Elxan İsazadə: “…bizə düşmənçilik etmək istəyənlərin ola biləcəyini diqqətdən kənarda qoymamalıyıq”
Xəbər verildiyi kimi, bu günlərdə Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Azərbaycan–Hollandiya Həmrəylik Cəmiyyətində növbəti seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən, Benilüks Azərbaycanlıları Konqresinin “Vətənpərvərlik və milli-mənəvi şüurun təbliğatı” üzrə departament rəhbəri Elxan İsazadə təşkilatın yeni sədri seçilib. Elxan İsazadə Azərbaycan–Hollandiya Həmrəylik Cəmiyyətinin perspektiv fəaliyyəti ilə bağlı saytmıza özəl olaraq müsahibə verib.
-Elxan müəllim, öncəliklə, yenidən Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri seçilməyiniz münasibəti ilə sizi təbrik edirik. Yeni sədrliklə bağlı təəssüratlarınızı bilmək istərdik…
-Öncə, təbrikiniz, diqqətiniz üçün sizə təşəkkür edirəm. Vətəndən kənarda olanda vətəndən göstərilmiş diqqət bizim üçün çox xoş olur. O zaman bir daha əmin olursan ki, fəaliyyətin boşuna deyil. Qaldı ki, yeni sədrliklə baglı təəssüratlarıma, qeyd edim ki, mən sədr olmadığım vaxtlarda da diaspordakı fəaliyyətimə davam edirdim. O zaman məsuliyyətim ancaq fərdi məsuliyyət idisə, sədr kimi məsuliyyətim daha da çox olacaq. Çalışacam ki, bu məsuliyyətli işdə diaspor fəaliyyətinə mümkün qədər çox qatqımız olsun, təbii ki, həm də təşkilat kimi.
-Artıq qalib ölkənin və xalqın diasporunu təmsil edirsiniz. Bu hissləri necə ifadə edərdiniz?
-Əlbətdə ki, dövlət, xalq olaraq qalib olmağımızı bilmək başqa bir hissdir. Bu hissləri sözlə ifadə etmək o qədər də asan deyil. Daha qürurlu, daha özgüvənli olursan. Bu da ki, şübhəsiz ki, fəaliyyətimizdə də özünü göstərir.
-Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin fəaliyyət strukturunda hər hansı dəyişiklik etmək fikriniz varmı?
-Bunu irəliləyən zamanda görəcəyik. Ehtiyac olmadığı vaxtda dəyişikliyə lüzum da yoxdur. Əgər təşkilatın fəaliyyəti, ümumi mənafe naminə dəyişikliyə ehtiyac olarsa, bunu təşkilatdakı soydaşlarımızla birlikdə edəcəyik. Ehtiyac olmazsa, etməyəcəyik. Bu barədə hələlik bir söz demək istəməzdim.
-İllər öncə sizinlə müsahibəmizdə diasporumuzun bütövləşməsi, birgə irəliləməsi ilə bağlı ümidlərinizi qeyd etmişdiniz…Maraqlıdır, diasporumuzda bu baxımdan hər hansı irəliləyiş, nailiyyət varmı?
-Məsələn, 44 günlük Vətən müharibəsi dövründə, necə deyərlər, hər kəs həmrəy idi. Hamı bir nəfər kimi qələbə arzulamalı, bu istiqamətdə bacardığı işi görməli idi və fikrimcə, görürdü də. Qaldı ki ümidlərə, insan həmişə daha yaxşı olmasına ümid edir və mən də eyni zamanda, daha da yaxşı olacağına ümid edirəm.
-Perspektivdə, əsasən hansı mözvuda tədbirlərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulub?
-Biz artıq torpaqlarımızı geri almışıq. Artıq mədəniyyətimizi, musiqimizi və s. daha da qürurla təbliğ edə bilərik. Əlbətdə ki, bizə düşmənçilik etmək istəyənlərin ola biləcəyini diqqətdən kənarda qoymamalıyıq. Bununla yanaşı isə digər sahələrdə də fəaliyyətimizi gücləndirməliyik. Artıq diasporda ikinci nəsil yetişir. Onların ölkəmizə, adət-ənənələrimizə bağlı qalmasına çalışmalıyıq. Bu və digər bu kimi istiqamətlərdə fəaliyyətimiz üçün bir çox fikirlərimiz var. Bunları təşkilatdakı dostlarla müzakirə edib həyata keçirməyə çalışacağıq.
Fuad Hüseynzadə
Diaspornews.az




























