image-2000x150
image-whatsapp-imavvvge-2026-09-10-at-09-18-28backend

Azərbaycandakı müxtəlif dini icmaların birgəyaşayış təcrübəsi İsrail gənclərinə tanıdılacaq

image-768x150

 “Gənclərin Töhfəsi” İctimai Birliyinin nümayəndələrinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi İsrail səfəri çərçivəsində sentyabrın 7-də Təl-Əvivdə Dağ Yəhudilərinin baş ravvini və icma rəhbəri, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) İdarə Heyətinin üzvü, həmçinin İsraildə fəaliyyət göstərən “Qayıdışın Üfüqü” (“Keren Shel Tixiya”) təşkilatının sədri Şmuel Simantovla görüş keçirilib.

Görüş zamanı Azərbaycan və İsrail xalqları arasında tarixən formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətlərinin daha da inkişaf etdirilməsi, xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycanın Oğuz rayonunda anadan olan və Birinci Qarabağ müharibəsində iştirak etmiş Şmuel Simantov Azərbaycanla bağlı xatirələrini bölüşüb, ölkəmizin tarixini, mədəniyyətini və burada mövcud olan multikultural mühiti yaxından tanımasının Azərbaycan və yəhudi xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.

Şmuel Simantov uzun illər ərzində Azərbaycan və İsrail arasında humanitar, ictimai və mədəni əlaqələrin inkişafına töhfə verən fəaliyyətindən danışaraq, iki xalqı birləşdirən əsas amillər sırasında qarşılıqlı hörmət, etimad, tolerantlıq və multikultural dəyərlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə Azərbaycanın tolerantlıq ənənələri və dövlət-din münasibətlərinin yüksək səviyyəsi də xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycanda müxtəlif dini və etnik icmaların dinc şəraitdə birgə yaşaması ölkənin zəngin multikultural irsinin mühüm göstəricilərindən biridir. Rav Şmuel Simantov yəhudi icmasının Azərbaycan xalqı və dövlətinin yanında olduğunu, Azərbaycan-İsrail münasibətlərinin inkişafını və xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsini yüksək qiymətləndirdiyini bildirib.

Söhbət zamanı 44 günlük Vətən müharibəsi dövründə Təl-Əvivdə Azərbaycana dəstək məqsədilə keçirilən tədbirlərdə gənclərin fəallığı da xüsusi qeyd olunub. Şmuel Simantov həmin dövrdə Azərbaycan həqiqətlərinin çatdırılması və ölkəyə dəstək nümayiş etdirilməsi istiqamətində gənclərin təşəbbüslərinin mühüm ictimai əhəmiyyət daşıdığını bildirib.

Görüşdə Azərbaycan və İsrail gəncləri arasında əlaqələrin gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, gənclər iki ölkə arasında münasibətlərin yalnız bu günü deyil, gələcəyini formalaşdıran əsas sosial qüvvələrdən biridir. Bu baxımdan, gənclər təşkilatları arasında birbaşa əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin təşkili, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan və İsrail gənclərinin iştirakı ilə mədəniyyət, tarix, multikulturalizm, könüllülük, humanitar fəaliyyət, innovasiya və sahibkarlıq istiqamətlərində birgə təşəbbüslərin reallaşdırılmasının mümkünlüyünü müzakirə edilib. Eyni zamanda, gənclər arasında qarşılıqlı maarifləndirmə proqramlarının, forumların və ictimai diplomatiya layihələrinin keçirilməsinin xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edə biləcəyi bildirilib.

Görüşdə xüsusilə gənclərin Azərbaycan və İsrail haqqında düzgün və obyektiv məlumatların yayılmasında fəal rol oynamasının vacibliyi vurğulanıb. Bu istiqamətdə sosial media platformalarından, rəqəmsal layihələrdən və gənclərin yaratdığı media təşəbbüslərindən daha səmərəli istifadə etməklə iki ölkənin gəncləri arasında yeni kommunikasiya imkanlarının yaradılması təklif olunub.

Bununla yanaşı, Azərbaycanın multikulturalizm modeli və ölkədə müxtəlif dini icmaların birgəyaşayış təcrübəsinin İsrail gənclərinə tanıdılması, eləcə də İsrailin müxtəlif sahələrdə əldə etdiyi təcrübələrin Azərbaycan gəncləri ilə paylaşılması gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib.

Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, ictimaiyyətlə əlaqələr departamentinin direktoru Fuad Hüseynzadə bildirib ki, Azərbaycan və İsrail gəncləri arasında əməkdaşlığın inkişafı qarşılıqlı dostluq və etimadın daha da möhkəmlənməsinə, yeni sosial və humanitar təşəbbüslərin meydana çıxmasına şərait yarada bilər. Gənclər arasında qurulan əlaqələrin uzunmüddətli perspektivdə iki ölkə arasındakı münasibətlərin ictimai əsaslarını daha da gücləndirəcəyinə inam ifadə olunub.

Görüşün sonunda “Gənclərin Töhfəsi” İctimai Birliyi adından Şmuel Simantova Azərbaycan-İsrail dostluğunun və xalqlar arasında qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim olunub. Həmçinin Azərbaycanın multikultural mühitini, xalqımızın zəngin tarixi-mədəni irsini və Qarabağ Zəfərini əks etdirən kitab hədiyyə edilib.

Görüş Azərbaycan və İsrail arasında mövcud dostluq münasibətlərinin gənclər səviyyəsində daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Gələcəkdə birgə təşəbbüslərin sayının artırılması, gənclər təşkilatları arasında davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması və iki ölkənin gənclərinin qarşılıqlı layihələrdə daha fəal iştirak etməsinin vacibliyini qeyd edilib.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki