Uzun illərdir ki, ABŞ-da yaşayan keramika rəssamı Səidə Haqverdi (Fagala) aprel ayında Hyustonda keçiriləcək “Bahar” sərgisində iştirak edəcək. Bu haqda “Diaspornews.az”a Səidə Haqverdi eksklüziv olaraq açıqlama verib.
Səidə Haqverdi deyib ki, yazın gəlişi münasibətilə keçiriləcək bu sərgiyə “Bahar” adı verilib: “Aprel ayında bu sərgidə iştirak edəcəm. Bu keramika və çiçək rəssamlarının sərgisidir. Deməli, floristlər keramikanı bəzəyəcəklər. Çox gözəl bir şou olacaq.
Bu il bir sərgim də payızda olmalıdır. Mən elə düşünürəm ki, bunun mövzusu “Sülh” olacaq”.
Qeyd edək ki, ABŞ-da keramika sənətinə, o cümlədən həmvətənimzin əl işlərinə böyük maraq var. “Mənim sənətimi sevən pərəstişkarlarım var. Bütün bu illər ərzində mən bir rəssam kimi çalışmışam və müxtəlif qalereyalarda öz sənətimi nümayiş etdirmişəm. Mənim əsərlərim nüfuzlu sərgilərdə göstərilib. Bəzi insanlar mənim keramika işlərimi toplayırlar. Onlar əsərlərimi, həmçinin “Instagram”da və digər sosial şəbəkələrədə paylaşırlar,-deyə Səidə Haqverdi öz sənəti haqda danışarkən bildirib .
Həmvətənimiz hazırda Hyustonda keramika sənətini tədris də edir: “2013-cü ildə Post Oak Məktəbində təsviri sənətdən dərs deməyə başladım. Bu mənim ən böyük həvəsim və missiyamdır, təcrübəmi ötürmək, uşaqlarla işləmək və yeni ideyalar və ilham qaynaqları kəşf etməkdir.
Mən hazırda Montessori məktəbində ibtidai sinif şagirdləri ilə işləyirəm. Bizim məktəbimiz beynəlxalqdır, burada müxtəlif xalqların nümayəndələri oxuyurlar.
Mən, həmçinin keramika qrupu ilə çalışıram. Bu mənim əsas işimdir. Keramikamı keramika emalatxanasında düzəldirəm. Mənim ən sevimli materialım çini və mavi kobaltdır. Çalışıram əl işlərim sadə və gözəl formada olsun”.
Səidə Haqverdi deyir ki, oğlu Cəmil onun əsas ilham qaynaqlarından biridir: “Cəmil həm də mənim menecirimdir. İndi biz birlikdə bir layihə üzərində işləyirik”.
Xatırladaq ki, Səidə Haqverdinin uzun illər əvvəl Ülviyyə adlı qızı dünyasını dəyişib. “Qızım iki yaşında ikən rəhmətə getdi. Bu il onun 40 yaşı olacaqdı. Onun indi necə görünəcəyini təsəvvür edirəm… Bu yaxınlarda hazıladığım “Portret” adlı silsilə əsərlərim itirdiyim qızıma həsr olunub”, – deyə rəssam öz iztirabını bildirib.
Qeyd edək ki, Səidə Haqverdi Bakı şəhərində tanınmış rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlib. Səidə xanım 1977-ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Şüşə və keramika fakültəsinə qəbul olub. 1998-ci ildən ABŞ-da yaşayır. 2000-ci ildən Texas Clay Assosiasiyası və Hyuston Clay Rəssamlar dərnəyinin üzvüdür. O, eyni zamanda ABŞ-da tanınmış diaspor üzvü İradə Axundova ilə birgə ölkəmizin təbliğ olunması işində fəallıq göstərir. 2004-cü ildən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (HBQŞA) Mədəniyyət şöbəsinin rəhbəridir.