27 sentyabrda İstanbul şəhərində fəaliyyət göstərən Halkalı Fən Bilimləri Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Qarabağ Vətən Müharibəsi şəhidlərinin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbiri Halkalı Fən Bilimləri Mərkəzinin rəhbəri Tanər KORHAN açıq elan edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra şəhidlərin ruhuna Qurani-Kərimdən dualar oxunub.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin AK Parti millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri hörmətli Şamil AYRIM, MHP Kiçikçəkməcə rayon təşkilatının rəhbəri Əkrəm SARISOY, Türk DEGS Mərkəzinin hərbi eksperti, ehtiyatda olan polkovnik, qazi Akif QASIMOV, Qızıl Ay Kiçikçəkməcə təşkilatının rəhbəri Doğan ŞEYDA, ASİMDER Marmara bölgə başqanı Ali GÜLBƏY, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, Halkalı Fən Bilimləri Mərkəzinin şagirdləri və digər dəvətli qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik, qazi Akif QASIMOV iştirakçıları salamlayaraq Azərbaycan və Türkiyə xalqları arasında tarixən mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Çanaqqala müharibəsindən Sakarya Meydan Müharibəsi və Böyük Taarruza, Qafqaz İslam Ordusunun Bakının azad olunması əməliyyatında iştirakına qədər Azərbaycan və Türkiyə hərbçilərinin birgə mübarizə tarixindən bəhs edib.
Akif QASIMOV 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin Azərbaycan xalqının və Ordusunun birgə mübarizəsinin nəticəsi olduğunu qeyd edib. O, həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham ƏLİYEVİN rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və xalqın həmrəyliyinin Zəfərin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Çıxışında Qarabağın işğalı dövründə Azərbaycanın 23 113 şəhid verdiyini diqqətə çatdırıb.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin AK Parti millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil AYRIM çıxış edib. O, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bildirərək, bu dostluğu pozmağa yönəlmiş cəhdlərin nəticəsiz qalacağını qeyd edib.
Şamil AYRIM Qarabağ Zəfərinin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan Ordusunun yüksək döyüş ruhunun mühüm rol oynadığını vurğulayıb.
Millət vəkili hazırda Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, yeni şəhərlərin salınması, yolların və infrastrukturun yenilənməsi, eləcə də ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Çıxışının sonunda xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən parçalar söyləyərək şəhidlərin ruhuna dualar edib, qazilərə can sağlığı arzulayıb.
Tədbirdə MHP Kiçikçəkməcə rayon təşkilatının rəhbəri Əkrəm SARISOY da çıxış edib. O, Qarabağın 1990-cı illərdə işğal altında olduğu dövrdə torpaqların azad olunacağı günü böyük arzu ilə gözlədiyini bildirib. Bu gün həmin arzunun Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin mübarizəsi nəticəsində gerçəkləşdiyini vurğulayıb.
Kiçikçəkməcə Qızıl Ay təşkilatının rəhbəri Doğan ŞEYDA Vətən müharibəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyib, Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan əbədi qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə müəllimə Elnarə Fətullayeva Qarabağ müharibəsində qəhrəmanlıq göstərən qaziləri və şəhid analarını örnək göstərərək, tədbir iştirakçıları adından onlara minnətdarlığını bildirib.
Tədbirin sonunda Halkalı Fən Bilimləri Mərkəzinin şagirdi Muhammet KORHAN şəhidlərin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış edib.
Tədbirin keçirilməsində və Azərbaycan-Türkiyə xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi davamlı fəaliyyətə görə Halkalı Fən Bilimləri Mərkəzinin rəhbəri Tanər KORHAN hocaya bir daha təşəkkürümüzü bildiririk.






























