image-2000x150
image-fotojet-2022-12-07t134122-639backend

Hikmət Cavad: “Hakimin Misir və Sübhanı 8 il müddətinə azadlıqdan məhrum etməsi bizi şoka saldı”

image-768x150

“Hakim hamımızı təəccübləndirən qərar qəbul edərək Misir və Sübhanı 8 il müddətinə azadlıqdan məhrum etdi”.

Bu sözləri Ukraynada mühakimə edilən Misir Qasımlı və Sübhan Quliyevə hökm oxunması ilə bağlı Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad deyib.

“Qərar bizim üçün gözlənilməz idi. Çünki bu proseslərə altı aydan çoxdur ki, diaspor təşkilatı qoşulub. Bu altı ay ərzində 30-dan çox məhkəmə prosesi keçirilib. Onların hamısında diaspor nümayəndələri iştirak ediblər. Bundan başqa, Misir və Sübhan vəkil və tərcüməçi ilə təmin ediliblər. Bu 30 iclasda iştirak edən diaspor nümayəndələri, başda özüm olmaqla, Misir və Sübhana rəsmi şəkildə zamin durublar. Eləcə də təşkilatımız hüquqi şəxs olaraq zamin durub ki, onu azadlığa buraxsınlar. Amma Misirə qarşı açılan cinayət işi ağır hesab olunduğundan onun zaminə buraxılma işi reallaşmadı”, – deyə UABD sədri qeyd edib.

O həmçinin bildirib ki, Misirə qarşı üç ağır maddə üzrə cinayət işi açılıb.

“Bunlar adam oğurluğu, quldurluq və qanunsuz silah saxlama maddələri ilə açılan cinayət işləridir. Bu maddələrlə təqsirləndirilən şəxsin zaminliklə azadlığa buraxılması və ya prosesin tez yekunlaşması çox çətindir. Ümumilikdə son altı ayda məhkəmə prosesində zərərçəkən qismində çıxış edən İspaniya vətəndaşı, ərəb əsilli şəxs Ukraynada olmadığı üçün onu yalnız videobağlantı ilə hakimin təkidlərindən sonra məhkəmə iclaslarına qoşdular. Bu məsələlər sıra ilə gedirdi: həm zərərçəkmişin dindirilməsi, həm də şahid ifadələrinin alınması”, – Hikmət Cavad deyib.

H.Cavad qərarla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.

“Əslində, bizim qurmuş olduğumuz müdafiə öz istəyinə çatmışdı. Yəni zərərçəkmişin dindirilməsi zamanı proses bizim xeyrimizə gedirdi. Çünki onun verdiyi məlumatların bəzilərinin yalan olduğu üzə çıxmışdı. Şahid dindirmələrində də proses bizim xeyrimə idi. Hakimin dünən belə bir qərar verməsi bizi şoka saldı. Ancaq vəkillər bu qərarın tam mətnini əldə etdikdən sonra apellyasiya şikayəti veriləcək.

Təşkilatımız və mən sona qədər Misirin yanında olub, onun hüquqlarını qoruyacağıq. Bu məsələ göründüyü kimi bəsit deyil. Sosial şəbəkələr və xəbər saytlarında bununla bağlı müzakirələri oxuduqda başa düşürsən ki, insanlar məsələnin ciddiyyətini bir o qədər də dərk etmirlər. Çox kiçik prizmadan baxırlar ki, qazimiz Ukraynadadır, ona şər atılıb, səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Amma bu belə sadə deyil. Mən düşünürəm ki, biz haqq-ədalətin bərpa olunması üçün əlimizdən gələni edəcəyik. Ortada erməni izi də var. Bu, sırf zərərçəkmişin ifadə verdiyi zaman tərcüməçinin erməni olmağı ilə bağlıdır. Bunu da bilirik və üzərində işləyirik. Düşünürəm ki, apellyasiya məhkəməsində qərar tam başqa ola bilər.

Onu da demək istəyirəm ki, Misirin Qarabağ qazisi olması bizim üçün həssas mövzu olsa da, Ukrayna məhkəməsinin hakimi üçün bu belə deyil”.

Qeyd edək ki, Hikmət Cavad məhkəmə proseslərinə qatılaraq, diaspor sədri kimi çıxış edib, prosesdən öncə hakimlə görüşüb.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki