“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və Yunanıstanın Saloniki şəhərində yaşayan həmvətənlərimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə görüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri Anar Hüseynov və konsulu Qafqaz Aslansoy da qatılıb. Tədbiri açıq elan edən Cəmiyyətin sədri Rəşid Məmmədov işğaldan azad olunmuş ərazilərimizdə Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində ekoloqların keçirdiyi aksiya barədə məlumat verib və aksiyanı dəstəklədiyini Cəmiyyət adından bəyan edib, ekoloji terrora son qoyulmasını tələb edib.
Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov çıxış edərək, Azərbaycan və Yunanıstan əlaqələrinin inkişafı barədə iştirakçılara məlumat verib.
Konsul Qafqaz Aslansoy həmvətənlərimizin sənədlərində yaşanan problemləri müzakirə edib və lazım olan yardımları göstərib.
Görüşün sonunda Rəşid Məmmədov qeyd edib ki, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir.
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”, – deyə sədr bildirib.