Mayın 7-də Rusiya Federasiyasının Volqaqrad şəhərində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə “Böyük Qələbə nəğməsi” 1-ci regional bədii yaradıcılıq festival-müsabiqəsi keçirilib. Bu müsabiqədə Azərbaycan diasporunu Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının gənc fəal üzvü Türkan Fərəciyeva təmsil edərək I yeri qazanıb. Bu haqda “Diaspornews.az”a Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Nəhmədov məlumat verib.
“Böyük Qələbə nəğməsi” 1-ci regional bədii yaradıcılıq festival-müsabiqəsində Volqaqradda yaşayan müxtəlif xalqların nümayəndələri faşizm üzərində qələbəyə həsr olunan mahnılar ifa ediblər. Müsabiqədə Türkan Fərəciyevanın ifası münsiflər heyııtinin və tamaşaçıların marağını cəlb edib. Sonda isə Türkan Fərəciyeva qalib olaraq “Diplom”la təltif edilib.
Həmçinin ictimai fəallığına görə təşkilatçılar tərəfindən Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatı Bəhram Nəhmədova “Təşəkkür məktubu” təqdim edilib.
Xatırladaq ki, Türkan Fərəciyeva Volqaqrad şəhər Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir. O, eyni zamanda diaspor işində də aktivlik göstərir. Müxtəlif konsert proqramlarında çıxış edir. Bu vaxta kimi saysız fəxri fərman və diplomlara layiq görülüb.