Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Tarixi Şəxsiyyətlər Klubu 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil edib. Bu haqda Diaspornews.az-a Arəbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbiri giriş nitqi ilə klubun sədri, Tarix ixtisası üzrə təhsil alan III kurs tələbəsi Rəqsanə Mürsəlova açıb. Klub sədri Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasını qoyan tarixi hadisələr haqqında məlumat verib, Həmrəylik Gününün təsis olunmasında və bayram kimi qeyd olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb.
Ardınca Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinski, kafedranın müəllimi Tərlan Ağayev, Sosial işin təşkili kafedrasının müəllimi Babək Məhərrəmovun məruzə və çıxışları dinlənilib, klub üzvlərinin hazırladıqları videoçarxlar nümayiş olunub. Məruzə və çıxışlarda, o cümlədən videoçarxlarda həmrəylik gününün təsis edilməsinin tarixi əhəmiyyəti, Azərbaycan dövlətinin diaspor quruculuğu, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu haqqında məlumat verilib. Qeyd edilib ki, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin ən mühüm icra mexanizmlərindən olan dünya azərbaycanlılarının qurultayları xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı həmrəylik gününü Vətənə sədaqətinin rəmzi kimi hər il böyük ruh yüksəkliyi ilə qeyd edir.
Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun nümayəndələri – Misirdə Azərbaycan diasporunun sədri Seymur Nəsirov, Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov, Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Telman Cəlil, Alman – Azərbaycan Dostluq Cəmiyyətinin və “Almaniyada Vətən Naminə” hərəkatının sədri Azad Rəhimov, Hollandiya Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə, Türkiyənin Kastamonu Universitetində fəaliyyət göstərən Azərbaycan Turan Topluluğunun nümayəndəsi Səlim Hacıyev, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” rəqs ansamblının bədii rəhbəri Fatma Nəzərli Əliyeva tədbirə təbrik videoları ilə qoşularaq Azərbaycan Universitetinin rəhbərliyini, professor-müəllim heyətini və tələbələri Həmrəylik Günü münasibətilə təbrik ediblər.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.






























