinin əks olunduğu yeni maraqlı layihənin geniş tamaşaçı auditoriyasını yaxından tanış etmək üçün mərkəz tərəfindən musiqili gecə təşkil edilib. O, Ayan Məmmədlinin uğurlu ifalarının çox bəyənildiyini bildirərək, gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istəyində olduqlarını bildirib.

Gecədə Avstriya parlamentinin deputatı Renate Haytz çıxış edərək tədbirdə iştirak edən Azərbaycan Respublikasının Avstriyadaki səfiri Rövşən Sadıqbəylini, onun şəxsində Azərbaycan diplomatik missiyasının digər nümayəndələrini və bütün tədbir iştirakçılarını ürəkdən salamlayıb. Avstriya ilə Azərbaycan arasında uzun illər mövcud olan əlaqələrdən söz açaraq bildirib ki, hər iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəni sahədə də əlaqələrin daim inkişaf etdirilməsi vacib və önəmlidir. Xanım Haytz Ayan Məmmədlinin bir gənc kimi bu istiqamətdəki fəaliyyətində ona uğurlar arzulayıb.

Gecədə çıxış edən Azərbaycan Respublikasının Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bu il Azərbaycanla Avstriya arasında mövcud olan diplomatik əlaqələrin 30 ilinin tamam olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanla Avstriya arasında mövcud münasibətlərin dərin tarixi köklərə malik olduğunu qeyd etməklə bildirib ki, bu əlaqələr hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründən başlayıb. O, öz çıxışında, həmçinin Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış Yuxarı Avstriya əyalətinin paytaxtı olan Lints şəhəri ilə bir çox sahələrlə yanaşı mədəniyyət sahəsində də təcrübə mübadiləsinin aparılması barədə razılığın əldə olunmasını qeyd edib və bu şəhərdə yerləşən Anton Brukner adına Konservatoriyanın tələbəsi gənc pianoçu Ayan Məmmədlinin bir mədəniyyət nümayəndəsi kimi gələcəkdə bu əlaqələrin inkişafı yolunda layiqli töhfələr verəcəyinə inandığını bildirib. Səfir qeyd edib ki, hazırkı tədbir Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illiyinin tamam olduğu günə təsadüf edir.

Tədbirdə iştirak edən Ayan Məmmədlinin müəllimi, Avstriyanın Anton Brukner adına Konservatoriyasının professoru, dünyaşöhrətli Oleq Marşev, tamaşaçılarla söhbət zamanı Ayan kimi tələbəsiylə qürur duyduğunu və onun böyük gələcəyi olacağına inandığını söyləyib.

Tədbirdə çıxış edən musiqi gecəsinin səbəbkarı, gənc pianoçu Ayan Məmmədli bildirib ki, bu layihəni hazırlamaqda əsas məqsəd milli musiqi əsərlərinin bütün dünyaya tanıdılması və xarici ölkələrlə mədəni əlaqələrimizin gələcək yeni istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verməkdir. Anton Brukner adına Avstriya Konservatoriyasında cəmi 3 ilə yaxındır təhsil alan, lakin gənc olmasına baxmayaraq, öz istedadı, bacarığı, 4 dilə varid olmaqla yüksək kürsülərdən sərbəst nitqlər söyləmək qabiliyyəti və nəhayət məharətli piano ifaçılığı, yüksək musiqi duyumu ilə onu ilk dinləyən hər kəsin sevimlisinə çevrilən Ayan Məmmədli, bu dəfə öz sözünü sevimli tamaşaçılarına həm səlist nitqi, həm də musiqi dili ilə Avstriyanın Linz şəhərində möhtəşəm “Palais Kaufmannischer Verein” sarayının səhnəsindən söyləməklə, Azərbaycan musiqilərini əcnəbilərə və həmyerlilərimizə böyük şövqlə çatdırıb.

Ayan Məmmədlinin tədbirdə təqdim etdiyi “Bayatı-Şiraz” muğamı, Azərbaycanın xalq mahnıları olan “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı gəlin” mahnıları, Fikrət Əmirovun və Avropa bəstəkarlarının əsərlərindən səsləndirdiyi bəzi nümunələr tədbir iştirakçıları tərəfindən böyük hərarət və alqışlarla qarşılanıb. Tədbirin sonunda gecənin təşkilatçısı “Bechstein” piano şirkətinin nümayəndəsi Qeorq Vizenqer gənc pianoçu Ayan Məmmədliyə həm yerli Avstriya tamaşaçılarına həm də azərbaycanlı qonaqlara belə maraqlı musiqi axşamı bəxş etdiyi üçün öz dərin təşəkkürünü bildirib və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki