Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa RF Arxangelsk vilayətində Azərbaycan Diasporu Regional İctimai Təşkilatına uzun müddət uğurla rəhbərlik etmiş tanınmış ictimai xadim Tərlan Qasımovla görüşüb.
Diaspornews.az xəbər verir ki, görüş zamanı Arxangelskdə Azərbaycan diasporunun həyata keçirdiyi fəaliyyətlər, təşkilatın nəşrləri, mədəni-maarif layihələri, eləcə də Arxangelsk ilə Azərbaycanın ayrı-ayrı bölgələri arasında formalaşmış əlaqələrin, habelə ictimai qurumlar arasında mövcud olmuş əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Diaspor quruculuğunun strateji önəmi, xaricdə yaşayan soydaşlarımızın milli kimliyin qorunması və təbliği istiqamətində gördüyü işlər xüsusi vurğulanıb.
Söhbət zamanı ümumilikdə diaspor fəaliyyəti sahəsində qarşıya çıxan çağırışlar, təşkilatlanma məsələləri və dövlət–diaspor əməkdaşlığının perspektivləri barədə faydalı bilgi alış-verişi olub. Eyni zamanda, Tərlan Qasımovun Rusiya vətəndaşlığından məhrum edilməsi ilə bağlı yaranmış vəziyyət və bundan sonrakı fəaliyyətini ölkəmizdə davam etdirməsi məsələləri də müzakirə edilib.
Görüşün sonunda Tərlan Qasımov rəhbərlik etdiyi diaspor təşkilatının xətti ilə nəşr olunmuş müxtəlif kitabları komitə sədrinə təqdim edib. Komitə sədri isə öz növbəsində ötən il gün üzü görmüş üçcildliyini Tərlan Qasımova hədiyyə edib.






























