image-2000x150
image-16447455944436556263_750x500backend

Dnepr meri Azərbaycan diasporu ilə Novruz bayramı şənliyi keçirməyi təklif edib

image-768x150

Azərbaycan Ukraynanın çətin dönəmində əsl dost olduğunu bir daha sübut etdi. Bəzi Qərb ölkələri diplomatlarını geri çağırdığı halda, Azərbaycan diplomatları ölkənin şərq hissəsinə gələrək çox böyük mədəni tədbirlər keçirirlər.
“Diaspornews.az” xəbər verir ki, bunu Dnepr şəhərinin meri Boris Filatov Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovla görüşü zamanı söyləyib.
Mer bildirib: “Ukraynanın çətin dönəmində türk dostlarımızın Dneprə gələrək böyük mədəni tədbirlər keçirməsi təqdirəlayiq hadisədir”.
Boris Filatov dəstəyə görə, səfirə, Düsen Kaseinova və Dneprdə mədəni tədbirlərin təşkilində yaxından iştirak edən Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədova xüsusi təşəkkürünü bildirib.
“Meriya Azərbaycan diasporu ilə birgə layihələr həyata keçirir. Mən martın sonlarında diaspor ilə birgə Dneprin baş meydanında Novruz bayramı şənliklərinin keçirilməsini təklif edirəm”, – deyə Boris Filatov əlavə edib.
Səfir Elmira Axundova öz növbəsində yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətindən danışaraq, imzalanan sənədlərin iki dövlət arasında əməkdaşlığın inkişafında yeni səhifə açdığını vurğulayıb. Onun sözlərinə görə, SOCAR Dnepr şəhərində fəaliyyətini genişləndirir. Yeni yanacaqdoldurma məntəqəsinin açılması istiqamətində işlər aparılır.
Dnepr şəhərinə ilk dəfə gəldiyini deyən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib: “İndiki dönəmdə mədəniyyətlərarası əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Ukraynanın çətin dönəmində ölkədə beynəlxalq mədəni tədbirlər keçirilməlidir”.
Merin Novruz şənlikləri ilə bağlı təklifini yüksək dəyərləndirən Düsen Kaseinov vurğulayıb ki, bu tədbirlərdə türkdilli ölkələrin yaradıcı heyətləri də iştirak edəcək.
Qeyd edək ki, görüşdə Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov, Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, səfirliyin ikinci katibi Samir Allahverdiyev də iştirak ediblər.

image-16447455945902135140_750x500

image-16447455943290211696_750x500

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki