Avqustun 20-də Bakıda “Uzaq Şərqin izləri” – Yaponiya Mədəniyyəti Sərgisi çərçivəsində xüsusi mədəniyyət və incəsənət tədbiri keçirilib. Diaspornews.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqında keçirilən tədbiri təşkilatçılar Fərid Rzayev və Cəbrayıl Zəkiyev açaraq qonaqları salamlayıblar. Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya və digərləri çıxış ediblər.


Çıxışlar zamanı Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iki ölkənin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

“Uzaq Şərqin izləri” sərgisi Yaponiyanın zəngin mədəni irsinin və incəsənət ənənələrinin Azərbaycanda tanıdılmasına xidmət edib. Sərgi çərçivəsində təqdim olunan əsərlər və mədəni nümunələr iştirakçılarda böyük maraq doğurub.


Tədbirdə nüfuzlu xüsusi qonaqlar, sənət və mədəniyyət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, belə tədbirlər Azərbaycan və Yaponiya arasında mədəni dialoqun inkişafına və xalqlar arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.

Xatırladaq ki, tədbirin media tərfdaşlarından biri də Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi və “Diaspornews.az” saytıdır.






































