image-2000x150
image-img_20220505_141247backend

Diaspor nümayəndələri Monitorinq Mərkəzində

image-768x150

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində xaricdə yaşayan diaspor nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq ölkədə dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqinin təkmilləşdirilməsi, nüfuzunun yüksəldilməsində ümummilli lider Heydər Əliyevin və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Ana dilimizin diplomatiya aləminə yol açmasını, dünyanın ən mötəbər kürsülərindən səsləndirilməsini qürurverici hal kimi dəyərləndirən S.Əliyeva Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində də Monitorinq Mərkəzinin qarşısında prioritet məsələlərin durduğunu diqqətə çatdırıb. O, xaricdə yaşayan soydaşlarımız tərəfindən dilimiz və mədəniyyətimizin təbliğinə dair keçirilən tədbirləri qiymətləndirməklə müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə əməkdaşlığın zəruriliyindən bəhs edib.
Diaspor nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayındakı iştirakları ilə bağlı unudulmaz təəssüratlarını bölüşərək bu mötəbər tədbirdə müzakirə olunan məsələlər, Azərbaycan diasporu qarşısında qoyulan yeni məqsəd və vəzifələrdən söz açıblar.
Tədbirdə Seymur Nəsirov Misirdə Azərbaycan dilinə böyük maraq olduğunu, 1150-dən çox tələbənin Azərbaycan dilinə yiyələndiyini bildirib. O, xaricdə Azərbaycan dilinin tədrisi prosesini daha da təkmilləşdirmək məqsədilə əcnəbilər üçün Azərbaycan dili proqramlarının hazırlanması, müxtəlif tədris səviyyələri üzrə xüsusi dərsliklərin nəşr olunması, əcnəbi tələbələrin müvafiq ədəbiyyatla təmin edilməsi, yay məktəblərinin yaradılması, Monitorinq Mərkəzi tərəfindən onlayn dərs və təlimlərin təşkili kimi praktik təkliflərlə çıxış ediblər.
Azərbaycan dilinin tədrisi ilə bağlı mövcud çətinliklərdən danışan Minəvvər Vahabova xüsusi mərkəzlərin yaradılmasının, uşaqların ana dilini daha dərindən mənimsəmələri üçün həftəsonu məktəblərinin fəaliyyətinə dəstək verilməsinin əhəmiyyətini vurğulayıb.
Aparılan müzakirələrin yekunu olaraq xaricdəki mərkəz və cəmiyyətlərin fəaliyyətləri yaxından öyrənilməklə Azərbaycan dilinin dünya miqyasında nüfuzunun yüksəldilməsi və tətbiqi istiqamətində görüləcək vəzifələr müəyyənləşdirilib.
Tədbirdə, həmçinin Pakistan – Rumıniya Dost Cəmiyyətinin sədri Şəhla İsayeva, Londonda fəaliyyət göstərən Azərbaycan Qadınlar Klubunun sədri Sevil Aslanova və mərkəzin əməkdaşları iştirak ediblər.

image-img_20220505_141208

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki