Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsini həyata keçirəcək. Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin saytımıza verdiyi məlimata görə layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial adaptasiyasına yardım etməkdir.
Sevda Tahirli deyib ki, 3 ay icra olunacaq layihə çərçivəsində 50 nəfərə psixoloji yardım göstəriləcək. “Seans müddəti ən azı bir saat olmaqla hər birinə beş seans psixoloji yardımın göstərilməsi nəzərdə tutulub”,-deyə o əlavə edib.
Sevda Tahirli bildirib ki, layihə çərçivəsində kiçik qruplarda kollektiv görüşlər də təşkil ediləcək: “Layihə müharibə veteranlarını əhatə etdiyi üçün onların iştirakı ilə karantin qaydalarının tətbiqi qaydalarına uyğun olaraq kiçik qruplarda görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə müharibə veteranlarının keçdiyi şanlı döyüş yolu ilə bağlı müzakirələr aparılacaq və onların xatirələri dinləniləcək. Bu da öz növbəsində onların əhval-ruhiyyəsinin daha da yüksəlməsinə xidmət edəcəkdir”.