“Cənab Prezident qurultayda xaricdəki soydaşlarımızın əməyinə qiymət verən fikirlər söyləməklə hər birimizi ruhlandırdı”
“Bundan öncə Dünya Azərbaycanlılarının 4 Qurultayı keçirilib. Bu Qurultaylar həmrəylik və birliyin möhkəmlənməsi, diasporun yeni fəaliyyət istiqamətlərinin müəyyənləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Dünya Azərbaycanlılarının V Qurultayı öncəki qurultaylardan çox fərqlənir. Bu qurultay bizim üçün daha da önəmlidir. Çünki Vətən müharibəsində dövlətimizin qazandığı şanlı Zəfər bizlərə də unudulmaz sevinc bəxş etdi. Biz artıq qalib ölkənin, qalib xalqın nümayəndəsiyik”. Bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov “Diaspornews.az”a bildirib.
Şahin Məmmədov deyib ki, Zəfər Qurultayında iştirak etməkdən böyük qürur hissi keçirir: “Bu qyrultayın Şuşada keçirilməsi isə bizə ikiqat sevinc bəxş edib. Biz illərdir həsrətində olduğumuz torpaqlara Zəfər Qurultayının iştirakçısı olaraq ayaq basırıq. Bütün bunlar tarixi anlardır. Bizə bu şanlı Zəfəri və sevinci yaşatdığına görə Cənab Prezidentə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığımı bildirirəm”.
O qeyd edib ki, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil olması, vahid bir ideya ətrafında birləşdirilməsi ən vacib amildir: “Ulu öndər Heydər Əliyev öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərək müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdı. Bu siyasətin davamı olaraq xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunmasında 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi əlamətdar hadisə oldu. Bu tədbirdə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin geniş şəkildə müzakirə edilmişdi.
Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu siyasəti bu gün uğurla davam etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün ardıcıl siyasət yeridir.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi dövlətin diaspor quruculuğu siyasətinin əsəs tərkib hissəsidir. Hazırda diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə fəaliyyət Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən layiqli şəkildə həyata keçirilir.
Komitə tərəfindən dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilib. Bu gün qurultayda cənab Prezident xaricdəki soydaşlarımızın əməyinə qiymət verən fikirlər söyləməklə hər birimizi ruhlandırdı. Bundan sonra da çalışıacağıq ki, Azərbaycanın haqq səsinin müdafiəsi ilə bağlı həmrəylik nümayiş etdirək”.