image-2000x150
image-img_4461backend

Fərqanədə “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert proqramı keçirilib

image-768x150

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində Fərqanə Dövlət Universitetində geniş bədii konsert proqramı təqdim olunub.

Fərqanə Dövlət Universitetinin rektoru Bahodirjon Şerməhəmmədov çıxışında bildirib ki, Azərbaycan hər zaman Özbəkistan xalqına mənəvi cəhətdən yaxın olmuş, onun mədəniyyəti, ədəbiyyatı və sənəti ölkədə böyük maraqla qarşılanmışdır. Rektor vurğulayıb ki, iki xalq arasındakı dərin humanitar bağlar bu gün də möhkəmlənməkdədir və bu kimi tədbirlər tələbələrin bir-birinin mədəni irsini daha dərindən öyrənməsinə şərait yaradır. O əlavə edib ki, belə təşəbbüslər gənclər arasında qarşılıqlı hörmət və mədəni yaxınlaşmanı daha da gücləndirir.

Akif Mariflinin sözlərinə görə, Azərbaycan və Özbəkistan prezidentlərinin uzaqgörən siyasəti nəticəsində yaranan və möhkəmlənən müttəfiqlik humanitar əlaqələrin inkişafına geniş imkanlar açır və həyata keçirilən mədəni layihələr bu strateji tərəfdaşlığın ardıcıl davamını təşkil edir. O əlavə edib ki, tədbirin Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunması xüsusi rəmzi məna daşıyır. Direktorun sözlərinə görə, B.Vahabzadənin zəngin poetik irsi Azərbaycan ədəbiyyatının və bütöv türk dünyasının mənəvi xəzinəsinin mühüm hissəsidir və ortaq dəyərlərin yaşadılmasına xidmət edir.

Konsert proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Orxan Cəlilov və Rəvanə Əmiraslanlının yüksək məharətlə təqdim etdikləri vokal ifalarla açılıb. Hər iki sənətçi Azərbaycan musiqisinin melodik dərinliyini, klassik vokal məktəbinin gücünü və səhnə mədəniyyətini auditoriyaya böyük ustalıqla çatdırıb. Solistlərin çıxışları zalda xüsusi emosional ovqat yaradaraq konsertin bədii xəttinə güclü başlanğıc verib və dinləyicilər tərəfindən səmimi alqışlarla qarşılanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr truppası da zəngin bir proqramla çıxış edib. Truppa Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərinə müraciət edərək bu klassik operettanın müxtəlif məqamlarını səhnədə canlandırıb. Ardınca kollektivi “Qayınana” tamaşasına aid bir-birini tamamlayan müxtəlif məqamların bədii təqdimatı izləyicilərə təqdim olunub. Teatr çıxışları həm milli səhnə ənənəsinin yumor, dinamika və koloritini, həm də azərbaycanlı səhnə ustalarının təbii ifadə tərzini tamaşaçıların diqqətinə çatdırıb və zalda böyük maraq oyadıb.

Konsertin proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” rəqs ansamblı da maraqlı təqdimat verib. Ansambl milli rəqs sənətinin özünəməxsus hərəkət plastikasını, ritm zənginliyini və obrazlılığını nümayiş etdirərək səhnəyə xüsusi dinamika gətirib. Rəqs ifaları kompozisiya bütövlüyü, estetik təqdimat və milli çalarların harmoniyası ilə seçilərək tədbir iştirakçıları tərəfindən gur alqışlarla qarşılanıb.

Azərbaycan musiqisinin, teatrının və rəqs incəsənətinin təqdim edildiyi bu proqram Fərqanə ictimaiyyətində yüksək mədəni təəssürat yaradaraq “Azərbaycan sənət və ədəbiyyat günləri”nin ən parlaq bədii hadisələrindən birinə çevrilib.

image-img_4462 image-img_4465 image-img_4464 image-img_4466 image-img_4463

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki