Yanvarın 7-də Rusiyanın Novorossiysk şəhərində “Vahid Ailə” çoxuşaqlı ailələr icması və Krasnodar diyarı Azərbaycanlıları Birliyinin birgə təşkilatçılığı ilə Yeni il və Milad bayramı münasibəti ilə şənlik keçirilib.
“Diaspornews.az” saytı xəbər verir ki, şəhərin Milli Mədəniyyətlər Mərkəzində keçirilən bayram tədbirində Şaxta baba və Qar qız uşaqları təbrik edib və hədiyyələr təqdim ediblər.
Şaxta baba, Qar qızın, eləcə də Krasnodar diyarı Azərbaycanlıları Birliyinin gözəl hədiyyələri çoxuşaqlı ailələrdən olan uşaqları və müharibə iştirakçılarının ailələrini sevindirib.
Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev çıxış edərək hər kəsin bayramını təbrik edib və uşaqlara sevinc bəxş etməkdən mənəvi zövq aldıqlarını deyib: “Krasnodar diyarı Azərbaycanlıları Birliyinin üzvləri insanları etnik mənsubiyyətinə, dini mənsubiyyətinə görə ayırmadan davamlı olaraq xeyriyyə aksiyaları keçirir. Bunun bariz nümunəsi bu gün uşaqlar üçün Milad bayramında keçirdiyimiz şənlikdir”.