image-2000x150
image-1111111111111backend

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

image-768x150

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında münasibətlərin inkişafı yeni tərəfdaşlıq imkanlarının yaranması ilə diqqət çəkir. Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq əlaqələrinin möhkəmləndirilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat isə siyasi münasibətlərin dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açır.

Prezidenti İlham Əliyevin bəyanatı iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi mesajlarla yadda qalıb. Dövlət başçısının çıxışında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı və yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması əsas istiqamətlər kimi diqqət çəkib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat Azərbaycan ilə Laos arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Bu sənəd iki ölkənin qarşılıqlı maraqlara əsaslanan münasibətlərinin daha da dərinləşdirilməsi, mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması iki dövlət arasında formalaşmış siyasi əlaqələrin davamlılığını göstərir. Bu müddət ərzində tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirib, müxtəlif platformalarda əməkdaşlıq imkanlarından istifadə ediblər. Prezident İlham Əliyevin bəyanatında siyasi münasibətlərin uğurlu inkişafı xüsusi vurğulanıb. Dövlət başçısının fikirlərindən aydın olur ki, Azərbaycan və Laos mövcud siyasi dialoqu yalnız qoruyub saxlamaq deyil, həm də onu yeni məzmunla zənginləşdirmək niyyətindədir. Dövlətlər arasında yüksək səviyyəli səfərlər və müntəzəm təmaslar qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılmasına və ortaq maraqların müəyyənləşdirilməsinə şərait yaradır.

Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Thonqlun Sisulitin daha əvvəl Azərbaycanda olmasına baxmayaraq, hazırkı səfər Laos dövlət başçısının ölkəmizə ilk rəsmi səfəridir. Bu fakt ikitərəfli münasibətlərin institusional və diplomatik baxımdan daha yüksək səviyyəyə qaldırılması üçün yeni imkanlar açır. Parlamentlərarası əlaqələrin inkişafı da siyasi tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Hər iki ölkədə dostluq qruplarının yaradılması, parlamentlərarası təşkilatlarda əməkdaşlıq və hakim partiyalar arasında imzalanmış Anlaşma Memorandumu siyasi münasibətlərin müxtəlif səviyyələrdə möhkəmləndirilməsinə xidmət edir. Bu əlaqələr dövlətlərarası dialoqun davamlılığını təmin etməklə yanaşı, qanunvericilik təcrübəsinin bölüşdürülməsi və qarşılıqlı anlaşmanın artırılması üçün də zəmin yaradır.

Azərbaycan ilə Laos arasında münasibətlərin inkişafında əsas prioritetlərdən biri iqtisadi əlaqələrin genişləndirilməsidir. Prezident İlham Əliyev bəyanatında mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını və əməkdaşlıq niyyətlərini tam əks etdirmədiyini bildirib. Bu yanaşma iqtisadi münasibətlərin yeni mərhələyə keçirilməsi üçün konkret addımların atılmasının vacibliyini ortaya qoyur. Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və yeni kommersiya təşəbbüslərinin irəli sürülməsi baxımından mühüm platforma ola bilər. Belə tədbirlər yalnız ticarət əlaqələrinin genişləndirilməsinə deyil, həm də biznes mühitləri arasında məlumat mübadiləsinin gücləndirilməsinə xidmət edir.

Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşu sahəsində qazandığı təcrübə Laos ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan konkret investisiya layihələrinə böyük maraqla baxmağa hazırdır. Bu, əməkdaşlığın ümumi niyyətlər səviyyəsində qalmaması, real iqtisadi nəticələrə yönəlməsi baxımından vacibdir.

Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi də iki ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivlər açır. Hər bir istiqamətdə konkret layihələrin müəyyənləşdirilməsi, biznes subyektlərinin fəallığının artırılması və qarşılıqlı investisiyaların təşviqi tərəfdaşlığın praktiki məzmununu gücləndirə bilər.

Azərbaycan–Laos münasibətlərinin mühüm istiqamətlərindən biri də təhsil sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev bəyanatında sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpa edilməsini təklif edib. Bu təşəbbüs iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi, gənclər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və peşəkar kadr hazırlığı baxımından əhəmiyyətlidir. Təqaüd proqramlarının yaradılması laoslu tələbələrin Azərbaycanda ali təhsil almasına şərait yarada, eyni zamanda, Azərbaycan təhsil müəssisələrinin beynəlxalq əlaqələrini genişləndirə bilər. Təhsil sahəsində əməkdaşlıq uzunmüddətli perspektivə malikdir. Azərbaycanda təhsil alan tələbələr gələcəkdə öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərərək iki dövlət arasında əlaqələrin inkişafına töhfə verə bilərlər. Beləliklə, təhsil yalnız humanitar mübadilə vasitəsi deyil, həm də gələcək iqtisadi və siyasi tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm amildir.

Prezident İlham Əliyevin bəyanatı Azərbaycan ilə Laos arasında münasibətlərin geniş potensiala malik olduğunu və tərəflərin bu potensialı reallaşdırmaqda maraqlı olduqlarını göstərir. Siyasi dialoqun möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və təhsil sahəsində tarixi ənənələrin bərpası ikitərəfli münasibətlərin əsas istiqamətlərini təşkil edir. Birgə Bəyanatın qəbul edilməsi isə bu istiqamətlərin vahid siyasi çərçivədə müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Qarşılıqlı maraqların konkret layihələrə çevrilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafını şərtləndirən əsas amillər olacaq. Azərbaycanın xarici siyasətində dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri mühüm yer tutur. Laos ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması da bu yanaşmanın daha bir nümunəsi kimi qiymətləndirilə bilər.

 

 

Zenfira Nurullayeva,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki