Son vaxtlar Ukraynadakı diaspor təşkilatımızın fəaliyyətilə bağlı ziddiyyətli məlumatlar yayılır.
Maraqlıdır, bu ölkədə yaşayan soydaşlarımız ümummili məsələlərdə niyə bir araya gəlməyə çətinlik çəkirlər? Problemin kökündə nə dayanır? Diasporla İş üzrə Dövlət Komitəsi məsələdən xəbərdardırmı? Problemi həll etmək üçün hansı addımlar atılır?
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov deyib ki, Ukrayna Azərbaycanlıları Radasının yaradılmasında əsas məqsəd Ukraynadakı Azərbaycan diasporunun birləşməsinə və möhkəmlənməsinə kömək etməkdən ibarətdir:
“Məlum olduğu kimi, 2019-cu il aprel ayının 14-də Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə Ukraynanın Kiyev şəhərində üç böyük Azərbaycan diaspor təşkilatının birləşməsi yolu ilə Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirildi. Ukrayna Azərbaycanlıları Radasının yaradılmasında məqsəd Ukrayna ilə Azərbaycan arasında beynəlxalq-işgüzar, siyasi-iqtisadi, elmi əlaqələrin inkişafını təşviq etmək və onlarının üzvlərinin qanuni, sosial, milli, ümumi maraqlarını qorumaq idi. Bununla yanaşı, Ukraynada Azərbaycan icmasının əməkdaşlığını təmin etmək, milli diasporun birləşməsinə və möhkəmlənməsinə kömək etmək əsas prioritet idi. Ukrayna Azərbaycanlıları Radası Azərbaycan xalqının milli, mədəni əlaqələrini dirçəltmək, qorumaq, bununla yanaşı, Ukrayna və Azərbaycan arasında mədəni, iqtisadi əlaqələri daha da inkişaf etdirmək, Ukraynada yaşayan azərbaycanlıların hüquq və mənafeylərini qorumaq üçün fəaliyyətə başladı. Fəaliyyət dövründə təşkilat qarşıya qoyulan məqsəd və vəzifələrə nail oldu”.
Tural Səfərovun sözlərinə görə, Vətən müharibəsi dövründə Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri arasında birliyin pozulması müşahidə olunmadı:
“Pandemiya dövründə hava əlaqəsi kəsildi. Çoxlu sayda Azərbaycan vətəndaşı Ukraynada qalmağa məcbur oldu. Onların gündəlik ərzaq və digər yaşayış-iaşə tələbatları Ukrayna Azərbaycanlıları Radasının mərkəzi ofisində yaradılmış qərargah tərəfindən təmin olundu. Diaspor komitəsinin də böyük dəstəyi oldu. Həm Kiyev şəhərində, həm Ukraynanın digər regionlarında həmin regional bölmələr, təşkilatlar vasitəsilə həmyerlilərimizə yardım olundu.
Bununla yanaşı, Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə müvafiq bəyanatların ünvanlanması və digər fəaliyyətləri də oldu.
Lakin bəzi qüvvəllərin qeyri-konstruktiv mövqe sərgiləməsi və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində çıxışları belə bir fon yaradır ki, Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri arasında birliyin pozulması müşahidə olunur. Lakin qeyd etmək olar ki, həm ötən ilin dekabr ayında Diasporla iş üzrə Dövlət Komitəsinin iştirakı ilə Odessa, həm də Kiyev şəhərlərində azərbaycanlılarla görüş keçirildi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu. Həmin o qeyri-konstruktiv mövqe sərgiləyən diaspor nümayəndələrimiz də, tədbirə dəvət olunmalarına baxmayaraq, bir çoxları iştirak etməkdən yayındı. Lakin komitə tərəfindən həmin şəxslərə də dəvət göndərildi. Onların da tədbirdə iştirakı üçün fəaliyyət aparıldı”.
T.Səfərov qeyd edib ki, Ukraynada Azərbyacan diaspor təşkilatlarının birliyi üçün yeni addımların atılması planlaşdırılır:
“Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Ukraynada Azərbaycan diasporunun fəaliyyəti tərəfimizdən diqqətlə izlənilir və koordinasiya olunur. Bu yaxınlarda Ukrayna Azərbaycanlıları Radasının ikinci hesabat seçki qurultayının keçirilməsi üçün tərəfimizdən işlər aparılır. Və həmin qurultayda önəmli qərarların verilməsi gözlənilir. Yenə də Ukraynada fəaliyyət göstərən Azərbyacan diaspor nümayəndələrinin, o cümlədən diaspor təşkilatlarının birliyi üçün yeni addımların atılması tərəfimizdən planlaşdırılır”.
Komitə rəsmisi vurğulayıb ki, post-müharibə dövründə Ukrayna Ali Radasının 12 nəfərə yaxın deputatı DİDK-nin dəvəti ilə Azərbaycanda olub: “Ukraynalı deputatlar Ağdama səfər edib, Gəncədə ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüblər. Erməni vandalizminin dünyaya çatdırılmasında bu cür səfərlərin əhəmiyyəti böyükdür”.
Yenisabah.az