Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Xalq qəzeti”nin əməkdaşı, Milli Fikir və İnkişaf Mərkəzinin təsisçisi Anar Turanın “Azərbaycan dostları ilə daha qüdrətlidir” sərlövhəli məqaləsi Pakistanın “Dispath News Desk” (DND) xəbər agentliyinin saytında (dnd.com.pk) yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan-Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, əməkdaşlığın hazırkı səviyyəsi və perspektivləri barədə ətraflı məlumat verilib. Hazırda İslam aləmində ən qüdrətli ölkələrdən biri olan Pakistanın müsəlman coğrafiyasındakı problemlərə həssas və təəssübkeş siyasətindən bəhs edilib. Yazıda, Pakistanın Ermənistanın-Azərbaycan münaqişəsi dövründə daim Azərbaycanın yanında olduğu, ölkəmizin haqq mübarizəsini qətiyyətlə dəstəklədiyi qeyd olunub. Xüsusilə 44 günlük Vətən müharibəsində ilk gündən ölkəmizin yanında olan qardaş Pakistan dövlətinin Azərbaycana siyasi-mənəvi dəstəyindən, cəmiyyətimizdə bu ölkəyə və xalqa dərin hörmət və məhəbbətdən söhbət açılıb.
Məqalədə, ölkəmizin də hər zaman Pakistanla mehriban dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirdiyini, Azərbaycan, Türkiyə və Pakistan birliyinin bölgədə sülhün möhkəmlənməsi üçün vəd etdiyi nəticələrə və perspektivlərə toxunulub.
Yazının tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://dnd.com.pk/azerbaijan-is-stronger- with-its-friends/270117