image-2000x150
image-1-azpng-1702785728backend

Beynəlxalq Həmrəylik Qrupunun dəstəyi ilə ekologiya mövzusunda beynəlxalq konfrans keçirildi

image-768x150

Beynəlxalq Həmrəylik Qrupunun (BHQ) dəstəyi ilə Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar “Gələcək inkişaf: ekoloji problemlər və onların həlli yolları” adlı onlayn formatda beynəlxalq konfrans keçiriblər. Konfransın təşkilinə BHQ-nin müxtəlif ölkələri təmsil edən kordinatorları, o cümlədən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu (Azərbaycan), Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs (Azərbaycan), Smolensk Humanitar Universiteti (Rusiya), Smolnıy Universiteti (Rusiya) təşkilati, mənəvi dəstək veriblər. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Avstraliya, İordaniya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Tacikistan, Polşadan millət vəkilləri, alimlər, ictimai xadimlər, dövlət orqanlarının təmsilçiləri, diaspor liderləri, müəllimlər, hüquqşunaslar, jurnalistlər, politoloqlar, araşdırmaçılar qatılaıblar.

Tədbirdə ilk olaraq çıxış edən Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi Mübariz Göyüşlü bir ilə yaxındır ki, fəaliyyət göstərən Beynəlxalq Həmrəylik Qrupunun, onun 20-yə qədər ölkədən olan kordinatorlarının gördüyü işlərdən, keçirdiyi tədbirlərdən bəhs edib. Onun sözlərinə görə ekologiya mövzusu, ekoloji sahədə baş verənlər hər kəsi düşündürməlidir. M.Göyüşlü ekoloji dəyişikliklərin, anomal təbiət hadisələrinin hər kəsə təsir etdiyini açıqlayıb. COP28 tədbirinin əhəmiyyətindən danışan M.Göyüşlü COP29-un Azərbaycanda keçiriləcəyini məmnunluqla qarşıladıqlarını qeyd edib.

Millət vəkili Ceyhun Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin vacibliyindən danışıb. O, iqlim dəyişikliklərinin yaratdığı çətinlikləri diqqətə çatdırıb. Bu istiqamətdə ictimai qurumların aktivliyinin vacibliyini vurğulayan C.Məmmədov Ermənistanın hələ də Azərbayacana qarşı ekoloji təxribatlar törətməsini qınayıb. Millət vəkili iqlimin anomal şəkildə dəyişməsinə toxunaraq bunun fəsadlar yaratdığını söyləyib. O, BHQ-nin bundan sonra da belə vacib tədbirlər təşkil edəcəyinə inandığını vurğulayıb.

Millət vəkili Jalə Əhmədova bəşəriyyətin ekoloji problemləri tam dərk etmədiyini vurğulayıb. J.Əhmədova ekologiya ilə yanaşı qidaların tərkibində də problemlər yaşandığını açıqlayıb. Millət vəkili sənaye müəssisələrinin tullantılarının, avtomobillərin ekologiyaya vurduğu təsirlərin ciddi məsələ olduğunu söyləyib. O, biomüxtəlifliyin, meşələrin qorunmasına diqqəti cəlb edib. Torpaqlarımızın 30 il ərzində işğal vaxtı ermənilər tərəfindən dağıdıldığını söyləyən J.Əhmədova dövlətimizin bunu aradan qaldırmaq üçün çoxsaylı işlər gördüyünü bildirib. Millət vəkili ekologiyanın qorunması üçün cəzaların, cərimələrin, ictimai qınağın vacibliyini qeyd edib.

İqlim dəyişikliyinin çox şeyə təsir etdiyini deyən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa ekoloji problemlərin həllində hər kəsin birgə çalışmasının vacibliyinə toxunub. O, müharibədə qalib gəlmiş Azərbaycan xalqının güclü potensialının olduğunu, bu imkanlardan düzgün istifadəyə ciddi ehtiyac yarandığını açıqlayıb. O, Beynəlxalq Həmrəylik Qrupunun da gələcəkdə bu istiqamətdə ciddi çalışmalar həyata keçirəcəyini söyləyib.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov bu beynəlxalq platformanın mühüm əhəmiyyət daşıdığını söyləyib. O, iqlim dəyişmələrinin, torpaq və su problemlərinin dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İcraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bu tədbirin təşkilinə dəstək verdiklərini söyləyib. O, ekoloji problemləri qlobal miqyasda ən böyük problemlərdən biri kimi xarakterizə edib. Alim ölkəmizdəki ekoloji problemlərdən də danışıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev “Təbii fəlakətlərin əhalinin məskunlaşmasına təsirinin ekoloji aspektləri” mövzusunda çıxış edib. Onun sözlərinə görə ekoloji problemlər dünya miqyasında üçüncü sırada dayanır. O, qlobal istiləşmənin yaratdığı çətinlikləri sadalayıb. Alim, Azərbaycanda sel, dolu vurma, sürüşmə, daşqın kimi təbii fəlakətlərin artdığını, 400-dən çox yaşayış məntəqəsinin sürüşmə təhlükəsi altında olduğunu, hər il 30-35 milyon manatlıq zərər dəydiyini qeyd edib.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov “Şirin su ekosistemlərinin ekoloji problemləri” mövzusunda çıxış edib. O, şirin su ekosistemlərinin ciddi problemə çevrildiyini, Azərbaycanda şirin su ehtiyatlarının az olduğunu söyləyib. Şöbə müdiri, Azərbaycan iqlimində ciddi dəyişikliklərin getdiyini söyləyib. M.İsmayılov yerli su ehtiyatlarından qənaətlə və planlaşdırılmış şəkildə istifadə etməyin vacib olduğunu vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin rəhbəri Amin Məmmədov Dubay şəhərində 4-9 dekabrda keçirilən COP28 tədbirində iştirakı ilə bağlı təəssüratını bölüşüb. O, 120-dən çox ölkənin, o cümlədən Azərbaycanın orada pavilyonunun olduğunu, böyük maraqla qarşılandığını söyləyib. A.Məmmədov orada maraqlı sessiyalar təşkil etdiklərini dilə gətirib. Çıxışçı Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı vətəndaş cəmiyyəti, xaricdəki azərbaycanlılar tərəfindən görülməsi vacib olan işlər haqqında təkliflər də səsləndirib.

