Xəbər verildiyi kimi, bu ilin iyul ayında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin Belarus Respublikasına işgüzar səfəri olmuşdur. Səfər çərçivəsində Fuad Hüseynzadə Minskdə Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Sinyavskiy Vadim İvanoviçlə də görüşərək müəllifi olduğu “Böyük Qələbənin varisləri” («Наследники Великой Победы») kitabını təqdim etmişdir. Görüşdə, həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin hərbi attaşesi polkovnik Rəşad Quliyev də iştirak etmişdir.
Diaspornews.az xəbər verir ki, bu görüşlə bağlı Belarusun Fövqəladə Hallar Nazirliyinin “Xilasetmə xidməti” («Служба спасения») jurnalının növbəti sayında “Xalqları birləşdirən kitab” başlığı ilə xəbər dərc olunub. Yazıda kitabın əhəmiyyəti və görüşün məqsədi haqqında məlumat verilib: “Müəllif 80 il əvvəl Belarus torpaqlarının azad edilməsi zamanı azərbaycanlı oğulların göstərdiyi qəhrəmanlıqdan danışıb. O qeyd edib ki, bu insanların nəslinin nümayəndələri bu gün Belarusdakı Azərbaycan diasporunu təmsil edirlər. Vadim Sinyavski yazıçıya səmimi təşəkkürünü bildirərək vurğulayıb ki, bu kimi layihələr tarixi yaddaşın qorunmasına və onun gənc nəslə ötürülməsinə kömək edir”.






























