44 günlük Vətən müharibəsində Ermənistan yenə də Azərbaycanda mülki şəxləri, uşaqları qətlə yetirməkdə davam etdi. Ermənistan bu təcavüzkar siyasəti və anti-humanist hərəkətləri ilə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini növbəti dəfə sübut etdi. Rəşadətli Azərbaycan ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu. Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini intensiv atəşə tuturdu. Bütün bunlar dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə baş vermişdi. Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Qeyd olunub ki, 44 gün ərzində düşmən tərəfinin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı qətliamlar edilib. Xüsusən 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakıda erməni daşnakları xalqımıza qarşı soyqırımı törədilib. Erməni silahlı dəstələri azərbaycanlıları qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərsini soyur, lüt kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarnını yarıb körpələri nizəyə keçirirdilər. Rəsmi mənbələrə əsasən bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşüb. Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdülər. Ermənilər qondarma Qarabağ problemini ortaya atmaqla azərbaycanlılara qarşı kütləvi şəkildə qırğınlar törədib şəhər və kəndlərimizi, maddi-mədəniyyət abidələrimizi dağıtdılar. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Eyni zamanda, işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Təcəvüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid oldu, 50 min nəfərdən artıq vətəndaşımız yaralandı, minlərlə yaşayış məntəqəsi dağıdıldı, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Atəşkəs dövründə belə, ermənilərin Azərbaycanda mülki əhalini, o cümlədən uşaqları qətlə yetirməsi faktları qeydə alınmışdı.
Bu azmış kimi hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib haqlı çıxarmaq istəyirlər. Ermənistanın Azərbaycanla sərhəddə 13 sentyabr təxribatlarından sonra dünya erməni lobbisi anti-Azərbaycan fəaliyyətini daha da fəallaşıdırıb. Azərbaycan haqqında dezinformasiyalar yayan erməni lobbisi hər zamanki kimi Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəhbərliyi ilə beynəlxalq aləmdə Azərbaycanı təzavüzkar ölkə kimi göstərməyə çalışırlar. Erməni lobbisi sentyabrın 13-də çevik şəkildə öncə dünyanın tanınmış media orqanlarına dezinformasiyalar sızdırdılar. Eyni zamanda erməni lobbisi bu qarayaxma kampaniyalarını sosial şəbəkə üzərindən də aktiv şəkildə aparırlar. Ermənilər son zamanlar Azərbaycan hərbiçilərinin döyüş səhnələrindən ibarət “fake” videolar hazırlayıb ölkəmizə qarşı anti-təbliğat edirlər. Guya Azərbaycan hərbiçiləri erməni əsirlərinə atəş açır. Hansı ki, yaxın məsəfadən belə kütləvi atəşin açılması mümkün deyil. Əks təqdirdə, güllə əsgərlərin özünə qayıdıb dəyə bilər. Bu da videonun “fake” olmasının əsas sübutlarından biridir. Belə “fake” videolarla ermənilər dünya əhalisini aldada bilməzlər. Bu vaxta kimi erməni vəhşiliklərini nümayiş etdirən elə özləri tərəfindən yüzlərlə videolar çəkilib. Erməni silahlıları artıq o dərcədə vəhşiləşib ki, meyitləri belə, təhqir etməkdən çəkinmir və bunu videoçəkiliş apararaq paylaşırlar. Bu, bütün beynəlxalq konvensiyalara və müharibə aparmaq qaydalarına ziddir. İnsanlıq prinsiplərinin kobud şəkildə pozulmasıdır. Nə qədər çalışalara da ermənilər özlərinin vandal hərəkətlərini ört-basdır edə bilməzlər. Beynəlxalq birlik erməni yalanlarını və vandalizmini görməli və öz etirazını bildirməlidir.
Fuad Hüseynzadə