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədri Xeyransa Mirzəyeva uşaqlıqdan ekoloji təlim, maarifləndirmə işini aparmağın vacib olduğunu söyləyib.

Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Anar Mustafazadə “Orta təhsildə ekoloji təlimin vəziyyəti” mövzusunda çıxış edib. O, Azərbaycan orta məktəblərində, dərsliklərdə ekoloji savadlılıq məsələsinə diqqəti artırmağın vacibliyindən danışıb.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta COP29-a ev sahibliyi edəcək Azərbaycanı təbrik edib. M.Oyta iqlim dəyişikliyinin təsirlərindən, süni müdaxilələrin yaratdığı problemlərdən danışaraq, uşaqların bu istiqamətdə maarifləndirilməsinə diqqəti çəkib.

Rusiyanın Yaroslavl şəhərindən tədbirə qoşulan “Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova Beynəlxalq Həmrəylik Qrupunun fəal çalışmalar həyata keçirdiyini qeyd edib. X.Qəmbərova İranda Urmu gölünün qurudulmasına, yaranan ekoloji problemə etiraz olaraq fikirlərini bölüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin baş məsləhətçisi Şakir Qəniyev təmsil etdiyi qurumun ekologiyanın qorunması, mühafizəsi sahəsində gördüyü işlərdən danışıb.

Əməkdar müəllim Aydın Allahverdiyev dərsliklərdə təbii-coğrafi şəraitin tarixi, ictimai proseslərə təsirinin zəif işıqlandırıldığını qeyd edib. O, ekologiyanın qorunmasına kompleks yanaşmanın vacib olduğunu söyləyib.

Eko-Tes təşkilatının təmsilçisi Çingiz Nəzərov ekologiyaya ziyan vuranlara cəza tətbiq etməklə yanaşı, maarifləndirməyə də ehtiyacın çox olduğunu vurğulayıb. O, dünyada ekologiya mövzusunda donorluq edən təşkilatların yardımından faydalanmağı vacib sayıb.

Türkiyənin Antalya şəhərindən toplantıya qoşulan ictimai xadim Ceyran Səttarova özünün orta məktəbdəki pedaqoji təcrübəsindən söz açaraq ekologiya ilə bağlı maarifləndirmənin məhz orta məktəblərdən başlanılmasının vacib olduğunu söyləyib. Türkiyədə baş verən meşə yanğınlarına toxunan C.Səttarova məktəblərdə bununla bağlı artıq proqramlar hazırlandığını da qeyd edib.

Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin, BMT və qlobal iqtisadi təşkilatlar şöbəsinin əməkdaşı Tacirə Mahmudova COP29 tədbirlərinin daha çox işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin gözlənildiyini vurğulayıb. O, bu prosesdə Türkiyə ilə yanaşı, Rumıniya, Macarıstan, Polşa kimi ölkələrdən də dəstək aldığımızı söyləyib.

“Rusiya və Dünya Azərbaycan Qadınları İctimai Birliyi”nin Krım nümayəndəsi Qızqayıt Qədirova, Ukraynanın Kiyev şəhərindən diaspora fəalı, şairə Ətayə Odər Əkbərsoy ekoloji problemlərlə bağlı fikirlərini bölüşüb.

Sonda tədbir iştirakçıları bu istiqamətdə çalışmaların davam etdirilməsinin vacibliyini, Beynəlxalq Həmrəylik Qrupunun 2024-cü ildən etibarən fəaliyyətlərini genişləndirməsinin əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, tədbirdə eyni zamanda AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov, Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri Şəhla İsayeva, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, İordaniya üzrə koordinator, diaspora rəhbəri Zümrüd Dadaşova, Tacikistan-Azərbaycan Cəmiyyətinin sədri Şahəddin Əzimov, Rusiyadan Smolensk Humanitar Universitetinin rektoru, Smolensk vilayəti Milli Konqresinin sədri, İctimai Palatanın üzvü Faiq Əliyev, Rusiyanın Sankt-Peterburq şəhərindən “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Gürcüstandan Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Moskva vilayəti Ruza rayonunda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri Sahib Musayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşları İlahə Hüseynova, Ayan Qulizadə iştirak ediblər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki